Sehrli adam - FOTO/VİDEO
Bizi izləyin

Art

Sehrli adam - FOTO/VİDEO

...İlk tanışlığımda zahirən mənə elə gəldi ki, çox kobud adamdır.

...İlk tanışlığımda zahirən mənə elə gəldi ki, çox kobud adamdır. Amma söhbətimizin üçüncü dəqiqəsində başa düşdüm ki, içi sənətlə doludur. Özü də söhbət ilmə-ilmə toxunan ürək çırpıntısının barmağa eşq verən hərəkəti ilə yaranan xalçaçılıq sənətindən gedir.



Vidadi Muradov professor, əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru - bu, sadəcə titulları deyil, bir insan ömrünün keçdiyi yolun xəritəsidir. Azərbaycan xalçasının mahiyyətini, həmçinin fəlsəfəsini məişətdə və mədəniyyətdə yerini dəqiq bilən bu insan bütün ömrünü onun təbliğinə həsr elədi. Bakının mərkəzində əzəmətli muzey və istehsalat müəssəsi yarandı.

Tezliklə sərhədlər genişləndi. Azərbaycan xalçalarının təsnifat formaları ilə razıılaşmayan Vidadi Muradov onların qruplara bölünməsini iddia etdi. Bu, Azərbaycan sənətşünaslığında və xalça tədqiqatında çox böyük addım idi.



Bir-birinin ardınca Azərbaycanın tarixi regionlarını əhatə edən xalça mədəniyyətinin təbliği başladı. Birinci elmi işində - “Azərbaycan xalçaları” kitabında ümumi məlumatlar verilsə də Vidadi Muradov xalçamıza göz dikən yadlarla əsl savaşa qalxdı. Qarabağ xalçaları kitabı sözün əsl mənasında düşmənə şillə oldu.

Azərbaycan xalçaları İrəvan qrupu kitabı isə dünyada meydan sulayan erməni sənətşünasların üzünə vurulmuş tərs şillə oldu. Özü də bu şillə beş dildə dəydi. Dünyanın ən aparıcı universitetləri və muzeylərində bu gün o kitab kitabxanaların bəzəyi idi. Ardınca Naxçıvan, Qazax-Borçalı qruplarının tədqiq olunması və əyani nümunələrlə izahların verilməsi nəinki sənətşünaslıq elmi üçün, həm də tariximiz üçün olduqca vacib oldu.


Nə dolma, nə lavaş bizim vizit kartımız ola bilməz çünki o, mədə niyyətlidir, xalça isə bir xalqın tarixini, dünya görüşünü, mifologiyasını, inancını, əxlaqını və törəsini özündə ehtiva edən əsas vizit kartıdır - mədəniyyət elçisidir. Bu gün Vidadi Muradov həmin elçiliyi edir. Dünyanın yüz yerinə səpələnmiş qədim Azərbaycan xalçalarının nümunələrini toplayıb vətənimizə gətirir. Ən qədim çeşnilər əsasında xalçalara yeni həyat verir. “Pazırıq”, “Şeyx Səfi” kimi məşhur olan adlarla bərabər haqqında heç eşitmədiyimiz ya da unutduğumuz, ya da ki bizdən oğurlanmış nümunələri yenidən Azərbaycana qaytardı.

Bu mənada “Azərbaycan xalçaları” jurnalı elmi, etnoqrafik əhəmiyyətinə görə onun atdığı mühüm addım oldu. Bu gün 61 yaşına daxil olur. Amma danışanda elə bilirsən 2500 il yaşda olan bir müdriklə söhbətləşirsən. Pazırıqdan başlayıb bugünkü xalçaçılıq ənənələrini davam etdirən şəxsləri təbliğ edəm bu insanın məncə arzusu yerinə yetdi. “Azərbaycan xalçası” ifadəsi imzalar içində öz təsdiqini tapdı.

Biraz da `Azərİlmə`dən danışım. Ora daxil olan kimi çox incə bir zövqlü insanın yaratdığı memarlıq nümunəsinin, interyer dizaynın milli köklərlə bağlı müasir ifadəsi və bir də göz oxşayan bir-birindən gözəl xalçaları görüncə adamın ürəyindən bir söz keçir: “Bura vətəndir”. Və bu vətənin ən sadiq vətəndaşı Vidadi Muradovdur. Vaxtınız olanda baş çəkin, zövqünüz dəyişsin.

Dilruba Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm