"Morninqstarı Azərbaycana mən səfir təyin etdim"
Bizi izləyin

Dünya

"Morninqstarı Azərbaycana mən səfir təyin etdim"

ABŞ-ın sabiq dövlət katibi Riçard Morninqstarın Azərbaycana səfir təyin edilməsinin pərdəarxasından yazdı.

ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun bu günlərdə çapdan çıxan kitabı qalmaqallara səbəb olub.

H.Klinton öz kitabında prezident kreslosu uğrunda apardığı mübarizədən, o cümlədən Rusiyaya qarşı şəxsi münasibətindən bəhs edir. ABŞ-ın sabiq dövlət katibi həmçinin senator olduğu dövrdə İraq müharibəsinə razılıq verdiyi üçün hər kəsdən üzr istəyib. H.Klinton 2002-ci ildə Konqresdə senator olduğu zaman İraq işğalına “hə” dediyi üçün böyük bir səhv etdiyini etiraf edir. “Səhv edən yalnız mən deyildim” yazan xanım Klinton kitabında həmçinin Suriyadakı müxaliflərə silah yardımı mövzusunda prezident Obama ilə yaşadığı fikir ayrılığına da toxunur.

Kitabda RF prezidenti V.Putinlə bağlı məqamlar da maraq doğurur. Rusiya ilə ABŞ-ın münasibətlərindəki qaranlıq məqamlara aydınlıq gətirmək baxımından sabiq dövlət katibinin kitabı böyük önəm kəsb edir.

Kitabın işıq üzü görməsini müşahidəçilər xanım Klintonun 2016-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıq kimi dəyərləndiriblər.

Qeyd edək ki, Hillari Klintonun “Çətin seçimlər” adlı yeni memuarı 635 səhifədən ibarətdir. Kitabın böyük hissəsi xanım Klintonun Obamanın prezidentliyinin birinci dönəmində Amerikanın baş diplomatı olduğu illər ABŞ-ın xarici siyasətinə həsr edilib.

Dörd il dövlət katibi olduğu müddətdə dünyanın 112 ölkəsinə səfər edərək, 1,5 milyon kilometr yol qət edən xanım Klinton kitabında xarici siyasət sahəsində 21-ci əsrin sınaqları və ABŞ-ın qlobal liderliyi, eləcə də beynəlxalq xarici siyasət haqda fikirlərini bölüşür.

Kitabda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər də yer alıb. Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı gizli məqamlara aydınlıq gətirən H.Klinton Riçard Morninqstarın Azərbaycana səfir təyin olunmasından da söz açır.

Sabiq dövlət katibi Cənub qaz dəhlizini enerji diplomatiyası sahəsində ən mühüm təşəbbüs kimi qiymətləndirir: “Layihənin gerçəkləşməsi üçün lazım olan razılaşmaların müzakirə edilməsi məqsədilə səfir Riçard Morninqstarı xüsusi nümayəndə təyin etdim. Bu, Xəzər dənizində əsas mənbə olan Azərbaycanla qonşusu Ermənistan arasında uzun illər sürən münaqişəyə görə mürəkkəb məsələ idi. Cənab Morninqstar Azərbaycan prezidenti İlham Əliyevlə elə konstruktiv iş münasibətləri yaratmışdı ki, mən onu orada səfir təyin etdim”.

H.Klinton kitabında Azərbaycana iki dəfə səfər etdiyini qeyd edərək, bu səfərlərin əsas məqsədinin regionda sülh səyləri və demokratik islahatlara təşviq etmək, eyni zamanda qaz kəməri layihəsinin gerçəkləşməsinə dəstək göstərməkdən ibarət olduğunu yazır.

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm