Əlbir olub bir dollar bir avro ilə, ovladılar rublu…
Bizi izləyin

Hesabat

Əlbir olub bir dollar bir avro ilə, ovladılar rublu…

Yola saldığımız həftə dünya iqtisadiyyatının gündəmini üç əsas məsələ məşğul etdi - rublun məzənnəsi, qızıl və neftin qiyməti. Xüsusilə həftə Rusiya iqtisadiyyatına qara hərflərlə yazıldı. Rublun məzənnəsi avro və dollar qarşısında zəifləyərək proses həftənin sonuna dolların 50 rubla, avronun isə 60 rubla yüksəlməsi ilə nəticələndi. Rusiya Mərkəzi Bankı intervensiyanın həcmini azaltdı, 2015-ci ildən valyuta dəhlizindən imtina edəcəyini açıqladı. ABŞ, Avropa və Yaponiya mərkəz banklarının tətbiq etdiyi pul siyasətləri isə qızılın qiymətinin düşməsinə səbəb oldu. Səudiyyə Ərəbistanın Amerikaya satdığı neftin qiymətində endirimlərə getməsi neftin qiymətini vurdu. Brent tipli neft 82 dollara qədər düşdü. Azərbaycana gəlincə, Avropa Komissiyasının DESFA-nın SOCAR-a satışını təsdiqləmək istəmədiyi ortaya çıxdı. Belçikada isə ISIS adlı bir şokolad istehsalçısı adının ingiliscədə İraq Şam İslam Dövləti (IŞİD) terror təşkilatı mənasını verməsi səbəbindən marka dəyişikliyinə getdi.

Başlayaq, qızılın qiymətindən. Əbəs deməyiblər, qadın pulun qoxusunu kişidən yaxşı duyur. Janet Yellənilin FED rəhbərliyinə gətirilməsindən sonra bazarlarda dolların xeyrinə təlatümlər yaşanır. Belə ki, Amerika Mərkəz Bankının istiqraz alış proqramını dayandırması qızılın qiymətindəki enişi sürətləndirib. Dollar 2010-cu ilin ortasından bəri ən yüksək səviyyəyə qalxıb. Qızıl isə dörd il əvvəlki qiymətinə yaxınlaşıb.

Rusiya iqtisadiyyatı isə girişdə qeyd etdiyimiz kimi, qara həftələrindən birini keçirdi. Ukrayna böhranından qaynaqlanan sanksiyalar və neftin qiymətinin düşməsi rublun evini yıxdı. Ölkə tarixində ilk dəfə avro 60, dollar isə 50 rubldan icra olundu.

Oktyabr ayında rublu dəstəkləmək üçün 30 milyard dollar xərclənsə də, ortada bir nəticənin olmaması səbəbindən Mərkəz Bank intervensiyanı gündəlik 350 milyon dollara endirdi. Bu qərardan sonra bazarlarda yaşanan narahatlıq rublun daha sürətlə düşməsinə və ilin əvvəlindən 1/4 dəyər itirməsinə gətirib çıxardı.

Rusiyada inflyasiya da sürətlə yüksəlməyə başlayıb. Hazırda ölkədə inflyasiya nisbəti 8 faizdir. Bəzi mütəxəssislər rəqəmin 2015-ci ilin əvvəlinə 10 faizə çatacağını deyirlər.

Rusiya ilə bağlı daha bir məqam Mərkəzi Bankın 2015-ci ildən valyuta dəhlizindən imtina edəcəyidir. Onu da qeyd edək ki, hazırda valyuta səbətinin 55 faizi dolların, 45 faizi avronun payına düşür.

Neftin qiyməti də çökdü. İraq və Suriyada yaşanan qarşıdurmalara qarşı xam neftin qiyməti düşməkdə davam etdi. Lakin bu məsələnini bir tərəfidir. Neftin qiymətinin azalmasına qarşı addımlar atmaq istəməyən dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanının Amerika Birləşmiş Ştatlarına satdığı “qara qızıl”ın qiymətini endirməsi bazarda şok effekti yaratdı. Brent tipli neft 82 dollara qədər düşdü. Maraqlıdır ki, ərəblər ABŞ-dan fərqli olaraq, Asiya və Avropaya satdıqları neftin satış qiymətini artırdılar. Analitiklərin rəyinə görə, bununla Səudiyyə Ərəbistanı neft istehsalını artıran ABŞ-da bazar payını itirməmək üçün mübarizə aparır. Siyasət buna deyərlər. Tarix təkrarlanır.

Bir az da Avropanın dərdindən danışaq. Avropa Mərkəz Bankı (AMB) Avro Bölgəsindəki maliyyə durğunluğa baxmayaraq, pul siyasətində dəyişikliyə getməməyi qərara aldı. Sentyabr ayında radikal qərarlardan sonra siyasət faizi 0.05 faiz, marjinal maliyyə faizi isə 0.3 faiz səviyyəsində qaldı.

Xatırladaq ki, bankın sentyabr ayındakı yığıncağında Avro Bölgəsi iqtisadiyyatını canlandırmaq üçün radikal qərarlar verilmişdi. Bu çərçivədə siyasət faizi 0,15dən 0,05 faizə, marjinal borc vermə faizi isə 0,4 faizdən 0,3 faizə çəkilmişdi.

AB-nin himayəsinə sığınana Ukrayna da qaza olan borcunun bir hissəsini ödədi. Rusiya ilə Ukrayna arasında 31 oktyabrda imzalanan qaz razılaşması tətbiq olunmağa başladı. Ukraynanın enerji şirkəti “Naftogaz” “Qazprom”a olan borcunun ilk hissəsini - 1,45 milyard dollarını ödədi. Bu arada bildirək ki, Ukraynanın qaza olan borcu 5,3 milyard dollardır. “”Naftogaz “ yerdə qalan 3,1 milyard dolları ilin sonuna qədər ödəmək məcburiyyətindədir.

Unudanlara bir daha xatırladaq ki, Rusiya qiymətlərdəki anlaşılmazlıq və Ukraynanın ödənməyən borcları səbəbindən bu ilin iyun ayında qaz axınını kəsmişdi. Ötən ayın sonu Avropa Birliyinin vasitəçiliyi ilə tərəflər razılığa gəldilər.

Avropanın ən güclü futbol komandalarına sahib İspaniyada isə işsizlərin sayının oktyabr ayında artdığı ortaya çıxdı. Düzdür, İş Nazirliyinin açıqladığı rəqəmlərə görə, ölkədə işsizlərin sayı 19 min 393 nəfər azalaraq, 1998-ci ildə bəri ən sürətli eniş yaşayıb. Ancaq mövsümi təsirlərdən işsizlik rəqəmləri başqa nəticəni də verib. Hansı ki orada işsizlərin sayının bir əvvəlki aya görə 1,7 faiz artdığı məlum olur. Gənc əhali arasındakı işsizlik nisbəti 2,36 faiz artıb. Ölkədəki cəmi işsizlərin sayı 4,5 milyonu keçib.

İş dünyası

Belçikada ISIS adlı bir şokolad istehsalçısı adının ingilis dilində İraq Şam İslam Dövləti (IŞİD) terror təşkilatı mənasını verməsi səbəbindən marka dəyişikliyinə getdi. Qeyd edək ki, markanın adı ucbatından ABŞ bu şokoladların ixracatını dayandırmağa hazırlaşırdı. Məhz bu da şirkət üçün sos siqnalı olub:

"Amerika və İngiltərədən sifarişlərimiz daxil olmadı. Öz-özümüzə "nə baş verir " deyə soruşduq. Onlarsa ISIS adının narahatlıq yaratdığını söylədilər”.

Xatırladaq ki, şokolad istehsalçısı keçən il ad dəyişikliyinə getmişdi. İsveçrə ilə İtaliyanı simvollaşdırma edən “ISIS” sözünü seçmişdi. İllik ixracatı 35 milyon avroya çatan şirkət 1 il sonra yenidən köhnə adına dönüb.

Rusiyanın ən böyük neft şirkəti “Rosneft”in cari ilin 3-cü rübündə təmiz mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 280 dəfə azalaraq 1 milyard rubl təşkil etdiyini açıqladı. Halbuki analitiklər şirkətdən 4 milyard rubl xalis zərər gözləyirdilər. 2013-cü ilin 3-cü rübündə “Rosneft” şirkətinin xalis mənfəəti 280 milyard rubl təşkil etmişdi. “Rosneft” mənfətin azalmasını 95 milyard rubl məbləğində məzənnə fərqi ilə izah edib. 3-cü rübdə “Rosneftin” gəliri 1.36 trilyondan 1.38 trilyona qədər artıb. EBİTDA üzrə göstərici 303 milyard rubldan 276 milyard rubla qədər azalıb. Bu ilin 9 ayı ərzində şirkətin xalis nənfəəti 4% artaraq 261 milyard rubl, EBİTDA üzrə göstərici 29% artaraq 869 milyard rubl, gəlir isə 25% artaraq 4.2 trilyon rubl təşkil edib. Üçüncü rübün sonuna şirkətin təmiz borcu 16% artaraq 1.77 trilyon rubl təşkil edib.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Bizim üçün də xəbərlər nibkin deyil. Rusiya iqtisadiyyatındakı böhranın soyuq küləyi Azərbaycan iqtisadiyyatında əsməyə başlayıb. Konkret olaraq, bu ilin oktyabrında ərzaq məhsullarının qiymətləri 0,6 faiz bahalaşıb. Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,6 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri uyğun olaraq 3,0 və 3,1 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,2 faiz qalxıb. Mərkəzi Bankın valyuta rezervləri isə 8,8 milyon dollar azalıb. Bu da 0,6 faiz azalma deməkdir. Bundan əlavə oktyabrın 1-nə ölkədə kreditlərin orta faiz dərəcəsi qalxıb. Kreditlər üzrə orta faiz dərəcəsi artaraq manatla 14,33 faizə, xarici valyuta ilə 14,30 faizə çatıb. Ən nəhayət, son aylar bank əmanətlərinin həcmində azalma baş verib. Əhalinin pulunu geri götürməsinə səbəb kimi isə ilin sonunda bir neçə bankın bağlanacağına dair xəbərlər olub.

Başlayaq Rusiya iqtisadiyyatındakı böhranın təsirlərindən. Beynəlxalq Valyuta Fondu (BVF) "Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində regional iqtisadiyyatın inkişaf perspektivləri" adlı hesabatını açıqlayıb. Bu hesabatda açıqca deyilir ki, Rusiyada iqtisadi artımın ləngiməsi ilə əlaqədar Qafqaz və Mərkəzi Asiya ölkələrində artım tempi təxminən ümumi daxili məhsulun 1 faiz bəndi azalacaq. Rusiya ilə sıx əlaqələri olduğuna görə regionda iqtisadi artım bu il 5,5 faiz, gələn il isə bir qədər azalacaq. Qeyd olunur ki, Rusiyadakı iqtisadi vəziyyət müxtəlif kanallar vasitəsilə Qafqaz və Mərkəzi Asiya regionunda artım perspektivlərinə xeyli təsir edib. BVF-ın proqnozlarına əsasən, Qafqaz və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrində (Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan) iqtisadi artım bu il 5,6 faizədək azalacaq. Halbuki, 2013-cü ildə bu rəqəm 6,8 faiz olub. Hesabatda deyilir ki, bu ölkələr şaxələndirilmiş ixrac bazarları və büdcə ehtiyatları toplamağa imkan verən son illərdə neftin yüksək qiyməti sayəsində Rusiyada artımın yubanmasından müəyyən qədər qorunub. Proqnozlara əsasən, buna baxmayaraq, neft ixrac edən ölkələrdə qeyri-neft sektorunun artımı istehlak kreditləşməsinin yubanması, sərmayədarların ehtiyatlılığının artması, Rusiya və Ukrayna arasında münaqişə ilə əlaqədar geosiyasi risklərin artması səbəbindən təqribən 1 faiz bəndi azalacaq.

Fondun proqnozlarına görə, Qafqaz və Mərkəzi Asiyanın neft idxal edən ölkələrində (Ermənistan, Gürcüstan, Qırğızıstan və Tacikistan) artım tempi bu il ÜDM-in 4,6 faizinədək azalacaq. Həmçinin region ölkələrində inflyasiyanın səviyyəsinin artacağı gözlənilir. Neft ixrac edən ölkələrdə inflyasiya bu il 6,5 faizədək artacaq. Keçən il bu göstərici 6,3 faiz olub. Bu, əsasən, bəzi ölkələrdə milli valyutaların zəifləməsi ilə də əlaqələndirilir.

Həftənin daha bir qara hadisəsi Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Avropa Komissiyası arasında yaranan anlaşılmazlıq oldu. Düzdür, ARDNŞ Avropa Komissiyasının rəqindən narafat deyil. Amma AK Yunanıstanın DESFA şirkətinin SOCAR-a satılmasının əleyhinə çıxıb. Komissiya gözlənilmədən elan edib ki, ARDNŞ Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin alınmasına dair sövdələşməsini təsdiqləməyə bilər. AK-nın rəyinə görə, bu sövdələşmə Yunanıstana təbii qazın topdan satışında rəqabəti poza bilər. Çünki birləşmiş şirkət SOCAR-ın rəqiblərinə Yunanıstanın qaz kəmərləri şəbəkəsinə çıxışına mane olmağa imkan verəcək. Avropa Komissiyası Yunanıstan hökumətinin ölkənin energetika bazarının liberallaşdırılması və modernləşdirilməsinə yönələn özəlləşdirmə proqramı çərçivəsində DESFA-nı satışa çıxarmasının rəqabət mühitinə zərbə vurmamasına, nəticədə Yunanıstan istehlakçılarının qaza görə daha yüksək qiymət ödəməsinə gətirib çıxarmamasına çalışır.

Avropa Komissiyasının bu sövdələşməyə dair qərar çıxarmaq üçün 90 iş günü, yəni 2015-ci il, martın 23-dək vaxtı var. Xatırladaq ki, ötən ilin sonunda ARDNŞ Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund - HRADF) və "Petroleum" şirkəti ilə DESFA şirkətinin (Yunanıstanın milli qazpaylayıcı şəbəkəsinin operatoru) səhmlərinin 66 faizinin alınmasına dair saziş imzalayıb. Bundan əvvəl HRADF-nin elan etdiyi beynəlxalq tenderin yekunlarına görə, tərəflər səhmlərin alqı-satqısı və səhmdarlar haqqında sazişlər imzalayıblar. İmzalanmış sənədlər onların Avropa Komissiyasının Energetika və Antiinhisar siyasəti məsələləri üzrə baş müdiriyyətləri tərəfindən imzalanmasından sonra qüvvəyə minəcəyi deyilirdi.

“2015-ci ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən ölkənin makroiqtisadi vəziyyəti, dünyada cərəyan edən proseslər, Azərbaycanın daxil olduğu geosiyasi proseslərin qiymətləndirilməsi və eyni zamanda makroiqtisadi proqnozlar nəzərə alınmaqla hazırlanıb”.

Bunu isə maliyyə naziri Samir Şərifov bildirib. O qeyd edib ki, 2015-ci ilin dövlət büdcəsində neftin baza qiyməti 90 dollardan götürülüb və bu da tam olaraq reallığı əks etdirir: “Neftin qiymətinin azalması müşahidə edilir. Amma bu ilin 9 ayında orta qiymətlər təxminən 109 dollar olub. Növbəti il üçün büdcədə neftin qiyməti 90 dollardan götürülüb, 2014-cü ilin göstəricisindən 10 dollar aşağıdır. Amma hökumət neftin qiymətinin enməsi fonunda təşvişə düşməməyə və tələsik qərara verməməyi bəyan edir”.

Nazir deyib ki, büdcənin gəlirlərinin formalaşmasında neftin qiymətinin təsiri olduqca azdır. O əlavə edib ki, dövlət büdcəsinin gəlirləri və xərcləri sığortalanıb: “Neftin qiymətinin aşağı olması fonunda belə bir neçə proqramlar işlənib hazırlanıb: “2015-ci il üçün dövlət büdcəsinin gəlirlərini təminatı və xərclərinin yerinə yetirilməsində böyük risk görünmür. Çünki neftin qiymətinin ucuzlaşması fonunda müxtəlif ssenariləri hazırlanıb”.

Sonda onu da deyim ki, regiondakı böhrana, inflyasiya təhlükəsinə rəğmən gələn il üçün yaşayış minimumu 4,8% artırılacaq.Ölkə üzrə bu göstəricinin cari ildəki 125 manatdan 131 manatadək, o cümlədən əhalinin əməkqabiliyyətli hissəsi üçün 137 manatdan 140 manatadək, uşaq və pensiyaçılar üçün müvafiq olaraq 103 manat manatdan 108 manatadək artırılması nəzərdə tutulub. Gələn il Azərbaycanda inflyasiya isə 2,3% səviyyəsində proqnozlaşdırılır.

Yazacaqlarım bu qədər. Hər birinizə uğurlu həftəsonu istirahəti…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm