Elvin Məmişzadə: “Bilirdim ki, ölkə başçısı döyüşümü zaldan izləyəcək”
Bizi izləyin

Bakı 2015

Elvin Məmişzadə: “Bilirdim ki, ölkə başçısı döyüşümü zaldan izləyəcək”

İlk Avropa Oyunlarında 69 kq-da boksda qızıl medal qazanmış Elvin Məmişzadə təəssüratlarını Publika.az-la bölüşüb.

O, Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib:

“İlk Avropa Oyunları çox yüksək səviyyədə təşkil olunmuşdu. Oyunlar Azərbaycan idmançıları üçün uğurlu oldu. Komanda hesabında 2-ci yerdə qərarlaşdıq. Ümumilikdə boksçularımız komandamıza 6 qızıl medal qazandırdı. Bu nəticə bizim üçün çox sevindiricidir. I Avropa Oyunları idmançılara böyük təcrübə qazandırdı. Bu mötəbər turnirə Avropa ölkələrinin ən güclüləri gəlmişdi”.

Daha sonra idmançımız “Şöhrət” ordeni ilə təltif olunmasından da danışdı:

“Ali baş komandan İlham Əliyev məni “Şöhrət” ordeni ilə təltif etdi. Bu cür mükafata layiq görüldüyüm üçün dövlət başçımıza təşəkkürümü bildirirəm. Məni bu şərəfə layiq gördüyü üçün İlham Əliyevə minnətdaram”.

Boksçumuz final görüşü barədə bunları dedi:

“Final görüşünə çox yaxşı hazırlaşmışdım. Həmçinin psixoloji olaraq da tam hazır idim. Anlayırdım ki, həlledici andır, döyüşü vermək olmaz. Bilirdim ki, ölkə başçısı döyüşümü zaldan izləyəcək. Bundan əlavə, bütün xalqımızın, azarkeşlərimizin qarşısında döyüşmək məsuliyyəti daha da artırmışdı. Buna görə də təbii ki, həyəcan var idi. Amma həyəcanıma qalib gələrək qızıl medala sahib oldum”.

Sonda Elvin Rio-de-Janeyro Olimpiya Oyunlarında da uğurlu nəticə vermək üçün əlindən gələni edəcəyinə söz verdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm