Donbasda rusların qənimi: “Ruslarla vuruşmaq xoşumuza gəlir”
Bizi izləyin

Dünya

Donbasda rusların qənimi: “Ruslarla vuruşmaq xoşumuza gəlir”

Çeçenlərlə komplektləşdirilən batalyonlar Ukraynaya separatçılarla vuruşmağa kömək edir.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” nəşrinin müxbir Endrü Kramer yazıb.

Onun sözlərinə görə, Ukrayna ordusunun tərəfində anti-terror əməliyyatları zonasında üç çeçen batalyon vuruşur. Bu batalyonlar cəbhə xəttinin ən isti nöqtələrinə göndərilirlər. Endrü Kramer Şeyx Mənsurun şərəfinə onun adı verilən batalyonun komandiri ilə danışıb. Amerika nəşrinin yazdığına görə, batalyon Ukraynanın millətçi “Sağ sektor” təşkilatına tabedir.

Kramerin həmsöhbəti öz adını açıqlamaqdan imtina edib. Yalnız deyib ki, 45 yaşı var və hər iki çeçen müharibəsində iştirak edib. Yaxın vaxtlara qədər isə Fransada yaşayıb.

“Ruslarla vuruşmaq bizim xoşumuza gəlir. Biz həmişə ruslarla vuruşuruq. Mən artıq 24 ildir ki, bu yola çıxmışam. Bizim üçün müharibə heç vaxt qurtarmayacaq. Biz heç vaxt Rusiya ilə müharibədən çəkinməmişik və bundan sonra da belə olacaq”, - çeçen səhra komandiri bildirib.

Kramer qeyd edir ki, çeçenlər millətçilərlə yaxşı yola gedirlər, çünki onlar da çeçenlər kimi öz vətənini sevirlər və ruslara nifrət edirlər. Komandir bildirib ki, onun döyüşçüləri gülləkeçirməyən jilet geyinmirlər: “Biz Allaha inanırıq, gülləkeçirməyən jiletlər bizə lazım deyil”.

Şeyx Mənsur və Cövhər Dudayev adına batalyonlar əsasən çeçenlərdən ibarətdir. Amma onlarda post-sovet məkanının digər ölkələrindən gələn müsəlmanlar, məsələn, özbəklər və balkarlar var. "Krım" adlanan batalyona isə əsasən Krım tatarları daxildir. Nəşrin məlumatına görə, çeçenlər Ukraynaya Avropa və Mərkəzi Asiyadan gəlirlər.

“Çeçenlər qiymətli döyüşçülərdir. Ukraynalı komandirləri onları əla kəşfiyyatçılar və snayperlər kimi tərifləyirlər. Bundan başqa, çeçenlər pusqular və basqınların mahir təşkilatçıları kimi məşhurdurlar”, - Kramer yazıb.

Ukrayna hakimiyyəti isə ölkənin şərqində nə qədər çeçen döyüşçünün vuruşduğunu açıqlamaqdan imtina edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm