Dünya çempionatının ən kədərli azarkeşi - o kimdir? (FOTOLAR)
Bizi izləyin

Bilgi.az

Dünya çempionatının ən kədərli azarkeşi - o kimdir? (FOTOLAR)

Bu şəkil çəkildiyi andan bütün dünyanı dolaşdı. Yarımfinalda komandasının uduzmasına kədərlənən braziliyalı fanat dünya kubokunun maketini özünə sıxaraq ağlayır. Təkcə “YouTube” sosial şəbəkəsində braziliyalı fanatın göz yaşlarının qeydə alındığı videoçarx 3.5 milyon dəfə izlənildi.

1-7 hesablı məqlubiyyət Braziliya komandasının tarixində ən ağır məğlubiyyət oldu. Ancaq həmin gün bütün dünya “ən kədərli azarkeş”ə heyran oldu.

Publika.az sizi həmin azarkeşlə tanış edir. Adı Klovis Akosta Fernandesdir. Dörd uşaq atası olan Klovisin 59 yaşı var. Bu bığlı simpatik kişinin həyatının mənası öz sevimli komandasına dəstək verməkdir.

Uşaqlıqda daim atasının milli yığmaya azarkeşlik etdiyini, komanda qələbə çalarkən havaya fişəng atdığını görüb. Özü isə ilk dəfə dünya çempionatına televizorda baxıb – 1970-ci ildə. Elə həmin vaxtdan dünya çempionatını canlı izləmək üçün alışıb-yanıb.

1990-cı ildə bu arzusuna çatıb. Həmin vaxt çempionat İtaliyada keçirilirdi. Ancaq arvadı şərt qoymuşdu – əvvəlcə evə piano al, sonra get. Klovis bu “tapşırığın” öhdəsindən gəldi. Bir neçə gün sonra o, artıq Romada idi.

Adi pitseriya sahibi olan fanat üçün uzaq İtaliyada 30 gün qalmaq asan deyildi. Çempionat müddətində xərcləri ödəmək üçün müvəqqəti işə düzəldi. Kafelərdə işlədi. Elə çempionat müddətində də ilk dəfə olaraq özü kimi azarkeşlərlə tanış oldu.

1994-cü ildən başlayaraq oğlu da Klovisə qoşuldu. ABŞ-da keçirilən çempionatda atasının ingilis dili ilə bağlı çətinliklərini aradan qaldırdı. Həmin vaxt Braziliya çempion oldu. Həm də Kovisin öz fanat qrupu peyda oldu. Bu qrup “dünya kubokları kovboyları” adlanır. Kovboy şlyapalı fanatların lideri Klovis idi.

Həmin vaxtdan etibarən Klovis səyahətlərində həmişə talismanını – dünya kubokunun kiçildilmiş modelini özü ilə götürür.

Ümumiyyətlə, bığılı fanat öz sevimli komandasının 150-dən çox oyununu canlı izləyib. Dünyanın bu başından o biri başınadək gəzib. Cənubi Koreya və Yaponiyada 2002-ci ildə keçirilən çempionatda bir şəhərdən o biri şəhərə gedədək komandasına dəstək vermək üçün hətta kiçik avtobus almışdı. Bu qədər xərc çəkməyə dəyərdi: həmin il Braziliya dünya çempionu oldu – finalda 2-0 hesabı ilə Almaniyaya qalib gəldi.

Budəfəki çempionat isə, əlbəttə ki, Klovis üçün uğursuz oldu. Ancaq 59 yaşlı fanat ruhdan düşmür. “Dünyanın ən kədərli azarkeşi” indi də Rusiya səfərinə hazırlaşır. Axı o bilir ki, komandası dünyada bütün çempionatların final mərhələsində iştirak etmiş yeganə millidir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm