• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ayxan Tağızadə: Tatamiyə çıxanda həyəcanım itdi - MÜSAHİBƏ

Ayxan Tağızadə: Tatamiyə çıxanda həyəcanım itdi - MÜSAHİBƏ

Avropa Oyunları çərçivəsində taekvondo üzrə yarışların ikinci günündə azərbaycanlı Ayxan Tağızadə (68 kq) Sloveniya təmsilçisi Yuri Pantara 11:3 hesabı ilə qalib gələrək 4/1 finala vəsiqə qazanıb. Ayxan 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gələcək.

A.Tağızadə ilk döyüşünün təəssüratlarını və gözləntilərini Publika.az-la bölüşüb.

- İlk görüşdə slovaniyalı rəqibinizə 11:3 hesabı ilə qalib gəldiniz. İlk raundda mübarizə çətin başladı, amma sonda inamlı qələbə çaldınız. Təəssüratlarınız necədir?

- Tatamiyə çıxanda çox həyəcanlı idim. Azarkeşləri gördüm, həyəcanım daha da artdı. Amma oyun başlayanda həyəcanım itdi, tatamiyə çıxanda fikrimi ancaq döyüşə verməyə çalışıram. Belə də oldu, diqqətimi döyüşə cəmləyib rəqibimə üstün gəldim. İnşallah, növbəti döyüşdə də qələbə çalacağam.

- Avropa Oyunlarının Bakıda baş tutması məsuliyyət hissini artırır?

- Ailəm, qohumlarım, azarkeşlərim mənim döyüşümü izləmək üçün Kristal Zala gəlib. Onlar istəyir ki, mən onları sevindirim. Mən də vətənimizi sevindirməyi arzulayıram. Avropa Oyunları Azərbaycanda keçirildiyinə görə hamı yarışları izləyir. Yarışlar başqa ölkədə keçiriləndə izləyicilər bu qədər çox olmur. Ona görə də çox diqqətli olmaq lazımdır. Yarışlara cənab prezident İlham Əliyev də, Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov da baxır. İnşallah, onları, vətənimizi, ailəmi sevindirəcəyəm.

- Dünən iki idmançılarımız – Patimat Abakarova (49 kq) və Məhəmməd Məmmədov (58 kq) qızıl medalın bir addımlığında büdrədilər. Onların oyunundan özünüz üçün nəticə çıxardınız?

- Mənim özümdə də bu cür səhvlər çox olub. Keçən ay dünya çempionatında kiçik səhvimin ucbatından qızıl medalı əldən verdim. Primat Abakarova da, Məhəmməd Məmmədov da yaxşı döyüşdü. Əllərindən gələni elədilər, təəssüf ki, medal döyüşlərində uduzdular. Patimat bürünc medal qazandı, heyf Məhəmmədin rəqibi qızıl xalı qazandı və özü uduzdu. Çalışacağam o səhvləri mən etməyim. Özümdə də belə səhvlər çox olub, indi öz üzərimdə işləmişəm və onları düzəltmişəm. Allahın köməkliyi ilə növbəti yarışım səhvsiz davam edəcək.

- 1/4 finalda rəqibiniz kim olacaq?

- İspaniyalı taekvondoçu Xoel Qonzales Bonilla ilə qarşılaşacağam. O, Olimpiya çempionudur. Yarışlar bizim vətənimizdə keçirilir. Bacardığımızı edəcəyəm, ancaq qələbəyə köklənmişəm.

- Ailənizdə peşəkar taekvondoçular var. Atanız, qardaşınız taekvondo üzrə məşqçidir. Səhv etmirəmsə, atanız - para-taekvondo üzrə millinin baş məşqçisi Əvəz Tağıyev həm də Sizin məşqçinizdir. Ailə üzvlərinizin kareyranıza təsiri varmı?

- 3 yaşından taekvondo ilə məşğul olmağa başlamışam. Atam müəllim olduğuna görə məni taekvondoya çəkib. Neçə ildir taekvonda ilə məşğulam. Qardaşım Naxçıvanda baş məşqidir, atamsa Para-taekvondonun üzrə milli məşqçinin baş məşqçisidir. Hər ikisinin mənə çox köməyi dəyir. Onların sayəsində bu yerə gəlib çatmışam.

Qeyd edək ki, 19 yaşlı A.Tağızadə 2013-cü ildə Portoda keçirilən Gənclər arasında Avropa Çempionatında gümüş medal qazanıb. Ayxan 1996-cı ildə Bakı şəhərində taekvando məşqçisi Əvəz Tağıyevin ailəsində dünyaya göz açıb. Atası Azərbaycanın Para-taekvando üzrə milli komandasının baş məşqçisidir. Onun qardaşı Fərid Tağızadə Azərbaycan milli taekvando komandasının keçmiş üzvüdür.

Nərgiz Ehlamqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR