On ildən sonra ilk dəfə... Talatümlü gələcək, neft hegemonlarının maliyyə qıtlığı – HESABAT
Bizi izləyin

Hesabat

On ildən sonra ilk dəfə... Talatümlü gələcək, neft hegemonlarının maliyyə qıtlığı – HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı üçün sabit keçdi. ABŞ Mərkəzi Bankının (FED) aprel ayında faiz dərəcəsini artıracağı yenidən gündəmə gəldi. İngiltərə Avropa Birliyindən ayrılacağı təqdirdə zərərini hesabladı. Yaponiya qiymətləri yenə artıra bilmədi. Beynəlxalq kredit reytinqi agentliyi “Moody's” neftin qiymətinin ucuz olması nəticəsində Körfəz Əməkdaşlıq Şurası ölkələrində iqtisadi artımın ləngiyəcəyinə və büdcə kəsirinin artacağına dair xəbərdarlıq etdi. Neft İxrac Edən Ölkələr Birliyinin aprelin 17-də keçiriləcək iclasına təşkilata üzv olmayan dövlətlər də dəvət olundu.

Başlayaq FED-dən. FED təxminən on il sonra ilk dəfə dekabr ayında faiz artımına getdikdən sonra ikinci dəfə faizi nə vaxt artırmaq istiqamətində müzakirələr aparır. Bankın yetkilisi Ceyms Bullard növbəti faiz artımının uzaqda olmadığını bildirib. Qeyd edib ki, iqtisadiyyatın gözlənildiyi kimi inkişafı, növbəti faiz artırımının çox uzaqda olmadığını göstərir. Məlum olub ki, bank "çox yavaş" faiz artımına hazırlaşır.

Bir qrup analitik ABŞ Mərkəzi Bankının apreldə, digər qrup isə iyunda faizlərin artıracağını proqnozlaşdırır. Xatırladaq ki, ABŞ dünya iqtisadiyyatında yavaşlama və ilin əvvəlində bazarlarda baş verən təlatümü əsas göstərərək mart ayında keçirilən toplantısında faizləri sabit saxladı.

Avropa Mərkəzi bankı isə pul siyasəti tədbirlərinə baxmayaraq, inflyasiyanı 2 faiz səviyyəsinə çəkməkdə müvəffəqiyyətsizdir. Bank pul siyasətinin yumşaldılması çərçivəsində dövlət təhvil bazarının 25 faizini hakim ola bilər. “Citigroup”, “HSBC Holdings” və “Commerzbank” iqtisadçılarının hesabatlarına əsasən Avropa Mərkəzi Bankının aşağı inflyasiya ilə mübarizədə istiqraz alışı siyasətini dərinləşdirəcək. Bank istiqraz bazarının 22-25 faizinə hakim olacaq. Bu arada bildirək ki, Avropa Mərkəzi Bankı aprel ayından etibarən aktiv alışını aylıq 20 milyon avro artıraraq 80 milyon avroya yüksəltməyi planlaşdırır.

İngiltərədən də xəbər var. İyunda keçiriləcək referendumda Avropa Birliyindən ayrılarsa ölkə iqtisadiyyatının xərci 127 milyard avroya çatacaq. İngiltərə Sənaye Konfederasiyasının apardığı araşdırmanın nəticələrinə görə, bu da ümumi daxili məhsulun 5 faizinə bərabər olacaq. Bu xərc nəticəsində işsizliyin 2-3 faiz nisbətində yüksələcəyi, 950 min adamın işsiz qalacağı gözlənilir.

Beynəlxalq kredit reytinqi agentliyi “Moody's” neftin qiymətinin ucuz olması nəticəsində Körfəz Əməkdaşlıq Şurası (GCC) ölkələrində iqtisadi artımın ləngiyəcəyinə və büdcə kəsirinin artacağına dair xəbərdarlıq edib. Agentliyin hazırladığıı hesabatda, GCC ölkələrinin aşağı qiymətlər səbəbindən xərcləmələrində məhdudlaşdırmalara gedəcəyi və əlavə gəlir qaynaqları əldə etmək üçün yeni iqtisadi tədbirlər həyata keçirməyə hazırlaşdıqları bildirilib. Qeyd edilib ki, dövlət xərclərinin aşağı olması bu il GCC ölkələrinin iqtisadi artımı üzərində təzyiq yaradacaq. Hesabatda, GCC ölkələrinin büdcə kəsirlərinin ümumi daxili məhsula nisbətinin keçən il 9% olduğu, bu il isə 12,5%-ə yüksələcəyi qeyd edilib. Bundan başqa, “Moody's” Səudiyyə Ərəbistanı, Bəhreyn və Omanda maliyyə çatışmazlığının Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Küveyt ilə müqayisədə daha sürətli olacağını təxmin etdiyini bildirib.

GCC ölkələri arasında xarici borclanmanın da ən çox Səudiyyə Ərəbistanı, Bəhreyn və Omanda artacağını vurğulayan “Moody's” bu ölkələrdə dövlət borcunun müvafiq olaraq 35, 18 və 15 faiz təşkil edəcəyini vurğulayıb. “Moody's” digər üç ölkədə isə bu nisbətin 11-13 faiz arasında artım göstərəcəyini qeyd edib.

İlin əvvəlində neftin qiymətinə dair proqnozlarını aşağı salan agentlik 2016-da qiymətlərin orta hesabla 33 dollar, 2017-də isə orta hesabla 38 dollar olacağını bildirib.

İnflyasiyanın 10 aydır sıfır səviyyəsində olduğu Yaponiyada qiymətlər fevral ayında da yüksəlmədi. Bu vəziyyət iqtisadiyyatın Yaponiya Mərkəzi Bankının (BOJ) 2 faiz olan inflyasiya hədəfindən uzaqda olduğunu göstərir. Enerji və ərzaq qiymətləri nəzərə alınmadıqda istehlakçı qiymətləri ötən ilin eyni dövrünə nisbətən 0.8% artıb. Mərkəz Bankın yanvar ayında mənfi faiz siyasətinə keçməsinə və hazırda təşviq proqramı tətbiq etməsinə baxmayaraq qiymətlər qalxmır.

Türkiyədə xarici vətəndaşlara mənzil satışı ötən ilin eyni ayı ilə müqayisədə 15,8% artaraq cari ilin fevral ayında 1 585 ədəd olub. Türkiyənin rəsmi statistikası xəbər verir ki, xaricilərə mənzil satışında ilk yeri 555 evlə İstanbul tutub. İstanbulu 328 ev satışı ilə Antaliya, 141 ev satışı ilə Bursa, 93 satışla Sakarya, 90 satışla Yalova və 61 satışla Ankara əvəzləyib.

Fevral ayında İraq vətəndaşları Türkiyədə 365 mənzil satın almaqla xaricilər arasında birinci olublar. İraqı 159 satışla Küveyt, 158-lə Səudiyyə Ərəbistanı, 141-lə Əfqanıstan, 88-lə Rusiya sıralayıb. Azərbaycan vətəndaşları isə 54 mənzil almaqla Rusiyadan sonra 6-cı sırada yer alıblar. Qeyd edək ki, azərbaycanlılar cari ilin ilk 2 ayı ərzində Türkiyədə ümumilikdə 108 mənzil alıblar .

Qeyd edək ki, Türkiyədə mənzil satışı əvvəlki ilin eyni ayı ilə müqayisədə 7% artaraq 101 min 703 ədədə çatıb. Mənzil satışında İstanbul 18 min 142 ədədlə ən yüksək paya(17,8%) sahib olub. Satış sayına görə İstanbulu Ankara və İzmir əvəzləyib. Satışın aşağı olduğu ərazilər isə Ərdahan(3), Şırnak(10) və Hakkari(11) olub.

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) aprelin 17-də keçiriləcək iclasına təşkilata üzv olmayan dövlətlər də dəvət edilib. Qətərin energetika naziri Məhəmməd bin Saleh Əl-Sadanın sözlərinə görə, dünya bazarında neftin qiymətinə dəstək məqsədi ilə hasilatın yanvar ayındakı səviyyədə saxlanılmasına dair razılığın əldə edilməsi üçün Qatar OPEC-ə üzv olan bütün ölkələri, ö cümlədən təşkilata üzv olmayan, əsas neft istehsalçıları olan dövlətləri aprelin 17-də keçiriləcək danışıqlarda iştirak etməyə dəvət edib: “Bu, ötən ay Dohada Qətər, Səudiyyə Ərəbistanı, Rusiya və Venesuela arasında görüşün davamı olaraq keçirilir. Bildiyiniz kimi, bu ölkələr neft hasilatını bu ilin yanvar ayındakı səviyyədə dondurmaqla bağlı təklif irəli sürüblər və digər neft ölkələrini də bu qərara qoşulmağa çağırıblar. Ötən həftə OPEC-ə üzv olan və olmayan, neft hasilatında 73% paya sahib olan 15-ə yaxın ölkə bu qərarı dəstəklədiklərini qeyd ediblər”. OPEC-in iclasına dəvət məktubunda bazarda balansın və dünya iqtisadiyyatının bərpa edilməsinin təcili məsələlərdən olduğu vurğulanıb.

Yeri gəlmişkən, indiyə qədər İraq, Küveyt, Nigeriya, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela və Rusiya OPEC-in iclasına qatılacağını bəyan edib. Əlcəzair, Anqola, Ekvador və İndoneziyanın təşkilatın iclasına qatılacağı gözlənilir. İran, Meksika, Qazaxıstan, Oman, Norveç və Azərbaycan hələlik OPEC-in aprelin 17-də keçiriləcək iclasında iştirak edib-etməyəcəkləri ilə bağlı qərar verməyiblər.

İş dünyası

“Apple” bazara çıxaracağı kiçik ekranlı yeni iPhone ES modeli sayəsində son zamanlarda dünya səviyyəsində yavaşlayan satışlarını artırmağı hədəfləyir. iPhone 6 modelinin dizayn xəttlərinə sahib olacaq Apple A9 prosessorlu yeni modelin 4 düym ekran, 12 meqapiksel arxa kamerası var. “Apple” bu yeni modeliylə dünyada ən çox ağıllı telefonun satıldığı Çin bazarına hücum etmək istəyir.

Fransız avtomobil istehsalçısı “Renault” 10 min 649 ədəd “Zoe” modelini əyləc tərtibatında erkən aşınma riski səbəbindən geri çağıracaq. Şirkətin açıqlamasında deyilir ki, avtomobillər Parisdəki fabrikdə 2012- 2014-cü illər arasında istehsal edilib. Avtomobillərin geri çağrılmasına səbəb olan əyləc sistemindəki problem indiyə qədər hər hansı qəzaya yol açmayıb. Keçən il dünya səviyyəsində 2 milyon 800 min avtomobil satan “Renault” satışlarını əvvəlki ilə nisbətdə 3.3 faiz nisbətində artırıb.

Azərbaycan

Gəldik çıxdıq öz ölkəmizə…

SOCAR Türkiyə şirkəti "Petkim"də sahib olduğu hissə payından 2,75 %-ni blok satış üsulu ilə xarici investisiya fonduna satıb. Şirkətdən deyilib ki, bu bir ticarət əməliyyatı olmaqla, bir neçə il bundan əvvəl daha ucuz qiymətə alınmış hissə sənədlərinin - səhmlərin satışı prosesidir. İndi həyata keçirilmiş bu satış hər bir səhm üzrə təxminən 2,5 dəfə artıq dəyərlə satılaraq ciddi bir mənfəət əldə etməyə imkan yaradıb.

Bu satışdan əldə olunan vəsaitin digər investisiya məqsədləri üçün istifadə ediləcəyi planlaşdırılır. Bu satış "Petkim"in səhmlərinin nəzarət paketinin miqdarına təsir etmir və SOCAR bundan sonra da "Petkim"i effektiv idarə etməkdə davam edəcəkdir.

Xarici investisiya fondu tərəfindən "Petkim" səhmlərinin alınması bu müəssisənin yüksək iqtisadi cəlbediciliyini göstərir.

Yola saldığımız həftə “Cənub Qaz Dəhlizi” QSC tərəfindən buraxılan və Azərbaycan Respublikasının dövlət zəmanəti ilə təmin edilmiş istiqrazlar üzrə Böyük Britaniya və ABŞ-da investorlar üçün keçirilən təqdimatlar uğurla başa çatdı. Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir.

“Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli sərəncamı əsasında yaradılıb və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir. “Cənub Qaz Dəhlizi” QSC tərəfindən buraxılan istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün "Citi Bank", "UniCredit", "JP Morgan" banklarından ibarət sindikat səlahiyyətləndirilib. “Lazard Freres SAS” şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda çıxış edir.

Məndən bu qədər...

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm