Yazarlar onlara maddi dəstəyin göstərilməsini istəyirlərmi? - RƏYLƏR
Bizi izləyin

Art

Yazarlar onlara maddi dəstəyin göstərilməsini istəyirlərmi? - RƏYLƏR

Parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov və millət vəkili Elmira Axundova 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı yazıçı və şairlərə maliyyə dəstəyinin göstərilməsilə bağlı təkliflər irəli sürüblər.

E.Axundova Yazıçılar Birliyinin büdcəsinin kifayət qədər olmadığını və gənc yazarların sosial durumunun ağır olduğunu bildirib. O, yaradıcı insanların fərqli sahələrdə fəaliyyət göstərməsinə qarşı çıxıb və onların yaradıcılığına maddi dəstək verilməsi üçün əlavə fond yaradılmasını təklif edib.

Publika.az da məsələ ilə bağlı tanınmış yazıçı və şairlərin mövqeyini öyrəndi.

Şair-publisist Salam Sarvan dövlət-ədəbiyyat münasibətlərinin maliyyə tərəfinin mübahisəli mövzu olduğunu bildirdi:

“Nəsə etmək istəyirlərsə, niyyət də ədəbiyyatın inkişafına yardımdırsa, çox gözəl!

Ancaq burda maraqlı məqamlar var. Acı təcrübə deyir ki, Azərbaycanda ədəbiyyata ayrılan hökumət diqqətini də, qeyri-hökumət diqqətini də həmişə, əsasən, talantsızlar, layiq olmayanlar qamarlamışlar - ya fərasətləri, ya “gözəl xasiyyətləri”, ya da başqa nələrisə hesabına. İndi ədəbiyyata iddialı minlərlə adam var və əslində, onların əksərinin elə başqa işin dalınca getməsi yaxşıdır. Məsələnin mahiyyətini dəqiq ifadə eləməkdən niyə yayınırıq ki?! Fakt budur, əzizim: bu gün Azərbaycanda gəncli-qocalı iyirmi beş-otuz talantlı yazar var və onların adlarını hamı öz qəlbinin, insafının, zövqünün dərinliklərində yaxşı bilir. Qrammofonların, ədəbiyyat alverçilərinin hay-həşirindən çəkinmədən qətiyyətlə həmin adların üstündə dayanılmalı, onların ədəbi fəaliyyətinə imkanlar yaradılmalı.

Yenə deyirəm, yazarın dövlətdən qayğı umması bəyənilməyən hərəkətdir, amma hökumətin özü ədəbiyyat naminə nəsə etmək istəyirsə, mexanizm budur. Yoxsa, istənilən başqa halda hökumət yardımının ədəbiyyata qara qəpiklik də faydası olmayacaq. Hər zaman pusquda ayıq-sayıq dayanan zirək istedadsızlar ordusu da basıb gözünü çıxaracaq o yardımın”.

Şair-yazıçı Pərviz Cəbrayıl müzakirə zamanı “nəşr olunacaq əsərlərin maliyyələşdirilməsi” ifadəsini dəqiq başa düşə bilmədiyini dedi:

“Söhbət çap xərcindən gedirsə, bunun yazıçıya nə qədər maddi dəstək verəcəyi çox qaranlıq məsələdir və demək olar ki, mümkün deyil. Kitab satışının, oxucu bazarının hansı durumda olduğu hamımıza aydındır. Demək, söhbət çox çətinliklə satılacaq 50-100 tirajdan gedir. Bununla yaradıclığa təkan vermək, yazıçını kənar işlərdən ayırıb peşəkar ədəbi fəaliyyətlə məşğul olmasını təmin etmək olmaz. Onu da nəzərə alaq ki, yayım və satış işi tam bir prosesdir və yaradıcı adamın qoltuğunda dükanlara kitab daşımağı ağır işdir. Üstəlik hələ o da var ki, dükanlar kimin kitabına nə qədər yiyə durur.

Bundan başqa, maddi yardımın verilməsi, müəlliflərin seçimi hansı meyarlarla aparılacaq? Bu iş AYB-yə həvalə ediləcəksə, demək, tərəfsiz, birliksiz yazarlar bu dəstəkdən kənarda qalacaq. Yox, əsərləri hansısa jüri müəyyən edəcəksə, o jüridə kimlər olacaq və yenə hansı meyarları əsas götürəcək? Suallar çoxdur.

Mənə görə, bu işin ən doğru yolu nəşriyyatları hansısa vergidən azad etməklə əl tutmaq və nəşriyyatların dərc etdiyi kitablara heç bir ayrı-seçkilik edilmədən, sovet dövründə olduğu kimi dövlət sifarişi vermək, təxmini sayı 6 min olan dövlət kitabxanalarına hər əsərdən iki kitab almaqdı. Bu prosedurun detallarını daha dəqiq işləyib hazırlamaq olar. Ancaq bütün hallarda təklif alqışlanasıdır. Dəryada boğulana saman çöpü də ümiddir”.

Yazıçı-publisist Tural Cəfərov parlamentdə ədəbiyyatla bağlı müzakirələrin aparılmasının özünün çox gözəl hal olduğunu qeyd etdi:

“Dünən Rafael Hüseynovun çıxışını izlədim. O deyirdi ki, mədəniyyət sahəsinin xərcləri artırılmalıdır. Bu, əlbəttə ki, təkcə ədəbiyyat sahəsinə deyil, kino və teatra da ayrılan xərclərin artırılmasını ehtiva edir.

Problem burasındadır ki, ədəbiyyata ayrılan vəsaitin hansı formada xərclənməsi ilə bağlı mübahisəli məqamlar mövcuddur. Bu vəsait birbaşa olaraq Yazıçılar Birliyinin ixtiyarına verilsə, heç də yaxşı olmayacaq. Çünki mövcud situasiyada Yazıçılar Birliyinin köhnəlmiş mexanizmləri var. Düzdür, bu birliyin Azərbaycan ədəbiyyatı tarixində çox mühüm bir rolu var. Bunu kimsə inkar etmir. Ancaq onu da qeyd etmək lazımdır ki, onun hazırki mexanizmləri işləmir. Sovet ölkələrini çıxmaq şərtilə, hazırda dünyanın heç bir yerində bu adda və formatda qurum yoxdur. Məsələn, Türkiyədə ssenari yaradıcılığı üçün dövlət xüsusi vəsait ayırır və qrantlar verir. Yəni istənilən bir adam öz ssenarisinin sinopsisini yazır və həmin fonda təqdim edir. Sinopsis bəyənilirsə, dövlət ona maliyyə buraxır ki, sinopsis ssenari kimi işlənilsin. Yəni işin dünyada bu formada təcrübələri mövcuddur.

Təklif edirəm ki, maliyyə yazıçılara deyil, əsərlərə verilsin. Tutaq ki, hər hansı bir yazıçı bir mövzu ilə bağlı roman yazmaq istəyir. O, mövzu ilə bağlı fikirlərini 2 səhifə həcmində yazsın və təqdim etsin. Yazı bəyənilirsə, onun işlənilməsi üçün maliyyə ayırılsın. Burada o qədər də böyük məbləğlərdən söhbət getmir.

Düşünürəm ki, layihə gerçəkləşdirildiyi zaman Mədəniyyət və Turizm Nazirliyinə verilməlidir. Çünki Azərbaycanda mədəniyyət siyasətini həyata keçirən yeganə qurum məhz bu nazirlikdir. Bu mənada daha məntiqli olar ki, ədəbiyyata da ayrılan büdcəyə nazirlik tərəfindən nəzarət edilsin”.

Şair-publisist Murad Köhnəqala isə Nizami Cəfərovun təklif etdiyi variantı daha optimal hesab edib:

“Bir dəfə millət vəkili, professor Nizami Cəfərov yazarlara yardım məqsədilə onlara müəyyən yaşdan sonra qocalıq təqaüdünün verilməsi haqda məsələ qaldırmışdı. Sonrasını izləmək imkanım olmadığından bilmədim o təklif deputatlar tərəfindən necə qarşılandı.

Fikrimcə, Nizami müəllimin təklifi ən optimal variantlardan biri sayılmalıdır. Adətən, təqaüdə çıxmaq üçün müəyyən iş stajı sənədləri tələb olunur, lakin yazıçı stabil olaraq eyni iş yerində işləmədiyindən belə sənədlər yığa bilmir. Ancaq işləməyə gəlincə, yazıçı ömrünün axrına qədər öz sənətində işləyir. Əsər haqda gecə-gündüz düşünüb narahat olmaq, evdə istirahət əvəzinə oturub yazmaq iş deyilmi?

Yəni, əslində, yazıçının iş stajını təyin etmək üçün onun yazmış olduğu əsərlərin tarixini öyrənmək kifayət eləməlidir. Təəssüf ki, hörmətli millət vəkilləri Elmira Axundova və Rafael Hüseynovun yazarlar haqda dedikləri ilə tanış ola bilməmişəm. Ancaq yazarlarımızın maddi durumunun ağır olması ilə bağlı öz narahatlıqlarını bəyan etdiklərinə görə bir yazar olaraq hər iki deputatımıza minnətdarlığımı bildirirəm”.

Yazıçı-şair Xanəmir Telmanoğlu isə dövlətin bu yolla yazarların vəziyyətini düzəldə bilməyəcəyini bildirib:

“Çünki bu metod yazarı sifariş anlayışı ilə üz-üzə qoyur. İki ildir, işsizəm. Halbuki mənim bu ölkədə işləməyə kifayət qədər potensialım var. Ədalətli cəmiyyətlərdə yaradıcı insanlar çörəyini özü qazanır və şəxsiyyətinin azadlığını qoruya bilir. Yaradıcılığın qaynağı ilahi başlanğıcdır. Ona kölgə salmaq isə təhlükəlidir. Hər bir dövlətin elə bir sistemi olmalıdır ki, o nizamın içində ölkənin yaradıcı qüvvəsi də yer ala bilsin. Hazır məvaciblə yaradıcılıqla məşğul olan kəsimin yarasını sarımaq olmaz. Əksinə, daha təhlükəli bir vəziyyət yaranar”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm