Altı yüz qulluqçu ilə 27 mərtəbəlik binada qalan milyarder
Bizi izləyin

Ekopublika.az

Altı yüz qulluqçu ilə 27 mərtəbəlik binada qalan milyarder

Onun 24.2 milyard dolları var. Bir ildə sərvəti 899.7 milyon dollar artıb. Düzdür, bir zamanlar bu rəqəm 63 milyard dollar təşkil edirdi. Lakin onun pulunu yenə də balta kəsmir. Hətta bəzi proqnozlara görə, cari ildə o, dünyanın ən zəngin adamı olacaq. Varidatı nə az, nə çox62 milyard dollara qədər yüksələcək. Söhbət Mukeş Ambanidən gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində “Reliance Industries Ltd”nin səhmdarı Mukeş Ambaninin hekayəsini təqdim edir.

350 dollarla başlayan sərmayədən 66 milyardlıq sərvətədək

Mukeş Ambani 1957-ci ildə Yəmənin Aden şəhərində anadan olub. Atası Dxirubxay Ambani “Reliance Industries” şirkətinin qurucusudur. 2002-ci ildə 60 milyard dollar sərvəti ilə dünya ən varlı adamlarının siyahısında ikinci sırada yer alan bu şəxs – D. Ambani biznesinə cəmi 350 dollarla başlayıb. Belə ki, ilk əvvəl səyyar satıcı olub. Bir qədər gəlir əldə etdikdən sonra əlindəki vəsaiti tekstil sənayesinə yatırır və Əhmədabad zonasında fabrik açır. 1966-cı ildə məşhur “Reliance Industries” şirkətini yaradır və Hindistanın varlı adamlarından birinə çevrilir. İki övlad atası olan D.Ambani oğullarına – Anil və Mukeşə yüksək təhsil verir.

Konkret olaraq, iş adamının haqqında bəhs edəcəyimiz böyük oğlu Mukeş, Bombeyə Universitetdə tətbiqi kimya ixtisası üzrə bakalavr dərəcəsi alır. Daha sonra təhsilini davam etdirmək üçün ABŞ-a gedir. “Stanford Business School”da master dərəcəsinə yiyələnir. Amma atasının xəstəliyi səbəbindən (iş adamı insult keçirmişdi) Mukeş təhsilini yarımçıq buraxib Mumbayiyə qayıdır və “Reliance Industries Ltd”də işə başlayır. Qeyd edək ki, həmin dövrdə şirkət tekstil və lif istehsal edirdi. Lakin Mukeş neft emalı ilə məşğul olmağı daha gəlirli hesab etdiyindən, şirkətin profilini dəyişmək qərarına gəlir. Şirkətdə 50 yeni istehsal müəssisəsi yaradır. Bu da ümumi istehsalı 12 dəfə artırmağa imkan verir. Beləcə “Reliance Industries Ltd“ güclü struktura çevrilir. Artıq 2007-ci ildə şirkətin daxilolmaları 26.07 milyard, gəliri 2.79 milyard, bazar kapitalizasiyası 89.29 milyard dollar təşkil edir. Müqayisə üçün bildirək ki, göstərilən hesabat dövründə Hindistanın dövlət şirkəti “Oil and Natural Gas Corporation” nun daxilolmaları 18,9 milyard dollar, kapitalizasiyası 54,11 milyard dollar olub.

Biznesi

Hazırda Hindistan iqtisadiyyatında önəmli rol oynayan “Reliance Industries Ltd” ölkənin ən bahalı şirkətidir. Belə ki, bazar dəyəri 23 milyard dollar olmaqla bərabər, ölkə iqtisadiyyatının 3,5 faizini təmin edir. Mukeş neft, neft-kimya, təbii qaz və polad sektorunda fəaliyyət göstərən 500 şirkətə sahibdir. Dünyanın ən böyük neftemalı zavodu da ona məxsusdur. Bu zavodda gündəlik 660.000 barrel neft emal edilir.

Bu arada “Reliance Industries Ltd” M.Ambanini biznes aysberqinin bir parçasıdır. Onun biznesinə “Reliance Entertainment” (uşaq kinoteatrı, radiostansiya, kinostudiya, səsyazma studiyası), “Reliance Power” (13 meqavat ümumi gücü olan elektrik stansiyaları), “Reliance Energy” (enerji istehsalı, paylanması) daxildir.

Mukeşin sərvətinə gəlincə, bir zamanlar bu rəqəm 63.2 milyon dollar olub. O, dünyanın ən varlı adamı Bill Qeytsi belə qabaqlayırdı. Lakin 2008-ci ildəki maliyyə böhranı Mukeşin də qazancına təsir etdi. 2009-cu ildə sərvəti 32 milyard, 2010-cu ildə 29 milyard, 2011-ci ildə isə 27 milyard dollara qədər azaldı. 2014-ci ildə isə “Forbes” iş adamının varidatını 24 milyard dollar dəyərində qiymətləndirib.

Yeri gəlmişkən, bir müddət əvvəl Mukeş “BP” ilə partnyor olub. Hindistanın 23 neft blokundakı səhmlərin 30 faizini 7.2 milyard dollara satmaqla birgə müəssisə yaradıblar. Bu müqavilə Hindistan üçün ən böyük xarici investisiya sayılır. İş adamı həmçinin 2010-cu ildə üç Amerika şirkətinin səhmlərini almaq üçün 3.3 milyard dollar xərcləyib.

Ailə daxilində dünya müharibəsi

Atalarının sərvətini bölüşdürmək Mukeş və Anili qardaşları üçün asan olmur. Düzdür, D.Ambani vəfat etdikdən sonra onlar bir müddət ailə sərvətini birgə idarə edirlər. Hətta uğurları Amerikanın “Time” jurnalında “Asiyanın sahibi ailələr” başlığı ilə manşetə də çıxır. Amma bu mehribanlıq uzun çəkmir. Qardaşlar arasında narazılıq yaranır. Anil iş həyatında Mukeşin kölgəsində qalmaqdan bezir. Ailədə 7 ay davam edən müharibəyə bütün ölkə tamaşa edir. Nəticədə qardaşların anası Kokilaben Ambani ailə sərvətini onlar arasında bölüşdürməyi qərara alır. Mukeş özümdə neftkimya, tekstil, enerji sənayelərini, eləcə də “Reliance Industries”un adını özündə saxlayır. Anilə isə “Reliance Capital” (sığorta şirkəti, bank), “Reliance Communications” (Hindistanın ikinci mobil operatoru) verilir. O, biznes yoluna “Reliance Anil Dhirubhai Ambani Group” adı altında davam edir.

Anlaşmaya görə, qardaşlar 10 il boyunca bir-birinə rəqib olacaq heç bir sahəyə investisiya qoymamaq öhdəliyini götürürlər. Yazılanlara inansaq, Mukeş və Anil hazırda küsülüdürlər. Çünki aralarındakı “kim daha varlıdır” davası məhkəməyə qədər gedib çıxıb. Belə ki, Anili qardaşını razılaşmaları pozmaqda, birjalardakı hissələrini dəyərsizləşdirməkdə günahlandıraraq məhkəməyə verib.

27 mərtəbəli evdə yaşayır

Mukeş Ambani Nita Ambani ilə evlidir. Onların 3 uşaqları var: İşa, Anant və Akaş. Nita Ambani xeyriyyəçiliklə məşğul olur. M.Ambani pulunun çoxluğundan özünə malikanə deyil, göydələn tikdirib orada yaşayır. İş adamının evi nə az, nə çox 27 mərtəbəlidir.

“Antilla” adlanan bu ev Bombeydə yerləşir. Yaranış tarixinin ən bahalı evin sayılan binanın dəyəri təxminən 2 milyard dollardır. Poladdan və şüşədən ibarət olan binada gimnastika salonu, rəqs studiyası, üzmə hovuzu, 50 kresloluq kino və bir bal zalları var. Ümumi böyüklüyü 37 min kvadratmetrə çatan 173 metr yüksəkliyindəki binada 9 lift, 160 avtomobil tutumlu avtopark və 3 vertolyot meydanı yerləşir. Evin pəncərələrindən Ərəb dənizinə geniş mənzərə açılır. Bu arada qeyd edək ki, evdə 600 qulluqçu işləyir. Bölüşdürsək, belə çıxır ki, hər ailə üzvünə 120 nəfər qulluq edir.

Onu da bildirək ki, Mukeş bu qeyri-adi evində həftənin cəmi 5 günü qalır. Onu da bildirək ki, evi ABŞ-ın memarlıq şirkəti “Perkins Will and Hirsch Bedner Associates” layihələşdirib. Şirkət yalnız dizayn üçün milyarderdən 80 milyon dollar alıb. Binada hər incə detal düşünülüb. Belə ki, burada tozu öz-özünə aradan qaldıran sistemlər quraşdırılıb. Təhlükəsizlik sistemi isə Ağ Evdəki sistemlə eynidir.

Avtomobil kolleksiyası

Mukeşin avtomobil zövqü də diqqət çəkir. Onun qarajında “Maybaç” 62 claas, “Mercedes S” və “Mercedes ” SL500 avtomobillərinə rast gəlmək olar. Qiymətləndirmələrə görə, o, dünyada bahalı maşın sahibi olan ikinci milyarderdir.

Yeri gəlmişkən, M.Ambani arvadına da ucuz nəqliyyat vasitəsi almayıb. Onun dünyaya səs salan addımlarından biri xanımı Nita Ambaniyə etdiyi doğum günü hədiyyəsidir. O, həyat yoldaşına dünya milyonçularının bir çoxunda olan “Airbus 319” təyyarəsi alıb. Hər sahədə qardaşından geri qalmaq istəməyən Anil isə bunun ardınca keçmiş Bollivud ulduzu olan arvadına rəfiqələri ilə gəzmək üçün 49 milyon dolarlıq yaxta sifariş verib.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm