Yerevanın üzünə bağlanan qapılar və Kremlin reallaşmayan proqnozları
Bizi izləyin

Dünya

Yerevanın üzünə bağlanan qapılar və Kremlin reallaşmayan proqnozları

“Ermənistanın Avrasiya İttifaqına üzvlüyü prosesini hazırda məhv edilmiş hesab etmək olar. Bu reallığı dünən baş nazir Ovik Abramyan da açıq şəkildə etiraf etdi”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri erməni politoloqu, Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Kirakosyan Ermənistanın baş naziri Ovik Abramyanın bəyanatını şərh edərkən deyib.

Qeyd edək ki, baş nazir Avrasiya İttifaqına üzvlük müqaviləsinin imzalanmasının gecikməsi səbəblərinin ona məlum olmadığını bildirib. O.Abramyan Rusiya və Ermənistan prezidentləri səviyyəsində 3 iyul tarixinə nəzərdə tutulan görüşün də təxirə salındığını əlavə edib.

“Prezidentlərin görüşü 3 iyul tarixinə nəzərdə tutulmuşdu, amma bu görüş olmadı. Əminəm ki, məsələ ilin sonuna kimi həll ediləcək. Səbəblər hələlik naməlumdur. Amma bizim tərəfdən heç bir problem yoxdur, biz üzərimizə düşən bütün məsələləri yerinə yetirmişik”, - baş nazir deyib.

Erməni politoloqu R.Kirakosyan Ermənistanın Avrasiya İttifaqının tamhüquqlu üzvü ola biləcəyinə şübhə edir. Xatırladaq ki, Rusiya prezidenti bir neçə gün öncə verdiyi açıqlamasında Ermənistanın Avrasiya İttifaqının tamhüquqlu üzvü olacağını bildirmişdi.

“Ermənistanın Avrasiya İttifaqına üzvlüyünə Moskva ilə bağlı olmayan maneələr var. Qazaxıstan və Belarusun nümayiş etdirdiyi əks-təsiri Rusiya qiymətləndirmədi. Düşünmürəm ki, Ermənistan sonda Avrasiya ittifaqının tamhüquqlu üzvü olacaq. Həmçinin aydındır ki, Rusiyaya bu layihəni reallaşdırmaq Ukraynasız daha çətin olub. Moskva belə bir vəziyyətin yaranacağını daha əvvəl proqnozlaşdırmırdı”, - erməni politoloq deyib.

Xatırladaq, Ermənistan prezidenti Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasında 15 iyun tarixini Avrasiya İqtisadi İttifaqına qoşulmaq haqqında müqavilənin son müddəti kimi təsdiq etməyi xahiş edib. Ancaq onun xahişi yerinə yetirilməyib. Sammit yalnız 1 iyul tarixinə qədər müqaviləni hazırlamağa qərara verdi. Amma göstərilən tarixdə də bu baş vermədi və müqavilənin nə vaxt imzalanacağı qeyri-müəyyən olaraq qalır.

Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov bir neçə gün əvvəl “twitter” səhifəsində bu tarixi oktyabr ayı olaraq açıqlayıb. İndiyə qədər nə Ermənistan prezidentinin administrasiyası, nə ölkənin Xarici İşlər Nazirliyi Y.İdrisovanın bu bəyanatını şərh etməyib.

“Şərq əməkdaşlığı” Vətəndaş Cəmiyyəti Forumunun erməni milli platformasının koordinatoru Boris Navasardyanın fikrincə, Ermənistanın Avrasiya İttifaqına üzvlüyü yolunda əsas maneə ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olmasıdır. 2003-cü ildən təşkilatın üzvü olan Ermənistan aşağı gömrük rüsumlarını tətbiq edəcəyini öhdəliyinə götürüb. Avrasiya İttifaqında isə gömrük rüsumları yüksəkdir.

“Ermənistan üzvü olduğu Ümumdünya Ticarət Təşkilatı ilə razılaşmaları pozaraq qarşı tərəfin itkilərini kompensasiya etməlidir. Aydın məsələdir ki, gömrük tariflərinin artımından Ümumdünya Ticarət Təşkilatının digər üzvləri zərər görəcək. Bu kifayət qədər ciddi məbləğdir. Ermənistan və ya Avrasiya İqtisadi İttifaqı bu konpensasiyaları ödəmək üçün nə qədər resurslara malik olduğunu demək isə çətindir”, - Navasardyan deyib.

Belə bir problemin mövcudluğunu 23 iyunda Rusiya baş nazirin birinci müavini İqor Şuvalov da təsdiqləyib: “Əgər Ermənistan bizim formatımıza müvəffəqiyyətlə qoşulacaqsa, o halda Ermənistan kompensasiyalarla bağlı Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlara başlamalıdır”.

Digər bir erməni politoloq Manvel Sarkisyan da ölkəsinin Avrasiya İttifaqından kənarda qalacağını dilə gətirib: “Əgər Azərbaycan Avrasiya İttifaqına üzv olmayacaqsa, Ermənistanı bu quruma qəbul etməyəcəklər”.

Politoloq qeyd edib ki, ola bislin, Azərbaycan bu quruma üzv olsun, amma Ermənistan kənarda qalsın: “Hazırda təşəbbüs Azərbaycanın tərəfindədir, Qazaxıstan prezidentinin də çıxışında digər problemlərdən söz açmayaraq, yalnız bu məlum problemi qabartması buna bir sübutdur. Ola bilər ki, Azərbaycan bu quruma üzv olsun, amma Ermənistan kənarda qalsın”.

Politoloqun sözlərinə görə, Rusiya üçün Azərbaycanın Avrasiya İttifaqında təmsil olunması daha önəmlidir. “Ona görə də Rusiya Federasiyası hazırda Azərbaycanı bu quruma cəlb etmək üçün addımlar atmaqdadır”, - M.Sarkisyan deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm