Avropa Birliyi və Avrasiya İttifaqı: liderlərin gəlirləri nə qədərdir?
Bizi izləyin

Dünya

Avropa Birliyi və Avrasiya İttifaqı: liderlərin gəlirləri nə qədərdir?

Avrasiya İttifaqı elan edildi və bununla dünya ötən əsrə qayıtdı. Beləliklə, dünya yenidən ikiqütblü formada idarə ediləcək. Ən azından belə görünür, hətta “Putinin ittifaqı” nə qədər zəif olsa da.

Bu qütblər arasında bir çox fərqlər mövcuddur. İstər insanların həyat tərzi, yanaşmalar, istər yürüdülən siyasət, belə demək mümkünsə, Şərqlə Qərb qədər fərqlidir. Əslində, elə yeni qütblər Şərq və Qərb olaraq ayrılır. Bu coğrafi baxımdan fərqli görünsə də, mövcud beynəlxalq müstəvidə belədir.

Publika.az maraq doğurduğu üçün yeni yaradılan Avrasiya İttifaqı və “Köhnə Qitənin” Avropa Birliyinin liderlərinin aylıq məvaciblərini araşdırıb.

Avropa Birliyi: Bura Avropanın əksər ölkələri daxil olsa da, liderlik Almaniya, Fransa və İngiltərədədir. Almaniya kansleri Angela Merkelin aylıq məvacibi 16 152 avrodur. Əlavə xərclər üçün o, dövlət büdcəsindən 1022 avro da alır. Onun illik gəliri 300 min avroya yaxındır.

İngiltərə baş naziri Devid Kameronun illik gəliri isə bir neçə il öncəyə qədər 150 min funtsterlinq idi. Lakin sonradan özünün təklifi ilə 142 min 400 sterlinqə qədər endirildi.

Fransa prezidenti Fransua Ollandın illik gəliri orta hesabla 200 min avrodan bir qədər çoxdur.

Avrasiya İttifaqı: “Putinin ittifaqı” olaraq adlandırılan bu birliyə hələ ki cəmi 3 ölkə – Rusiya, Belarusiya və Qazaxıstan daxildir.

Rusiya prezidenti Vladimir Putinin illik gəliri 100-150 min dollar arası dəyişir. Onun 154 və 78 kvadrat metrlik iki evi, Moskva ətrafında 1500 kvadrat metrlik torpaq sahəsi, ikisi Sovet dövründə istehsal edilən “Qaz M- 21”, “Qaz M -21- P” və “Niva” markalı 3 avtomobilinin olduğu deyilir.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin illik gəliri digərləri ilə nisbətdə xeyli aşağıdır. Lakin iddialara görə, onun 1,1 milyard dollarlıq sərvəti var.

Belarusiya prezidenti Aleksandr Lukaşenkonun aylıq gəliri rəsmi olaraq 2750 dollardır. Qərb mətbuatı isə iddia edir ki, Belarusiya liderinin sərvəti milyardlarla ölçülür. Özü isə hələ 2009-cu ildə belə deyirdi: “Mənə yalnız maaş düşür”.

Bu ittifaqa qoşulmaq istəyən Ermənistan prezidenti Serj Sərkisyanın orta aylıq əmək haqqı 3 min 260 dollardır. Lakin Ermənistanın əsas gəlirli sahələri Sərkisyan ailəsinin əlindədir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm