• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İran xəfiyyələri Nazirlər Kabinetinə qədər nüfuz edib - Şok ittihamlar

  • Dünya
  • 18 Mart 2014 16:50
  • 1 871 Baxış
İran xəfiyyələri Nazirlər Kabinetinə qədər nüfuz edib - Şok ittihamlar


“Bu rüşvət və korrupsiya istintaqı yeni hadisə deyil. MİT əməliyyatdan 8-9 ay əvvəl müəyyən şəxslərin – bunlar İran xəfiyyələri də ola bilər – nazirlərə, nazir övladlarına, hətta nazirlər kabinetinə qədər nüfuz etdiyini xəbər veribmiş. Ancaq məsələni görməməzliyə vurublar. Sonra mediada, xüsusilə də, hökumətə yaxın qəzetlərdə səhifələrlə xəbərlər çıxıb. Yenə də tədbir görməyi düşünməyiblər. 17 dekabrda sözügedən əməliyyatlar başlayınca, tutmağa bir budaq tapmayanda günahı başqasının üstünə yıxmaqla özlərini təmizə çıxamağa çalışdılar”.

Publika.Az fgulen.com saytına istinadən xəbər verir ki, Türkiyədə camaatın dini lideri Fətullah Gülən ona qarşı səslənən iddialarla cavab verdiyi müsahibəsində deyib.

“Mində birini belə tanımıram...” demişəm, amma yenə də adımıza çıxmaqda davam edirlər”

F. Gülən bildirib ki, bu əməliyyatı aparanları tanımır: “Əvvəllər də demişəm. Bu əməliyyatı keçirənlərlə, təşkil edənlərlə irtibatım, əlaqəm olmayıb. Dəfələrlə “Mində birini belə tanımıram...” demişəm, amma yenə də adımıza çıxmaqda davam edirlər. Məni ən çox üzən şərəfli və dürüst bildiyim bəzi siyasətçilər oldu.

Keçmişdən tanıdığım, dininə və vicdanlarına zidd hərəkət etməyəcəklərinə inandığım, etimad etdiyim bu şəxslərin səssiz qalmayacağını düşünürdüm. Məkanı cənnət olsun, mərhum Özalın bu cür çirkli işlərə göstərdiyi reaksiyanı onlardan da gözləyirdim. Ancaq olmadı... Onlar səsini çıxarmayınca “bir” edənlər “min” etməkdən çəkinmədilər. Cümhuriyyət tarixində görünməmiş bir yol icad etdilər. Qanun pozuntuların əvəzinə, bu kimi halları istintaqa cəlb edənlərin üstünə getdilər. Əgər xalqın hüququna təcavüz edilirsə, rüşvət, korrupsiya, vəzifədən sui-istifadə halları, tenderlərdə qanun pozuntuları varsa və bunun üstünü örtürlərsə, Allah buna görə sorğu-suala çəkər. Görəsən, nə gözləyirdilər... Əgər bu istintaq işini aparanların içində Hizməti təqdir edənlər varsa, mən bu insanlara “Göz yumun!”mu deməliydim? Bilmirəm, mənə elə gəlir, bunu umanlar var. Məndən bunu istəyirlər? Bir şey axirətimi məhv edəcəksə, onu necə söyləyərəm?! Başqa cür necə hərəkət edə bilərəm?
Yenə də təkrar edirəm. “Paralel”-filan deyərək ləkələməyə çalışdıqları bu insanlar qanuna və nizamnaməyə zidd hərəkət etmişlərsə, bugünədək niyə cəzalandırılmayıblar? On minlərlə insanın yeni təyinatlarla yerindən-yurdundan edildiyini eşitdim, amma vəzifədən sui-istifadə etdiyinə görə, qanun-qaydanı pozduğuna görə hansınınsa istintaqa cəlb olunduğunu eşitmədim. Bilmirəm, siz eşitmisiniz, yoxsa yox”.

“Əgər biz “paralel” dövlətiksə, Allah bizə bəla versin, yox əgər deyiliksə, bu işləri məsum camaatın üstünə yıxanlara bəla versin!”

F. Gülən məşhur “bəddua”sından da danışıb və bunun yanlış təqdim edildiyini bildirib: “Yanlış anlamaqdan əl çəkmək istəmədilər. Bir misal verim. Təsəvvür edin ki, bir nəfər dəfələrlə eyni yalanlarla sizə hücum çəkir. Sonra elə bir həddə gəlirsiniz ki, səbir kasanız daşır və: “Əgər mən sənin dediyin kimiyəmsə, Allah mənə bəla versin, yox əgər deyiləmsə, bəlanı bu yalan və böhtanı atana versin” deyirsiniz. Ogünkü dua da bu məzmunda idi. Heç bir şəxsin, heç bir partiyanın adını çəkmədim. Bəzi xüsusiyyət və əməllərdən danışdım. “Kim filan-filan işləri görürsə...” dedim. O xüsusiyyətlər onlarda yoxsa, o işləri onlar görməyibsə, niyə bu qədər narahat olurlar, özlərinə götürürlər? Məkrli planlara, əsassız iddialara söykənən bu cür iftiraları səsləndirənlərdən, bu haqda qəzetlərdə səhifə-səhifə məqalə dərc etdirənlərdən duama “Amin!” gözləyirdim. Amma deyə bilmədilər. Əksinə bu duadan sui-istifadə etdilər. Mən yenə eyni fikirdəyəm. “Əgər biz “çətə”yiksə, “örgüt”üksə, Allah bizə bəla versin, əgər “paralel” dövlətiksə, bizə bəla versin. Yox əgər deyiliksə, bu işləri məsum camaatın üstünə yıxanlara bəla versin!” Bu duaya rahat vicdanla “Amin!” deyə bilməyənlər aqibətlərindən qorxsunlar”.

“Əsas niyyətləri ilk öncə hazırlıq kurslarını, sonra da məktəbləri bağlamaqdır”

Camaat lideri hazırlıq kusrlarının bağlanmasına da toxunub. Bildirib ki, onun baş naziri bununla bağlı hədələməsi haqqında deyilənlər doğru deyil: “İlk öncə deyim ki, kim bunu iddia edirsə, istinadını, dəlil-sübutunu ortaya qoymalı və məhkəməyə verməlidir. İctimaiyyətə də çatdırmalıdır. “Filan kəslər gəldi, bizi təhdid etdi” şəklində. Hökuməti şantaj etmək böyük cinayətdir. Yox hansısa xoflarını bu şəkildə dilə gətirirlərsə, buna cavab verməyə ehtiyac görmürəm. Hazırlıq kurslarının bağlanma məsələsi son 2-3 ayda ortaya atılmayıb. Belə ki, ötən günlərdə sabiq təhsil nazirlərinin adını çəkərək “O bacarmadı, bu bacarmadı, o da bacarmadı, indiki nazir bunu həyata keçirəcək!” də demişdi.

Demək ki, bu məsələni çoxdan planlayırlarmış. Bəlkə də, kiməsə söz veriblər. Hətta verilən söz haqda məxfi sənədlər olduğuna dair xəbərlər çıxdı qəzetlərdə. Açıq-aşkar məlum oldu ki, hazırlıq kursları heç də təhsilin səviyyəsini yüksəltmək niyyəti ilə bağlanmır. Aşkar görünür ki, Camaatın təhsil fəaliyyətlərinə mane olmaq istəyirlər. Mitinq meydanlarında da məramlarını dilə gətirir, “Övladlarınızı özəl məktəblərə, hazırlıq kurslarına göndərməyin” deyirlər. Yəni əsas niyyətləri ilk öncə hazırlıq kurslarını, sonra da məktəbləri bağlamaqdır. Növbəti addım başqa ölkələrdəki məktəblərin bağlanmasına cəhd eləməkdir. Nazlı (İlıcaq) xanımın bu haqda fikirləri ağlabatan görünür. Onun fikrincə, çox güman ki, istintaqdan xəbər tutan hökumət hazırlıq kurslarını bağlamaq şantajı və psixoloji təzyiqi ilə bizim bu əməliyyatların qarşısını alacağımızı gözləyirmiş.

Kaş ki niyyətlərini açıq şəkildə dilə gətirəydilər, “Sizin bu işlə məşğul olmağınızı istəmirik” deyəydilər. Heç olmasa, Camaatla əlaqəsi olmayan kurslara dəyməyəydilər. Varını-yoxunu xərcləyib, güc-bəla ilə hazırlıq kursu açan insanların halına üzülürəm. Deyilənə görə, 3800 hazırlıq kursundan 3000-nin Camaatla heç bir əlaqəsi yoxdur. Açıq desəydilər, biz də: “Yaxşı, madam ki, bu məsələ sizin üçün bu qədər əhəmiyyətlidir, xahiş edək, dostlarımız müəyyən müddətə bağlasınlar” deyərdik. Qurunun yanında yaş da yanmayaydı”.

“Türkiyənin cənub-şərqində meydana gələcək boşluğu düşünəndə ürəyim ağzıma gəlir”

F. Gülən Türkiyə Təhsil Nazirliyini tənqid edib.“Təhsil Nazirliyi, hətta hökumət imkanlarını daha ciddi məsələlərə sərf etməlidir. İctimai böhranların, mədəni eroziyaların fərdləri, ailələri əsarət altında aldığı bir dövrdə yaşayırıq. Bu yaxınlarda bir tədqiqatçı dostumuzun məqaləsində oxumuşdum. Səhv xatırlamıramsa, intihar hadisələri son 12 ildə 36 faiz artmışdır. Orta məktəblərdə narkotik istifadəsi gündən-günə artır, şagirdlərin 32 faiz spirtli içki qəbul edir. Bir qadın psixiatrın verdiyi məlumata görə, narkotik aludəçilikdən müalicə olunanların sayı son 10 ildə 17 dəfə artmışdır. Bu məlumatlar onu göstərir ki, cəmiyyətin əxlaq və dəyərləri ciddi təhlükədədir.

Təhsilimizi, hətta ölkənin gələcəyini təhlükə ilə üz-üzə qoyan bu qədər ciddi problemlər ola-ola hazırlıq kurslarını bağlamaqla təhsili inkişaf etdirmək arasında nə əlaqə var?! Yoxsa kursları bağlayaraq bu ictimai bəlaların qarşısını alacaqlar? Bildiyim qədər, camaata aid edilən bu məktəb və kurslar təhsil verməklə yanaşı, sözügedən ictimai problemlərlə də mübarizə aparırlar. Türkiyənin cənub-şərqində meydana gələcək boşluğu düşünəndə ürəyim ağzıma gəlir. Başa düşə bilmirəm, bu ölkənin idarəçiləri cılız mənfəətlər uğrunda ölkənin birliyini nə haqla təhlükəyə atırlar?”.

“Telefonları qeyri-qanuni dinləyənlər tapılmalı və cəzalandırılmalıdır”

Ortaya çıxan səs yazılarından da danışan F. Gülən bununla bağlı camaata qarşı səslənən ittihamlar barədə deyib ki, bu cür ittihamlar ilk dəfə deyil, ancaq əllərində heç bir sənəd-sübutları yoxdur. Onun sözlərinə görə, bu məsələdən mütəmadi şəkildə sui-istifadə edilir, amma ortaya heç bir dəlil qoyulmursa, demək, bu işdə məqsəd tamam başqadır: “Bu haqda hərə bir söz deyir. Bir az qarışıq bir məsələdir. Ortada həm məhkəmə qərarı ilə qeydə alınan, həm qeyri-qanuni əldə edilən səs yazıları var. Hansı yolla olur-olsun, telefonları qeyri-qanuni dinləyənlər tapılmalı və cəzalandırılmalıdır. Kim olur-olsun, kimin tərəfində durur-dursun, fərqi yoxdur. Mən də, dostlarım da bu barədə haqsızlığa məruz qalmışıq. Xeyli vaxtdır ki, haqqımızda mənfi ictimai rəy formalaşdırmağa çalışırlar, əsassız ittihamlar ortaya atırlar, mediada açıq-aşkar ittiham edirlər. Bütün bunlarla ancaq hüquq çərçivəsində mübarizə apara bilərik. Qaydasız, qanunsuz, hətta qanunun qoyduğu sərhədləri pozaraq telefon dinləyənlər varsa, məhkəmə qarşısında cavab verməlidir. Həmçinin, bunu da xatırlatmalıyam ki, böyük bir kütləni sübut-dəlil olmadan telefonları dinləməkdə ittiham edənlər də qanun qarşısında cavab verməlidir. Qanun onları “Haradan bilirsən?” deyə sorğu-suala çəkməli. Qanunsuzluğu qanunsuzluqla aradan qaldırmaq mümkünsüzdür. Sərf etməyəndə haqsızlığa məruz qaldığını, qanunsuz dinlənildiyini demək, sərf edəndə də o səs yazılarından faydalanmaq, fikrimcə, həm hüquqi, həm də əxlaqi baxımdan qəbuledilməzdir...”.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR