Macarıstan mətbuatı “Bakı 2015”-dən yazdı
Bizi izləyin

Bakı 2015

Macarıstan mətbuatı “Bakı 2015”-dən yazdı

Macarıstan - Azərbaycan Gənclər Birliyi Macarıstanın aparıcı xəbər portallarından biri olan metropol.hu saytında Bakı 2015 İlk Avropa Oyunlarına həsr olunan bir neçə məqalə yayıb.

Publika.az xəbər verir ki, diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a verilən məlumata görə, “Bakının siması” və “Bakı hazırdır” adlı məqalələrdə Azərbaycan, onun iqtisadiyyatı, neft sənayesi, eləcə də Bakının tarixi, görməli yerləri, inkişafı haqqında ətraflı məlumat verilib. Yazılarda Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı, qeyri-adi müasir memarlıq üslubuna malik Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” kompleksi, Xalça Muzeyi, “İçərişəhər” Tarix Memarlıq Qoruğu və s. barədə məlumatlar diqqətə çatdırılıb.

Məqalələrdə əsas diqqət isə Bakının ev sahibliyi edəcəyi İlk Avropa Oyunlarına verilir. “Bakı hazırdır” sərlövhəli yazıda bildirilir ki, Azərbaycanın paytaxtı dünyanın onlarla ölkəsindən minlərlə idmançını qəbul etmək üçün artıq hazırdır və yeni tikilən möhtəşəm idman arenaları azarkeşləri gözləyir. İyunun 12-də Oyunların təntənəli açılış mərasiminin keçiriləcəyi, Olimpiya məşəlinin 61 rayondan keçməklə 5500 kilometr məsafə qət edərək iyunun 12-də Bakıya çatdırılacağı da yazılarda əksini tapıb.

Birinci Avropa Oyunları barədə macar oxucularının ətraflı məlumatlandırıldığı yazılarda qeyd olunub ki, Oyunlarda 6 min idmançı 239 dəst medal uğrunda mübarizə aparacaq. Ümumilikdə isə idmanın 19 növü üzrə yarışlar keçiriləcək. İdmanın 8 növü üzrə 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya veriləcək. Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün 750 nəfərdən çox jurnalistin, min nəfər rəsmi şəxsin, eləcə də minlərlə azarkeşin Bakıya gələcəyi bildirilir. Həmçinin Macarıstandan 200 nəfəri idmançı olmaqla 300 nəfərlik nümayəndə heyətinin Bakıya yollanacağı diqqətə çatdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm