• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

4 yaşında anasını itirmiş ən səssiz şagird – YENİ BAŞ NAZİR – FOTOLAR

  • Dünya
  • 22 Avqust 2014 10:50
  • 7 884 Baxış
4 yaşında anasını itirmiş ən səssiz şagird – YENİ BAŞ NAZİR – FOTOLAR

Türkiyə diplomatiya tarixinə bir çox yenilik gətirən Əhməd Davudoğlu 1959-cu ildə ölkənin Konya şəhərinin Daşkənd qəsəbəsində anadan olub.

Dörd yaşında olarkən vaxtında xəstəxanaya çatdırılmadığına görə anasını itirən Əhməd atası və ögey anası Səfurə xanımla birlikdə İstanbula köçür. İstanbulda orta məktəbin ilk dörd ilinin təhsilini Hacı Süleyman Bəy məktəbində aldıqdan sonra İstanbul Oğlanlar liseyində təhsilini davam etdirir. Liseyin alman təmayüllü olması Əhməd Davudoğlunun həm qərb, həm də şərq mədəniyyətini təhlil etməsinə şərait yaradır. Burada o, Kafka, Höte, Bertold Brext və digər tanınmış yazıçı və mütəfəkkirlərin əsərlərini oxuyur, türk ədəbiyyatını dərindən mənimsəyir, Əhməd Həmdidən Füzuliyə, Fərabidən Əhməd Cövdətə qədər bir çox alim və mütəfəkkirin əsərləri ilə tanış olur. Həmçinin Davudoğlu liseydə təhsil aldığı illərdə futbol və güləşə maraq göstərir.

Onsuz da alman təmayüllü liseydə təhsil alan Ə.Davudoğlu ali təhsil üçün ölkə xaricinə üz tutmaq əvəzinə, yerli universitetlərdən birinə daxil olmağa üstünlük verir.

Tekstil sənayesi sahəsində və ticarətlə məşğul olan atası Mehmed Davudoğlu oğlunun marketinq ixtisasına yiyələnməsini istəyirdi. Beləliklə, o,1977-ci ildə liseyi bitirdikdən sonra Boğaziçi Universitetinin İqtisadiyyat fakültəsinə, bir il sonra isə elə həmin universitetin Siyasi elmlər fakültəsinə daxil olur. O, 1982-ci ildə İqtisadiyyat, bir il sonra isə Siyasi elmlər fakültəsini bitirməklə Boğaziçi Universitetinin iki fakültəsində təhsili eyni zamanda başa vuran ilk tələbə olur.

Ə.Davudoğlu 80-ci illərdə Türkiyənin hazırkı prezidenti Abdullah Güllə tanış olur. Belə ki, onun dərc olunmuş məqalələrindən biri A.Gülün nəzərini cəlb edir. Bundan sonra o, R.T.Ərdoğanla tanış olsa da, A.Güllə olan münasibətləri daha isti idi. Ə.Davudoğlunun istedadını və zəkasını hiss edən A.Gül ona dövlətdə vəzifə təklif edir. Təklifdən bir müddət sonra A.Gülün Baş nazir olması ilə Ə.Davudoğlunun müşavirliyi rəsmiləşir. Beləliklə, 2002-ci ilin noyabr ayında Əhməd Davudoğlu Türkiyə Baş nazirinin Baş məsləhətçisi kimi yeni vəzifəsinin icrasına başlayır. A.Gül Baş nazir postunu R.T.Ərdoğana təhvil verdikdən sonra da Ə.Davudoğlu öz vəzifəsini icra edir. Həmin illərdə o, “kölgə Xarici İşlər naziri” kimi Türkiyənin xarici siyasi kursunun müəyyənləşdiricisi rolunu ifa edir. Avropa Birliyi (AB) ilə münasibətlər, Kiprə dair müzakirələr, İraqda baş verən proseslərdə Türkiyənin hansı rolu oynayacağını müəyyənləşdirən başlıca fiqur olur.

Vəzifəyə gətirildikdən 2-3 il sonra istefa verməyi və həyatını elmi və pedoqoji fəaliyyətə ayırmaq istəyən Davudoğlunun istəyini A.Gül və R.T.Ərdoğan eşitmək belə istəmirlər. R.T.Ərdoğanın xüsusi təyyarəsi ilə müxtəlif ölkələrə səfər edən, hökumətin adından rəsmi əlaqələr quran Davudoğlu Türkiyə diplomatiyası tarixində misilsiz bir Baş müşavirə çevrilir. Xarici səfərlərin əvəzedilməz nümayəndəsi olan Ə.Davudoğlu təkbətək qapalı görüşlərdə belə iştirak edir.

Suriya ilə İsrail arasında münasibətlərin nizamlanması istiqamətində aparılan müzakirələrin təşkili Ə.Davudoğlunun mətbuatın nəzərini cəlb etməsinə səbəb olur. Onun HƏMAS lideri Xalid Məşəllə məxfi görüşünün mətbuata sızması isə ölkədə rezonans doğurur. Bütün bu hadisələrdən sonra o, “Türkiyənin Kissinceri” adlandırılır. Taktik, strateq və peşəkar diplomat olan Ə.Davudoğlu daha sonra “Neo-Osmanlı”çı olmaqda günahlandırlır. Əhməd özü isə bu ifadəni qəbul etmir. Ə.Davudoğlu 2009-cu il may ayının 1-də Xarici İşlər naziri vəzifəsinə təyin olunur.

Bir il yarımın ərzində 11 ölkəyə səfər edən Davudoğlunun əsas məqsədi Türkiyəni “mərkəz ölkə”yə çevirməkdir. Onun uğurlarına daxildir: Suriya ilə İsrail arasında vasitəli sülh müzakirələrinin başlanması, eləcə də Fələstin qrupları arasında sülh görüşləri, İsrail və Fələstin arasında sülh müzakirələirinin yenidən başlanması üçün lazımi zəminin yaradılması, Livan və Suriya arasındakı böhranın aradan qaldırılaraq, Mişel Süleymanın Livan prezidenti seçilməsinə Bəşər Əsədin razı salınması və s. İraqın dini liderlərindən olan Müqtəda əs-Sədrin bir müddət əvvəl Türkiyəyə gətirilərək danışıqlara qoşulmasında da Ə.Davudoğlunun böyük əməyi vardır. Ə.Davudoğlu Türkiyəyə strategiyanı sevdirən şəxs kimi tanınır. Türkiyə mətbuatının yazdığına görə, Türkiyənin Kipr siyasətində əsaslı dəyişikliklərin memarı, ABŞ-ın və AB-nin etirazlarına baxmayaraq, İranla qonşuluq və dostluq münasibətlərinin inkişaf etdirilməsi də Ə.Davudoğlunun xidmətidir. Yeni nazirin əsas strategiyası “qonşularla sıfır problem”, “Türkiyənin mərkəz ölkəyə çevrilməsi, regional və qlobal güc statusu qazanması” istiqamətindədir. Davudoğlu Türkiyə ictimaiyyətinə bir sıra siyasi məfhumları gətirdiyi də məlumdur. Bunlar: “ritmik diplomatiya”, “oynaq mərkəz”, “strateji dərinlik”, “model ölkə”, “çoxtərəfli siyasət” və s-dir.

Baş nazirin həkim həyat yoldaşı

İxtisasca ginekoloq olan Sara xanım əri ilə 30 il əvvəl - Əhməd Davudoğlu universitetə hazırlaşarkən tanış olub. Həmin vaxtı xanım Davudoğlu tibb fakültəsində təhsil alırdı.

O, eyni zamanda Ərdoğanın bacısı Vəsilə İldənlə yaxın rəfiqədir. Davudoğlu ailəsinin Səfurə, Məymunə, Həcər Nikə və Məhmət adlı dörd övladı var.

Ən böyük qızı Səfurə Davudoğlu Yıldız holdinqin qurucusu Sabri Ülkərin 3-cü nəvəsi Əhmət Özokurlə evlidir. Ortancıl qızı Məymunə isə İstanbul Ticarət Palatasının sədr müavini Dursun Topçunun oğlu Talha Topçuya ərə gedib.

Həyat yoldaşının nazir olmasından sonra bir çox yardım və sosial kampaniyalarında iştirak edən Sara Davudoğlu aborta qarşı konfranslara da qatılıb.

Ərdoğanın qızı Əsra Albayrağın da həkimi olan Sara Davudoğlu hazırda İstanbulun bir özəl xəstəxanasında həkim işləyir.

Əhməd Davudoğlu xanımından danışarkən “Sara xanım evə hər cür baxır. Mən isə evin sadəcə baxılanıyam” deyir.

Son vaxtlar Əhməd Davudoğlu ilə xarici səfərlərə çıxan Sara Davudoğlu həyat yoldaşının yüksələn karyerası ilə bağlı bunları deyib:

“Mən buna inanıram: Əhməd bəy neyləyirsə, düz edir. Bu gün də bu düşüncəm dəyişməyib. Əhməd bəy mənim seçimlərimin gətirdiyi çətinliklərə necə dözürsə, mən də onun seçimlərinin gətirdiyi çətinliklərə eləcə dözürəm”.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR