Saakaşvili qaz kəmərinin partlayışında Putini ittiham etdi
Bizi izləyin

Dünya

Saakaşvili qaz kəmərinin partlayışında Putini ittiham etdi

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2005-ci ildə Gürcüstanda baş verən hadisələrlə Ukraynadakı qaz kəmərinin partlayışını müqayisə edib.

Publika.az-ın verdiyi xəbərə görə, “facebook” səhifəsində partlayışa münasibətini bildirən sabiq prezident Rusiya prezidenti Vladimir Putinin xəttinin dəyişmədiyini yazıb.

“Putinin xətti dəyişmir. 2005-ci ilin yanvarında Gürcüstanı Rusiya qazı ilə təmin edən kəmər, əsas elektrikötürücü xətti, həmçinin digər bir neçə yer “naməlum terrorçular tərəfindən” partladılmışdı. Gürcüstan rekord dərəcədə soyuq havada qaz və işıqsız qaldı”, - Saakaşvili qeyd edib.

M.Saakaşvili bu diversiya nəticəsində Rusiyanın tamamilə əks nəticə aldığını bildirib: “Putin istədiyini əldə edə bilmədi. Biz Gürcüstanın energetika sistemini yenidən qurduq və etibarsız qonşudan enerji asılılığına tezliklə son qoyduq”.

Xatırladaq ki, dünən Rusiya qazının Avropaya ixrac olunduğu Urenqoy-Pomarı-Ujqorod tranzit qaz kəmərində partlayış baş verib. Partlayış nəticəsində qazın tranzitində heç bir ciddi problem yaranmayıb.

Ukrayna DİN-in əsas versiyasına görə, qaz kəmərindəki partlayışa səbəb terror aktı olub. “Partlayışla bağlı bir neçə versiya araşdırılır. Əsas versiya isə terror aktıdır. Yerli sakinlər iddia edir ki, yanğından əvvəl 2 güclü partlayış baş verib. Bu isə partlayışların qəsdən törədildiyinə ehtimal yaradır”, – deyə DİN rəhbəri Arsen Avakovun bəyanatında bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm