“Bakıya ediləcək səfərlər İlham Əliyevi razı salmağa yönəlib” – İddia
Bizi izləyin

Dünya

“Bakıya ediləcək səfərlər İlham Əliyevi razı salmağa yönəlib” – İddia

“Bakıya ediləcək səfərlər İlham Əliyevi razı salmağa yönəlib” – İddia

İyunun 13-ü Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Bakıya ikigünlük səfərə gəlir. Onun Bakıda ikitərəfli münasibətlər, həmçinin energetika məsələsi barədə müzakirələr aparacağı deyilir. Azərbaycandan başqa, Barrozu Gürcüstana və Moldovaya da baş çəkəcək. Göründüyü kimi, Ermənistan bu siyahıda yoxdur. Niyə?

Publika.az-ın verdiyi xəbərə görə, erməni analitik Aram Amatuni problemin yalnız Ermənistanın Avropa Birliyi ilə assosiativ razılaşmanı paraflamaması ilə bağlı olmadığı qənaətindədir.

Erməni ekspert assosiativ razılaşmanı Bakının da paraflamadığını qeyd edir: “Amma Barrozu İrəvana gəlməyəcək. Öz biabırçı siyasəti nəticəsində Ermənistan 3 sentyabrdan sonra hakimiyyət və “qeyri-hökumət” gücləri ilə özünü tamamilə Rusiyanın müstəmləkə siyasətinə həsr etdi. Bunun əvəzində Azərbaycanın rolu kəskin artıb”.

O, Avropa Komissiyasının prezidentindən sonra, 17-18 iyun tarixində Rusiya xarici işlər naziri Sergey Lavrov, ardınca da Rusiya baş nazirinin müavini Dmitri Roqozinin başçılığı ilə nüfuzlu Rusiya nümayəndə heyətinin Bakıda olacağını xatırladır: “Heç bir şübhə yoxdur ki, eyni zamanda ediləcək səfərlər İlham Əliyevi razı salmağa yönəlib. İstisna edilmir ki, hətta müəyyən təhdidlər də səslənəcək. Ancaq bu da Azərbaycanın əhəmiyyətinin çoxalmasından xəbər verir. Bütün bunlarla yanaşı, cəbhə xəttində gərginlik artıb. Hazırda Bakı özünü bu rəqabət şəraitində əmin və təhlükəsiz hiss edir. Bundan başqa, tamamilə ehtimal ediləndir ki, Azərbaycan simi dartmağa çalışır. O vaxta kimi cəbhə xəttində Azərbaycanın macəralarını həzm etmək mümkün olacaq və ona bu istiqamətdə irəliləməyə imkan verəcək. Bakı, yəqin ki, ona verilmiş oyunun hüdudlarını yoxlayır. Öyrənmək istəyir ki, nəzarət mexanizmi mövcuddurmu?”

Erməni ekspert regional tarazlığın taleyinin Bakıdan asılı olduğunu, Yerevanın faktiki olaraq inhisarçılığı Bakıya verdiyini bildirir: “Ermənistan hakimiyyətinin daxili inhisarçılığı ölkəni içəridən yeyir. Hakimiyyət tərəfindən təslim edilmiş xarici inhisarçılıq nəticəsində Azərbaycan Ermənistanı çöldən yeyə bilər. Ermənistanın bu vəziyyətdə Rusiya və Qərb arasında Azərbaycan uğrunda gedən mübarizənin necə keçəcəyini yalnız izləyə bilər. Ermənistan üçün Qazaxıstan amili vəziyyəti daha da ağırlaşdırır. Qazaxıstan Azərbaycan vasitəsilə Rusiya üçün öz əhəmiyyətini yüksəltmək, Avrasiya İttifaqında vəziyyəti öz xeyrinə dəyişmək istəyir. Bununla da, faktiki olaraq Qərblə rəqabətdə Rusiyaya kömək edir”.

A.Amatuninin fikrincə, Ermənistan hakimiyyətinin fəaliyyəti səbəbindən ölkə üçün heç bir yaxşı perspektiv qalmayıb: “Əgər Qərb Azərbaycan məsələsində Rusiyaya güzəştə gedərsə, bu, Ermənistan üçün faciəvi variantdır. Qərbin üstünlüyü isə ən pis variantdır. Azərbaycanın hər hansı bir nailiyyəti Ermənistan üçün arzu edilməzdir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm