Federasiya rəsmisi: “Avropa Oyunlarında onlardan çox şey gözləyirik”
Bizi izləyin

Bakı 2015

Federasiya rəsmisi: “Avropa Oyunlarında onlardan çox şey gözləyirik”

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov Avropa Oyunlarının idmançılarımıza necə təsir edəcəyi ilə bağlı fikirlərini bölüşüb.

Publika.az-a danışan federasiya rəsmisi güləşinə pərəstiş etdiyi idmançının adını da açıqladı.

- Sizcə, Avropa Oyunlarının idmançılarımza təsiri necə olacaq?

- Avropa Oyunları, doğrudan da, çox mühüm bir hadisədir. İdmançılarımız çox böyük təcrübə qazanacaqlar. Həm idmançılar, həm idman xadimləri, həm də idmansevərlər – bir sözlə, hər kəs yüksək səviyyəli idman hadisəsinin şahidi olacaqlar. I Avropa Oyunları tarixi bir hadisədir. Bu da ümumilli lider Heydər Əliyevin qoyduğu siyasətin bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Azərbaycan və idmanı yüksələn sürətlə inkişaf edir və bundan sonra da edəcək.

I Avropa Oyunları idmançılarımız üçün böyük önəm kəsb edir. Bir çox turnirlərdə qalib gəlmiş idmançılarımız burada da qələbəyə can atacaq. Bu mötəbər turnir hər bir idmançının həyatında mühüm iz buraxacaq.

- Güləşçilərimzdən hansı əyarlı medalları gözləyə bilərik?

- İdmançılarımız həmişə Olimpiya Oyunlarından yüksək nəticə ilə qayıdıb. Həmçinin indi onların keçirdikləri yarışlar və Avropa Oyunlarına qədər beynəlxalq turnirlərdə qazandıqlarına nəzər salsaq, ilk dəfə ölkəmizdə keçiriləcək mötəbər turnir üçün də yüksək əyarlı medallara ümid edə bilərik.

Güləşçilərimiz üçün federasiya rəhbərliyi tərəfindən də yaxşı şərait yaradılıb. Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov müəyyən göstərişlər verib. Federasiyanın rəhbər üzvləri mütəmadi olaraq idmançılarımzla birgə olur, onlarla təlim-məşqlərə gedir. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyinin üzvü Namiq Əliyev də təlim-məşq toplanışlarında iştirak edir.

- Rəhbərlik olaraq yox, bir güləş azarkeşi olaraq hansı güləşçiyə daha çox inanırsız?

- Medal qazanacağına inandığım idmançılarımız çoxdur. Amma bir güləş azarkeşi kimi, yunan-Roma güləşçisi Rəsul Çunayevin adını çəkərəm. Şəxsən onun güləşinə pərəstiş edirəm. Rəsul Çunayevdən yüksək əzmkarlıq gözləyirəm.

- Nəyə görə?

- Çünki güləş döşəyində güləşə bilmək yaxşı taktika istəyir. Rəsulun taktikası, güləş üslubu mənim çox xoşuma gəlir. Ondan nəinki nəticə, parlaq qələbə gözləyirəm. Başqa idmançılarımız da var ki, onlardan da çox yüksək nəticə gözləyirəm. İnanıram ki, Avropa Oyunları idmançılarımız üçün çox yaxşı olacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm