Azərbaycan teatr tarixində yenilik - Kino effektləri tamaşada
Bizi izləyin

Art

Azərbaycan teatr tarixində yenilik - Kino effektləri tamaşada

Yaranmasıyla artıq hadisəyə çevrilən ƏSA Teatrı təsis olunduğu gündən indiyədək Azərbaycan mədəniyyətinin inkişafında, xüsusən də teatr səhnəmizin, tamaşaların modernləşməsində lokomotiv rolunu oynamaqda davam edir. Bu il fevralın 28-də Gənc Tamaşaçılar Teatrının səhnəsində ƏSA Teatrının repertuatından Con Steynbekin “Adamlar və siçanlar - 2” tamaşasını izləyənlər sözün yaxşı mənasında təəccübləndilər.

Publika.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə Azərbaycan teatr tarixində bir ilkə imza ataraq, teatr tamaşasında film effektlərindən, kino montajı texnikasından (“flashbacklar”, xəyalı canlandırma və s.) istifadə etməklə səhnədə mümkünsüzü mümkün etdi.

Qəhrəmanın keçirdiyi hisslər, xəyali düşüncələri, etmək istədiyi və edə bilmədiyi, bir anın içində yalnız öz təsəvvürlərində canlandırdığı davranışları filmlərdə montaj vasitəsi ilə asanlıqla tamaşaçıya təqdim olunur. Lakin bütün bunları teatr səhnəsində yalnız aktyorların və işıq rəssamının gücünə reallaşdırmaq olduqca çətin və bu günədək baş tutmayan mədəni hadisə idi. Kino termini olan “flashback” və xəyali canlandırmalar üsulu rejissor Nihad Qulamzadənin quruluşunda Azərbaycan teatr səhnəsində öz bədii həllini tapdı. Təbii ki, bu üsul öz ənənəvi səhnə tərtibatını aşan Azərbaycan teatrları arasında yeni inkişaf mərhələsinin əsasını qoydu.

Tamaşadan sonra Azərbaycan mədəniyyətinin ən parlaq simaları səhnədə reallaşan ilk üçün rejissora xüsusi minnətdarlıq etdilər. Hətta, əməkdar artist Mehriban Zəki ilk dəfə istifadə olunmasına baxmayaraq bu yeni rejissor stilini olduqca maraqlı dəyərləndirdi. Aktrisa ƏSA Teatrının bütün heyətini həm də ona görə alqışladı ki, Gənc Tamaşaçılar Teatrının səhnəsində məşq etmədən, səhnəni tanımadan bu cür çətin quruluşu mükəmməl reallaşdırmaq böyük qəhrəmanlıqdır.

Qeyd edək ki, ƏSA Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə teatr ictimaiyyəti arasında novator rejissor kimi tanınır. Çünki, təkcə Azərbaycanda deyil, bütün dünyada ilk dəfə peşəkar və qeyri-peşəkar, fiziki məhdudiyyətli və fiziki məhdudiyyəti olmayan aktyor heyəti ilə hazırladığı tamaşa ötən ilin son premyerası kimi yadda qalıb. Xatırladaq ki, dekabrın 19-da Akademik Opera və Balet Teatrının səhnəsində baş tutan premyeraya Azərbaycan, ABŞ, İngiltərə, Fransa, Türkiyə, Rusiya və Gürcüstandan olan rəsmi qonaqlarla yanşı, ölkə ictimaiyyətinin və mədəniyyətinin nümayəndələri baxıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm