Donetsk Putinə lazımdırmı, yaxud Putin Ukraynada nə axtarır? - Şok iddialar
Bizi izləyin

Dünya

Donetsk Putinə lazımdırmı, yaxud Putin Ukraynada nə axtarır? - Şok iddialar

Donetsk Putinə lazımdırmı, yaxud Putin Ukraynada nə axtarır? - Şok iddialar

Mayın 12-sində özünü müstəqil elan edən “Donetsk Xalq Respublikası”nın liderləri Rusiya Federasiyasının tərkibinə qəbul edilməsi xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət ediblər. Kremlin xahişə hansı reaksiya verəcək və Donetsk Putinə lazımdırmı?

Publika.az – ın verdiyi xəbərə görə, gordonua.com saytı bu suala cavab tapmaq üçün ekspertlər və siyasilərə müraciət edib.

Rusiyanın siyasi və iqtisadi ekspert, Dövlət Dumasının sabiq deputatı Konstantin Borovoy hesab edir ki, Putinə yalnız Donetsk deyil, bütün Ukrayna, üstəlik Dnestryanı, Latviya və Estoniyanın bir hissəsi lazımdır. O, qeyd edir ki, Putinnin “Donetsk Xalq Respublikası”nın çağırışına hələ ki reaksiya verməməsi Donetskdən imtina anlamına gəlmir. “Əksinə, 25 May prezident seçkisinə qədər Rusiya hərbi hərəkətlərə başlayacağına şübhə etmirəm və bunu sülh əməliyyatı adlandıracaq. Əməliyyatda Belarus da iştirak edəcək. Krımın zəbt edilməsi zamanı beynəlxalq cəmiyyətin fəaliyyətsizliyi onunla bağlı idi ki, Qərb siyasətçiləri Putinin yalnız Krımla kifayətlənəcəyini güman edirdi. Onlar hətta Ukraynaya yarımadadan imtina etməyi təklif edirdilər. Amma bu gün hər şey aydın oldu. Putinin hədəfi yalnız Krım və ya Donetsk deyil, bütün Ukraynadır”, - rusiyalı ekspert deyib.

Onun fikrincə, hazırda Ukrayna qarşısında iki əsas vacib məsələ dayanır: “Birincisi, təcili şəkildə ölkənin sərhədlərini qoruyacaq və Krımı işğaldan azad edəcək ordunun yaradılmasıdır. İkinci məsələ iqtisadi və siyasi sistemin bərpasıdır. Dövləti saxlamaq üçün hər iki məsələ tezliklə həll edilməlidir. Əks halda Ukrayna “Putin imperiyası”nın koloniyası olacaq”.

Ukrayna Ali Radanın deputatı, biznesmen Valeri Moşenki də bildirir ki, Putinə yalnız Donetsk deyil, Hitler kimi bütün dünya lazımdır: “Rusiya prezidentini anlamaq sağlam düşüncəli insan üçün çox çətindir. Əgər Putini dayandırmasaq, onda çox uzağa gedəcək. Mən Donetskin verilməsinə hazır olan insanların fikirlərini qəti şəkildə bölüşmürəm. Vətəni müdafiə etmək lazımdır, çünki bu Vətəndir. Mən öz evimi heç kəsə verməyəcəyəm. Krım verdilər, indi növbə Donetskinindir. Kim deyir ki, düşmən bununla dayanacaq? Zəiflə həmişə onun layiq olduğu kimi rəftar edirlər”.

Ukraynalı deputat bildirir ki, Putin Odessa, Herson və Nikolayev, Dnestryanı və Baltikyanı ölkələrlə bağlı da eyni şeyi düşünür.

Ukrayna Bazar İslahatları Mərkəzinin prezidenti, iqtisad elmləri doktoru Vladimir Lanovoy hesab edir ki, Putin Ukraynada neft, təbii və şist qazının çıxarılmasının qarşısını almaq istəyir. Amma o, Donetskin Putinə lazım olmadığını bildirir: “Donetsk Rusiya büdcəsi üçün ağır yük olacaq. Çünki, maddi yardım və dotasiya tələb edir. Putinə üçün ən azından Ukraynanın Avropa Birliyinə daxil olması perspektivinə son qoymaq lazımdır. Məlumdur ki, hərbi münaqişədə olan ölkələr Avropa Birliyinin üzvü ola bilməzlər”.

Ali Radanın deputatı, Regionlar Partiyasının fraksiya rəhbərinin müavini Oleq Çarev suala sualla cavab verib: “Donetsk Obamaya lazımdırmı?”

Politoloq, tarixçi Aleksandr Palin hesab edir ki, Putinin hədəfi Donetskdə bütün Ukraynada qeyri-stabil vəziyyət yarada biləcək terror yuvasını yaratmaqdır: “Məhz bunun üçün orada terrorçular və separatçılar rəqs edirlər. Öz-özlüyündə Donetsk Putinə lazım deyil. Donetsk Putinə yalnız Ukrayna üçün ilgək olaraq lazımdır. Region demoqrafik, əmək və iqtisadi baxımdan tükənib. Region Rusiyaya birləşərsə və pensiyaları ödəməyə başlayarsa, bu Rusiya büdcəsi üçün böyük yük olacaq. Donetsk bu gün sosial faciə zonasıdır. Uzun müddət bizə danışırdılar ki, bu region hamını yedirir, amma əslində heç də deyil. Regionalr Partiyası region iqtisadi kollapsa qədər çatdırdı. Sənaye istehsalının aşağı düşməsi 2012-ci ildən davam edir. Ukraynanın yalnız 9 regionu 2014-cü ilin birinci rübü ərzində istehsalı artırıb. Donetsk vilayətində iqtisadi gerilik 15 faiz olub. Putin bütün Ukraynada qeyri-stabil vəziyyət yaratmaq üçün Donetskdən istifadə edir. Onun planı Donetskdə terror yuvasını yaratmaqdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm