O, sevdiyi bütün qadınları aldatdı - FOTO
Bizi izləyin

Art

O, sevdiyi bütün qadınları aldatdı - FOTO

Nazim Hikmət bir gün Moskvada konfransda iştirak edir. Uzun sürən iclasda dostu da varmış. Axşam təyyarə ilə Türkiyəyə qayıdacağını öyrənən Nazim sevgi dolu sözlərlə onu uğurlayır.

Nazim Hikmət vidalaşdıqdan sonra dostuna tərəf çevrildi.

- Bir dəqiqə dayan.

Dostu təəccüblə ona baxır.

- Türkiyəyə deyərsən ki, Nazim satılmadı.

Hə, Nazim belə Nazim idi. Onun haqqında yazılmalı çox şey var. Ancaq həyatındakı bəzi detalları xatırlatmaq bu böyük türk şairini az da olsa gözümüzün qabağında canlandırır.

Polşa yəhudisi olduğu iddia edilən Nazim Hikmət Selanikdə anadan olub. “Aftobioqrafiya” şeirindən:

1902-de doğdum

Doğduğum şehre dönmedim bir daha

Geriye dönmeyi sevmem

...Kimi insan otların kimi insan balıkların çeşidini bilir

Ben ayrılıkların

Kimi insan ezbere sayar yıldızların adını

Ben hasretlerin

Hapislerde de yattım, büyük otellerde de

Açlık çekdim açlık qırevi de içinde ve tatmadığım yemek yok gibidir...

“Müəllimim kimi girdiyiniz evə atam kimi girə bilməzsiniz!”

Babası paşa olub Nazimin. Atası Hikmət bəy ticarətçi, məmur kimi işləyib. Anası Ənvər paşanın qızı, Cəlilə xanım pianoda ifa etməyi bacarıb yaxşı rəsmlər çəkib. Yəhya Kamal Bayatlı ilə münasibəti olub Cəlilə xanımın. Nazimə tarixdən dərs deyən və ilk şeirlərini çap etdirən Yəhya Kamalın bu xəyanətini gənc şair bağışlamır. “Müəllimim kimi girdiyiniz evə atam kimi girə bilməzsiniz!”. Nazim Hikmətin yazıb gizlicə Yəhya Kamalın paltosunun cibinə qoyduğu əl boyda kağız parçasında bu sözlər yazılmışdı. O gündən sonra Nazim evdən qaçaq düşdü.

Sol düşüncənin təsirinə düşən Nazim Hikmət Moskvaya yollanacaq, inqilabçı olacaqdı. Kəskin çıxışlar edəcək, yazılar yazacaq, çox keçmədən həbsə düşəcəkdi.

Şairin qadınları

Nazim Hikmətin talesiz, bəxtsiz qadınları oldu. Şairin amansız həyatına boyun əyən bu qadınlar Nazim Hikmət qədər məşhurdur: Pirayə Altınoğlu, Nüzhet xanım, Lena, Münəvvər Andaç, Qalina Kolesnikova, Vera Tulyakova.

“Aftobioqrafiya” şeirindən:

sevdiğim kadınları deli gibi kıskandım
şu kadarcık haset etmedim Şarlo'ya bile
aldattım kadınlarımı ...

Yazıq Pirayə! Nazim Hikmətlə bərabər həbsxana divarlarının soyuqluğunu yaşadı. Uzun illər qapalı həyat tərzi keçirməyə məhkum olan Nazimin içindəki sözlər quş kimi qəfəsindən çıxıb möhtəşəm şeirlərə çevrildi.

Yazıq Münəvvər! Dayısı qızı olan bu gözəl xanım zülmlər çəkdi. Həbsdən çıxmağına iki gün qalmış yanına gəlmişdi. Nazim Hikmət ona aşiq oldu. Azadlıqda olarkən Pirayədən ayrıldı. Bərabər yaşamağa başladılar Münəvvərlə, bir oğulları da oldu, adı Mehmet. Əsgərliyə çağırıldığı zaman evdən xəbərsiz Ruminiyaya qaçdı. Münəvvər gözüyaşlı qalmasın, neyləsin? Ax, zalım Nazim! Oradan bir baş Moskvaya yollandı. Türk vətəndaşlığından çıxarıldı. Mehmet də anasının qucağında dünyadan xəbərsiz uyuyur.

Acı tale

28 illik həbs cəzasının 12 il 7 ayını dörd divar arasında keçirən Nazim azadlığa çıxdığı gündən Moskva, Vyana, Xirosima, Varşava və başqa şəhərləri gəzdi, getdiyi yerlərə sülh və sevgini yaydı. Bu arada Münəvvərlə Mehmet Türkiyədə baş-başa qalmışdılar. Onlar burunlarını belə qapıdan çölə çıxara bilmirdilər. Nazimin sədası isə dünyanın o başından gəlirdi. Ancaq həbs həyatı onu yormuşdu, əvvəlki zövqü yaşaya bilmirdi. Getdikcə öz sol düşüncəsinin soyuduğunu hiss edirdi. Moskva gənclik illərindəki Moskva deyildi! Yeddi il idi ki evdən çıxmışdı. Mehmet şəkillərdə böyüyürdü. Onlara qovuşmaq Vətəninin insanları ilə qovuşmaq kimi idi.

Yazıq Qalina Kolesnikova! “KQB”nin adamı olduğu iddia edilən bu qadınla Nazim xəstəxanada tanış olur. Qalina onu çox sevir, Nazimin qayğısına qalır, onu müalicə edir, yanından ayrılmır. Bütün bunlarla bərabər, Nazimin Münəvvəri sevdiyini, bir gün ona dönəcəyini də bilirdi.

Yazıq Vera Tulyakova! Evli, bir qız anası olan bu qadına aşıq olan Nazim onu ələ keçirməyə çalışır. Vera sonralar yazırdı: “Toy günü ağlamaqdan gəlinliyim suya dönmüşdü.” Nazim belə Nazimdi!

Yaşadığı ağır illəri unutduran, soyudan bu qadınlar idi. O, təpədən-dırnağa şair idi. Yalnızlığa, həsrətə, kədərə alışmışdı. Bütün şeirləri onun həyatının portretidir. İstəyərdim ki, onun şeirlərindəki sonsuz ümid bitməsin. Biz o ümidin əlindən tutub xoşbəxt günlərə doğru gedək. Bir şeirində dediyi kimi, gözəl günlər görəcəyik, cocuqlar...

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm