Ermənistan “Qazprom”un törəmə strukturudur - erməni nəşri
Bizi izləyin

Dünya

Ermənistan “Qazprom”un törəmə strukturudur - erməni nəşri

“O, Qərb, Rusiya, Türkiyə və digərləri üçün bir tapıntıdır”

Rusiyanın Krıma müdaxiləsi ilə bağlı BMT Baş Məclisində qəbul olunmuş qətnaməyə Ermənistanın dəstək verməməsi, Rusiyanın dəstəkləyən 11 ölkədən biri olması Qərbdə narazılıqla qarşılandı. ABŞ-ın Ermənistandakı səfiri Con Heffern rəsmi İrəvanın bu addımından təəssüfləndiyini bildirdi.

Xarici Siyasət üzrə Amerika Şurasının Avrasiya və Avropa regionu üzrə aparıcı mütəxəssisi Ueyn Merri isə qeyd edib ki, Ermənistanın Krımla bağlı mövqeyi heç də təəccübli olmayıb. “Bu mövqe Ermənistanın bir sıra Avropa hökumətləri ilə və əlbəttə ki, ABŞ-la münasibətlərində nahamarlıq yaradacaq. Mən bilirəm ki, bizim səfir Con Heffern Ermənistanın hərəkətləri ilə bağlı həddən artıq sərt danışıb. Bununla belə, situasiyanın Vaşinqton-İrəvan münasibətlərinə necə təsir edəcəyini söyləmək hələ tezdir”, - eskpert söyləyib.

Məlumatlara görə, Ermənistanın Ukraynadakı səfiri Andranik Manukyan səsvermə ərəfəsində Kiyevi əmin edib ki, onun ölkəsi qətnaməyə “bitərəf” qalacaq. Səfir Ermənistan XİN-dən ona belə vəd verildiyini deyib. Lakin Ermənistan qətnamənin əleyhinə səs verib və səfir Manukyan pis vəziyyətdə qalıb.

Publika.Az – ın verdiyi xəbərə görə, Ermənistanın “7or” saytı ABŞ səfirinin İrəvanın Krım hadisələri ilə bağlı mövqeyinə təəsüflənmədən əvvəl Serj Sarkisyanın seçki saxtalaşdırmaları vasitəsilə seçkilərdə “səs qazanmasına” və dövlət idarəçilik sistemini inhisara almasına təəssüflənməli olduğunu yazıb.

“Seçki saxtakarlığı ABŞ səfirinin və Qərb məmurlarının ruhlandırıcı bəyanatları fonunda baş verirdi. Onlar üçün lazım olan Ermənistanı da öz geosiyasi oyununa cəlb etmək idi. Necə ki, bu Gürcüstan, Ukrayna və Moldovada baş verdi. Oyunun adı isə “Avropa İttifaqı ilə assosiasiya haqqında saziş”, məqsəd isə Rusiya ətrafında bufer zonasının yaradılması idi. Serj Sarkisyanı isə pul və kreslosundan başqa heç nə maraqlandırmır. O, məhz bu keyfiyyətləri sayəsində Qərb, həmçinin Rusiya, Türkiyə və digərləri üçün sadəcə olaraq tapıntıdır”, - yazıda qeyd olunub.

Qərbin seçkilərin saxtalaşdırılması üçün Ermənistan hakimiyyətini həvəsləndirdiyini yazan “7or” S.Sarkisyanın Ermənistan və Qarabağın təhlükəsizliyini kazinoda oyuna qoyaraq xarici siyasəti çevirməklə məşğul olduğunu qeyd edib:

“Əvvəlcə bu “futbol diplomatiyası”, daha sonra isə “assosiasiyalar” şəklində edildi. Oyun sonda alçaldıcı Gömrük Şurası qərarı ilə başa çatdı. Beləliklə, Qərb erməni xalqına “atdı”, Serj isə Qərbə “atdı”. Nəticədə Ermənistan “Qazprom”un törəmə strukturu rolunu yerinə yetirməyə başladı. ABŞ səfirinin İrəvanın Krımla əlaqədar mövqeyinə təəssüflənməsi ən azından qəribə görünür. Məhz Qərbin qərarları və mövqeyi Ermənistanı Serjlə birlikdə Rusiyanın kukla əlavəsinə çevirdi. “Təəssüf ki” Heffern bir az gecikdi və onun özünün danlanmasına ehtiyac var”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm