• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

I Avropa Oyunlarının bağlanış mərasimi başa çatdı - VİDEO/FOTO

I Avropa Oyunlarının bağlanış mərasimi başa çatdı - VİDEO/FOTO

İlk Avropa Oyunlarının bağlanış mərasimi başa çatdı.

23:00

Bağlanış məraismi məşhur Britaniyalı müğənni Con Nyuman, “Clean Bandit” qrupu və tanınmış dj Qaret Emerinin ifası ilə davam edir. Avropa Oyunlarında iştirak edən idmançılar tribunadan enərək rəqs edirlər.

22:39

Səmadan tamaşaçıların üzərinə Simurq quşu əfsanəsindəki oyanış və dirçəliş toxumlarını əks etdirən yanar köz (işıq diodları) tökülür. Beləliklə, 17 günün kulminasiya nöqtəsi yaxınlaşır, birinci Avropa Oyunlarının alovu sönməyə başlayır. Yavaş-yavaş sönməkdə olan bu alovun ətrafında 50 iştirakçı dövləti təmsil edən 50 uşaq dayanıb. Onlardan biri Oyunların alovu ilə çırağını yandıraraq onu digər uşaqlarla bölüşür. Çıraqlar bir-bir yanır.

Sonra səhnənin mərkəzinə yaxınlaşan alov ifaçıların yanından keçir və onların da çıraqları yanmağa başlayır. Bu çıraqların asıldığı nəhəng çilçıraq səmaya yüksəlir. Meydan möhtəşəm işıq selinə qərq olur. Buradan belə bir məna çıxır: Avropa Oyunları alovunun zərrəciklərini qəlbimizdə daşıyıb dünya ilə paylaşsaq, o da Simurq quşu kimi ölməz olacaq.

Bu təsirli səhnələr Martin Rozengarten və Kristian Ştaynxauzerin Azərbaycan xalq mahnısı “Sarı gəlin”in motivləri əsasında aranjeman etdiyi “Lanterns” musiqisi ilə müşayiət olunur. Musiqi Şirzad Fətəliyevin ifasında balabanda səslənir.

22:33

Stadiona Azərbaycan muğamını tərənnüm edən həzin kamança səsi yayılır. Əsas səhnədə Atəşgah məbədi ucalmağa başlayır. Məbədin damında dayanmış qum rəssamı Simurq quşu əfsanəsindəki “həyat ağacı”nı çəkir. Onun çəkdikləri səhnədə heyrətamiz şəkildə canlanır. Yetmiş altı rəqqas qum üzərində çəkilən təsvirlərə mütənasib xoreoqrafik hərəkətlər nümayiş etdirir. Rəssam yaxınlaşan tufanı təsvir etdikdə rəqqaslar külək və dalğaları canlandırır. Daha sonra o, qum üzərində quş fiqurları çəkir və səhnədə Oyunların iştirakçısı olmuş 50 ölkəni təcəssüm etdirən 50 quş görünür. Quşlar bir yerə toplaşaraq əfsanəvi simurq quşuna çevrilir.

Musiqi getdikcə daha təntənəli xarakter alır. Qum rəssamı indi alov rəsmləri çəkir və səhnəyə alov dilimlərinə bənzər qanadları olan rəqqaslar çıxır. Musiqi güclənir, rəqqaslar daha çevik hərəkətlər edir və səhnə sanki od-alova bürünür. İfa kulminasiya məqamına çatdıqda Simurq quşu heyrətamiz şəkildə alovlanır və stadionun mərkəzində şölə saçaraq yanmağa başlayır.

Bu möhtəşəm səhnə məşhur əfsanənin motivləri əsasında qurulub. Əfsanəyə görə, bir dəstə quş xoşbəxtliyin, sağlamlığın və müdrikliyin müjdəçisi olan sehrli Simurq quşunun axtarışına çıxır. Bir araya gəldikdə Simurq quşunun ruhunun qəlblərində yaşadığını və birləşəcəkləri təqdirdə vahid sirli varlığa çevriləcəklərini anlayırlar. Belə də olur. Onların birliyindən yaranan Simurq quşu alovların əhatəsində pərvazlanıb səmaya qalxır və qanad çaldıqca yanaraq minlərlə işıq zərrəciyi arasında görünməz olur. Onun közü yerə yeni həyat toxumları kimi səpələnir, torpağa düşdükcə oyanış, dirçəliş baş verir.

Mərasim üçün yaradılan Simurq quşunun çəkisi 2 tona yaxın, ölçüləri 18x18 metrdir. Onun 50 qanadının hər birinin uzunluğu gərildikdə 1-3,4 metrə çatır.

22:15

Bu texnologiyalar sayəsində ölkələr və ayrı-ayrı fərdlər - onların ideyaları, mənsub olduqları xalqın mədəniyyəti və daşıdıqları enerjini bir-birinə ötürmək baxımından əvəzolunmaz mübadilə imkanları yaranır.

Səhnədə dünyamızın perspektivi təsvir olunur. Bu, gəncliyin enerjisidir. Rəqqas səhnədə bir enerji qığılcımı yaradır. Güclü enerji bədənindən keçərək onu hərəkətə gətirir. Rəqqas bu enerjini rəqqasəyə, daha sonra isə başqalarına ötürür. Onların urban və atletik tərzdə hərəkətləri yüksək enerjili hip-hop rəqsinə çevrilir. Beş yüzdən çox ifaçı diod lampalarla bəzədilmiş altıbucaqlı lövhələri başları üzərində tutaraq səhnəyə daxil olur. Onlar hərəkət etdikcə lövhələr əvvəlcə qrafik ekvalayzer, daha sonra şanagülü formasına düşərək müxtəlif heyrətamiz obrazlar yaradır.

Musiqi getdikcə həzinləşir və tamaşaçıların diqqəti səmaya yönəlir. İfaçılar üzərində altıbucaq formalı işıq zolaqları olan sirk halqalarında akrobatik hərəkətlər edir. Onlar yerə enir və bu zaman səhnədə çıxış edən ifaçılar şouya qoşulurlar. Əllərində əlvan rəngli bayraqlar olan 75 ifaçı səhnə boyunca hərəkət edir. Ahəngdar şəkildə hərəkət edən altıbucaqlı lövhələr birləşərək buta formalı üç səhnəni təcəssüm etdirən obraza çevrilir. Sonda “Bakı-2015” birinci Avropa Oyunlarının rəmzi olan nar ağacının qrafik obrazı yaranır.

22:95

Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikki çıxış edərək oyunların təşkilində xidməti olan hər kəsə, Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya təşəkkür etdi. Oyunların möhtəşəm keçdiyini deyən komitə sədri I Avropa Oyunlarını bağlı elan etdi.

Patrik Hikkinin çıxışından sonra stadionda fransız rəqqasların ifasında "Gəncliyin enerjisi" adlı rəqs nümayiş etdirildi.

21:54

Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tribunaya dəvət olunur. O, əvvəlcə fəxri qonaqları və tamaşaçıları salamlayır.

İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən duyduğu fərəh hisslərini diqqətə çatdıran Təşkilat Komitəsinin sədri deyir: Qürur hissi duyuruq ki, Azərbaycan üzərinə götürdüyü öhdəliyi cəmi iki il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbiri keçirdi.

Ötən 17 günün Azərbaycanın tarixində əlamətdar və yaddaqalan günlər olduğunu vurğulayan Mehriban Əliyeva Oyunlara və atletlərə verdiyi böyük dəstəyə görə Azərbaycan xalqına dərin minnətdarlığını bildirir. O, eyni zamanda, Avropa Oyunlarını yaddaqalan idman festivalına çevirən bütün atletlərə, öz mövqeyi və qətiyyəti sayəsində bu ideyanı reallaşdıran Avropa Olimpiya Komitəsinə və onun prezidenti Patrik Hikkiyə, beynəlxalq tərəfdaşlara, eləcə də azarkeşlərə və könüllülərə təşəkkür edir.

Mehriban Əliyeva nitqini bu sözlərlə tamamlayır: “Bu axşam biz məşəli söndürəcəyik və ilk Avropa Oyunları başa çatacaq. Belə bir idman və dostluq bayramı başa çatdığı zaman mən ölkəmizdən və xalqımızdan böyük qürur duyduğumu bəyan edirəm.

Son 17 gün hər zaman xatirimizdə qalacaq. O, nəsillərə qalacaq, tariximizin yaddaqalan məqamı olacaq.

Atletlər, sağ olun!

Dostlar, sağ olun!

Azərbaycan, sağ ol!”

Birinci xanım, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın nitqi hərarətli və sürəkli alqışlarla müşayiət olunur.

21:21

Öndə I Avropa Oyunlarının təşkilatçısı Azərbaycanın, ikinci olaraq dünyaya Olimpiya Oyunlarını bəxş. etmiş Yunanıstan olmaqla iştirakşı ölkələrin bayraqları stadiona gətirilir.

Sonra idmançıların paradı başlayır və tribunada onlar öz yerlərini tuturlar. Tamaşaçılar “Bakı-2015”in iştirakçılarını – Albaniya, Andorra, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Ermənistan, Xorvatiya, Kipr, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Makedoniya, Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Kosovo, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Monteneqro, Hollandiya, Norveç, Polşa Portuqaliya, Rumıniya, Rusiya Federasiyası, San-Marino, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Türkiyə və Ukrayna nümayəndələrini alqışlayırlar.

21:14

Könüllülərin işini əks etdirən videoçarx nüçayiş olunur. Bununla da I Avropa Oyunlarının könüllülərinə təşəkkür elan olunur.

***

Rəqqasələr əsas səhnədə dövrə vurduqca paltarları ətrafa şəfəq saçaraq gözəl naxışlar yaradır.

Səhnədəki üç nəhəng heykəl fırlandıqca musiqinin ritmi dəyişir. Açılan hər bir ətəyin uclarından 24 ifaçı tutur. Musiqi rok sintezinə çevrildikdə isə ənənəvi ətəklər müasir parlaq naxışlara dönür. Bunun ardınca heykəlləri hərəkətə gətirən 128 ifaçı görünür. Səhnədə dövrə vuran yüzlərlə rəqqasə mozaika formasında naxışlar yaradır. “Qız qalası”nın divarları aralanır və tamaşaçının gözü qarşısında müasir memarlıq abidəsi “Alov qüllələri” canlanır. Bu səhnə müasirliyin keçmişdən qaynaqlandığını əyani şəkildə təcəssüm etdirir.

21:10

Mərasimin “transformasiya” adlanan başlanğıc hissəsi Azərbaycan musiqisi, rəqsi və memarlığının müasirliyin enerjisi və gücü ilə zənginləşdirilmiş ənənələrini tərənnüm edir. Ətrafa xalq musiqisinin sədaları yayılır və ona müasir müğənnilər səs verir. Xalq rəqslərinin və müasir rəqslərin ifaçıları bir-birlərinin ritm və enerjisinə cavab verirlər.

21:02

Azərbaycan müxtəlif rənglərin, insanların, ənənələrin vəhdətindən ibarət zəngin xalça təsiri bağışlayır. Xalçanın ilmələri və naxışları kimi onların da hər biri fərqlidir. Buna baxmayaraq, fərqlilik onları gözəl bir əsər yaratmaq məramı ətrafında birləşdirir.

Yaradıcı heyət “Oyanış” adlandırılan mərasimi məhz bu ideya əsasında qurub. Stadiondakı ekranlarda rəngbərəng xalça ilmələri canlanır. Görkəmli rəssam Faiq Əhmədin bənzərsiz xalçalarının naxışı 10-dan 0-dək rəqəmlərə çevrilir və geriyə sayım başlayır. Sıfır göründüyü an işıq əsas səhnədəki iki müğənninin üzərinə düşür. Xor onlara qoşularaq Azərbaycan Dövlət Himnini yeni simfonik aranjemanda ifa edir.

***

Bağlanış mərasimi başlayır. Stadionda şeypurlar səslənir. Nəzərlər Prezident lojasına yönəlir. Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini hərarətli alqışlarla salamlayırlar.

20:51

İlk Avropa Oyunlarının bağlanış mərasimi başladı.

Publika.az xəbər verir ki, Bakı - 2015-in diqqət mərkəzi bağlanış mərasimi üçün yenidən Olimpiya Stadionuna qayıdıb.

Bakı 2015-in Bağlanış Mərasimi barədə əlavə faktlar:

- Stadionun daxilində 250 metr uzunluğunda 7,5 ton ağırlığa tab gətirən xətlər çəkilib

- Üç səhnədə istifadə ediləcək 450 m2- lik LED döşəmə plitələri

- Mərasimin təşkil edilməsi üçün 20 ölkədən 500-dən çox yük maşını ilə və hava yolu ilə gətirilmiş 100 ton həcmində yük
- 800 səsgücləndirici və səs sistemi üçün 25 km uzunluğunda naqil
- 2000-dən çox işıqlandırma qurğusu
- Çəkiliş və işçi heyəti tərəfindən istifadə ediləcək 12 mindən çox qulaqcıq və 180 mindən çox akkumulyator
- 2011-ci ildən etibarən Olimpiya Stadionunun tikintisinə 20,5 milyon saat əmək sərf olunub
- 10 min ədəd pirotexniki qurğu
- Mərasimin möhtəşəm atəşfəşanlıq səhnəsinin hazırlanması üçün sahədə 5 min saat əmək sərf olunub
- Atəşfəşanlığın musiqi ilə sinxronlaşdırılması üçün 200 saatlıq proqramlaşdırma işi həyata keçirilib
- Stadionun dam örtüyündə 120 ədəd pirotexniki işəsalma qurğusu yerləşdirilib.



Qeyd edək ki, Bakı- 2015 Avropa Oyunlarında 16 olimpiya idman növü və dörd qeyri-olimpiya idman növü olmaqla ümumilikdə 20 idman növü üzrə yarışlar keçirilib. 17 yarış günü ərzində Avropanın hər yerindən 6000-dən çox idmançı öz xalqlarını təmsil ediblər.

İdman növlərinin on ikisi 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay Olimpiya Oyunları üçün kvalifikasiya imkanları yaradıb. Sözügedən idman növlərinin sırasına kamandan oxatma, atletika, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, voleybol və güləş daxildir.

Avropa Oyunlarının keçirilməsi Bakı şəhərinə Avropa Olimpiya Komitələri (EOC) tərəfindən 2012-ci ilin dekabr ayında həvalə olunmuşdu.



Xəbər lenti

DAHA ÇOX XƏBƏR