• USD 1,7007 0,00% EUR 2,0209 -1,05%
    • GBP 2,2939 -0,19% RUB 0,0292 -0,34%

Bu ölkələr Rusiyaya hücum edəcək: 240 minlik qoşunla MÜHARİBƏ MƏŞQİ

  • Dünya
  • 2 Sentyabr 2017 10:38
  • 2 801 Baxış
Bu ölkələr Rusiyaya hücum edəcək: 240 minlik qoşunla MÜHARİBƏ MƏŞQİ

Qərbdən Rusiya və Belarusa hücum edirlər. Amma birləşmiş qoşunlar hücumu dəf edərək rəqibi geri tullayır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu “Qərb-2017” Belarus-Rusiya birgə hərbi təlimlərin ssenarisini təqdim edən Belarusun müdafiə naziri Oleq Belokonev Minskdə keçirdiyi brifinqdə deyib.

Sentyabrın ortalarında keçiriləcək təlimlərdə nizami qoşunun hərbi qulluqçularından başqa ehtiyatdan çağırılan hərbi qulluqçular iştirak edəcəklər.

Şərti dövlətlərin hücumu

Təlimlərin ssenarisinə görə, “Veysnoriya”, “Vesbariya” və “Lubeniya” şərti dövlətlər Belarus və Rusiyaya hücum edirlər.

“Lubeniya” Polşanın şimali-şərq, Litvanın cənubi-qərb, (“Suvalkovski dəhlizi”), “Vesbariya” Latviyanın qərb və mərkəzi, “Veyşnoriya” isə Belarusun Grodno, Minsk və Vitebsk bölgələrinin şimali-qərb hissəsində yerləşir. Rəqib konkret olaraq göstərilib: Polşa və Litva. Ssenariyə əsasən, qonşu ölkələr arasındakı əlaqələr etnik və dini ziddiyyətlər, habelə ərazi iddiaları əsasında pisləşib.

“Veyşnoriya” şərti ölkəsi real Belarusun şimali-qərb hissəsində yerləşir. Qərb ölkələrinin Belarusda stabilliyi pozmaq və ittifaq dövlətinin subyektləri arasında münasibətlərin pisləşməsinə nail olmaq cəhdi vəziyyətin kəskinləşməsinin əsas səbəbidir”, - Oleq Belokonev izah edib.

“Qərb-2017” təlimlərində, rəsmi məlumatlara görə, 13 min hərbi qulluqçu iştirak edəcək. Bu təlimlərlə paralel olaraq Rusiyanın “Qərb” təlimləri keçiriləcək. Burada iştirak edəcək hərbçilərin sayı daha çoxdur. Bundan başqa, təlimlərə ehtiyatda olan hərbi vəzifəli sakinlərin çağırışı başlanıb. Eyni proses Belarusda da gedir.

Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşri qeyd edir ki, Rusiya NATO-nun bütün ölkələrindən üç dəfə daha çox təlim keçirir. Rusiya Baş qərargahın başçısı söz verib ki, Rusiya qoşunları sentyabrın 3-na qədər ölkəni tərk edəcək. Ancaq NATO alyansı, həmçinin Ukrayna son illərdə Rusiyanın davranışını nəzərdə tutaraq, bundan şübhələnirlər.

Məsələn, Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəhbəri, ordu generalı Viktor Mujenko əmindir ki, təlimlər Rusiya qoşunlarının hücum hərəkətlərinin hazırlığına yönəldilib.

“Təlimlərə hazırlığın real miqyası göstərir ki, həqiqi hədəf rəsmən elan edilmiş çərçivədən kənara çıxır”, - general bildirib.

O həmçinin qeyd edib ki, təlimlərdə iştirak edəcək hərbçilərin ümumi sayı 230-240 minə çatır. Mujenkonun sözlərinə görə, strateji təlimlər və onlara cəlb edilən qoşunların tərkibi Moskvaya həm cənubi-qərb, həm də qərbdə hücum qoşunlarından istifadə üçün ilkin şərtlər yaratmağa imkan verir.

May ayında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov xəbərdarlıq edib ki, Rusiya Belarusla birgə keçirəcəyi “Qərb-2017” genişmiqyaslı təlimlər zamanı Avropa istiqamətində, xüsusilə Polşa və Litvaya qarşı hücum əməliyyatlarını yerinə yetirməyə hazırlaşır.

Daha əvvəl Ukrayna Ali Radasının spikeri Andrey Parubiy bildirib ki, “Qərb-2017” təlimləri Belarus ərazisindən Ukraynaya birbaşa təcavüzə çevrilə bilər.

Vaşinqtonda yerləşən Atlantik Şurasının xarici siyasət məsələləri üzrə eksperti Stiven Blank mart ayında “Atlantic Council” üçün yazdığı məqaləsində qeyd edib ki, “Qərb 2017” təlimləri və Rusiyanın digər hərbi planları Ukrayna, Belarus və hətta Qafqaza yeni müdaxilə barədə qorxuları artırır.

Analitiklərə görə, “Qərb-2017” təlimlərində Rusiyanın məqsədi NATO-ya güc nümayişi ilə yanaşı, Belarusun da onun təsir dairəsində olduğunu nümayiş etdirməkdir. Hansı ki, indi Belarus bunda o qədər də maraqlı deyil. Minsk Qərblə münasibətləri normallaşdırmağa çalışır və bu istiqamətdə xeyli irəliləyişlərə nail olub. Məhz bu səbəbdəndir ki, son vaxtlar Moskva və Minsk arasında münasibətlərdə soyuqluq yaranıb.

Stoltenberq Rusiya məlumatlarından şübhələnir

Moskva rəqəmlər haqqında NATO-nu adətən əvvəlcədən məlumatlandırır. Amma Qərb ona verilən məlumatların həqiqətəuyğun olmasından şübhələnir. NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, Moskvanın verdiyi məlumatlar ittifaqa üzv dövlətləri tərəfindən şübhəli sayılacaq.

“Əvvəlki təlimlər də göstərdi ki, Moskva təlimlərə göstəriləndən daha çox qoşunları cəlb edib”, - NATO-nun baş katibi bildirib.

Litvanın müdafiə naziri Raymundas Karoblis isə 100 min Rusiya əsgəri haqqında danışır. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin “NATO-nu yoxlamağa” hazırlaşır. Litva ehtiyat edir ki, təlimlər başa çatdıqdan sonra Rusiya əsgərləri Avropa İttifaqının sərhədlərində qala bilər.

Prezidentliyə keçmiş namizəd, Belarusun müxalifət siyasətçisi Nikolay Statkeviç də bunu mümkün hesab edir. O qeyd edib ki, Belarus təlimlər nəticəsində öz müstəqilliyini itirə bilər. Lukaşenko isə bütün bu iddiaları rədd edir.

NATO-nun “Axilles dabanı”

Litva və Polşa arasında sərhəd sahəsi olan “Suvalkovski dəhlizi” NATO-nun ən zəif yeri hesab edilir. Dəhlizin eni təxminən 100 kilometrdir və qərbdə Rusiyanın Kalininqrad vilayəti, şərqdə isə Belarusla həmsərhəddir. Müharibə olacağı halda dəhlizin Rusiya tərəfindən tutulması NATO-nun Baltikyanı ölkələrinə yolunu kəsəcək. Təsadüfi deyil ki, ekspertlər “Suvalkovski dəhlizi”ni tez-tez NATO-nun “Axilles daban”ı adlandırırlar.

Təsadüfi deyil ki, , 17-19 iyun tarixlərində Litvada və Polşada keçirilən təlimlərdə də “Suvalkovski dəhlizi”nin müdafiəsi işlənilib.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>