Keçmiş İŞİD-çi: “Bağdadinin planı Türkiyəni tutmaqdır”
Bizi izləyin

Dünya

Keçmiş İŞİD-çi: “Bağdadinin planı Türkiyəni tutmaqdır”

İŞİD-dən ayrılan keçmiş yaraqlı, terror təşkilatının planında Hataya girmək və şəriəti gətirmək olduğunu deyib.

Publika.az xəbər verir ki, şərti adı Ömər olan İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının keçmiş üzvü “Xəbərtürk” qəzetinə verdiyi müsahibəsində televiziyada danışan şəxsin Bağdadi olmadığını və İŞİD-in Türkiyə ilə əlaqədar planlarının olduğunu etiraf edib.

Həmin müsahibəni təqdim edirik:

Şərti adı Ömər olan bu şəxs 27 yaşındadır. İki qız övladı var. Fevralda sərhədi qanunsuz keçən bu şəxs Suriyada İŞİD-ə qatıldığını iddia edir. Dediyinə görə, 15 gün silah təlimi alıb, döyüşlərə qatılıb, mayda isə Türkiyəyə geri qayıdıb. “Polis məni axtarır” deyərək adının açıqlanmasını istəməyən “Ömər” qaldığı gecəqonduda sualları cavablandırıb.

Məhəllədə olan İŞİD tərəfdarlarının diqqətini cəlb etməmək üçün müxbiri özünün dediyinə görə “təhlükəsiz” bir yerə aparan Ömər bunları söyləyib:

- Necə oldu ki, İŞİD-ə qoşuldunuz?

- Bir il əvvəl narkotikdən istifadə etməyə başladım. İşdən çıxdım, ailəmi tərk etdim. Sonra isə bu insanlarla tanış oldum. Bizə “şəriət, cihad, Allah” dedilər. “Səni Suriyaya aparaq” dedilər. Fevralın bir gecəsi 11-12 nəfər təyyarə ilə Qaziantepə getdik. Gecə sərhəddə düşdük. Orada Əl-Qaidənin adamları tərəfindən sorğulandıq. Ərəbcə danışan bir tanışımız İŞİD-ə bağlı olduğumuzu dedi. Yarım saat sonra gəlib bizi apardılar. Gecə 03:00-da Rakkada (Suriyanın şimalındakı vilayət – red.) idik. Səhəri gün düşərgəyə getdik. 15 gün ərzində bizə silahla təlim keçdilər.


- Nə cür bir təlim gördünüz?

- Eynən hərbi təlim idi - idman, qaçmaq, silahla davranmaq... Bizim məşqçilərimiz komandirlər idi. Onsuz da elə diqqətlə yanaşmırlar, yalnız atəş açıb-aça bilmədiyinə baxırlar. 15 gün sonra qruplara bölüb döyüş bölgələrinə göndərirdilər. Bizim qrupumuz da bəlli idi. Özü də komandirimiz türk (Rakkadakı evində qaldığımız adam – red.) idi. Döyüşdə üçüncü maşında idi. PYD (PKK-nın Suriya qolu – red.) bizi tələyə saldı. Nəticədə, bizim qrupdakı maşınlar dərədən yuvarlandı. Bir nəfər qurban verdik. Yaralılarımızı da götürüb Rakkaya qayıtdıq.

- Edamlara şahid oldunuzmu?

- Həmin hadisənin axşamı üç edam var idi. Edam olunanlar təcavüzçülər idi. Onlardan biri var idi, üzümə baxıb gülürdü. Halbuki bir azdan öləcək. Mən də ona təpik vurdum. “Onsuz da öləcəksən, nəyə gülürsən?” demək istədim yəni. Psixologiyam pozulmuşdu.

- Bəs baş kəsmək hadisələri...

- Baş kəsərək xalqa gözdağı verirdilər. 14 yaşlı uşaq baş kəsirdi. İndi özünüz fikirləşin. Bəlkə də, onu bu vəziyyətə gətirmək üçün nəsə həb verirdilər. Sanki qurban – heyvan başı kəsirdi. Özlərini zombi kimi aparır, axırda da vətənlərini xilas etmiş kimi sevinirdilər. 3-4 dəfə bu cür hadisələrə şahid olmuşam.

- Siz adam öldürdünüzmü?

- Olub.

- Heç pul qarşılığında öldürdünüzmü?

- Döyüşə girdiyin zaman 150 dollar verirlər. Aylıq da 500 lirə (təxminən 200 manat – red.). Yemək-içməyin də onlarlıqdır.


- İŞİD lideri Bağdadi ilə üz-üzə gəldinizmi?

- Bağdadi Suriyada 200 nəfərlik bir ordu ilə gəzir. 7-8 nəfər bir maşının içindədir. Siz deyən, elə də tək gəzən biri deyil. Televiziyada gördüyünüz danışan adam Bağdadi deyil. Onun televiziyaya çıxacaq cəsarəti yoxdur. Məncə, adamın arxasındakı ən böyük qüvvə İsraildir.

- Niyə qayıtdınız?

- Qəbul edə bilmədiyim çox şey oldu. Allah sənə “şəriət üçün adam öldür” demir. Və ya “məscidi havaya uçurt” demir. “Suçsuz insanları öldür” demir. Sənə “Allahın hökmünü yerinə yetir, amma öldürmə” deyir. Bir gecə yatanda “qayıdacağam artıq” dedim. “Ya öləcəm, ya da qayıdacağam” dedim. Gördüyüm o qədər qandan bezdim. Öz-özümə “bu, sən deyilsən, sən bunu edəcək insan deyilsən” dedim.

- Necə icazə verdilər?

- Komandir qohumum olduğu üçün problem olmadı. Hələ də özümə gələ bilmirəm. Oradan yanıma gələnlər var. Nə vaxt qayıdacağımı soruşurlar.

- İŞİD-in Türkiyə ilə əlaqədar bir planı varmı?

- Ağıllarında Hataya girmək və ora şəriət gətirmək var. Amma Türkiyə buna razı olmaz. Bu, onların sonu olar.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm