• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Poroşenko ABŞ-dan strateji müttəfiq statusu gətirə biləcəkmi?

  • Dünya
  • 18 Sentyabr 2014 13:05
  • 491 Baxış
Poroşenko ABŞ-dan strateji müttəfiq statusu gətirə biləcəkmi?

Xəbər verildiyi kimi, Ukrayna prezidenti Pyotr Poroşenko bu gün ABŞ-a rəsmi səfəri çərçivəsində Konqresin birgə iclasında çıxış edəcək.

Onun həmçinin prezident Barak Obama, vitse-prezident Cozef Bayden və dövlət katibi Con Kerri ilə görüşləri planlaşdırılıb. Kiyevdə hesab edirlər ki, görüşlərdə Ukraynaya Şimali Atlantika İttifaqından kənar (NATO) ABŞ-ın strateji müttəfiqi statusunun verilməsi müzakirə ediləcək.

Ukraynaya ABŞ-ın strateji müttəfiqi statusunun verilməsi haqqında ideya ilə ilk dəfə Krım hadisələrindən sonra respublikaçılar çıxış ediblər. Demokratlar da bu ideyanı dəstəkləyir.

CNN-ə müsahibəsində P.Poroşenko iyulun sonunda bildirmişdi ki, Ukrayna hakimiyyəti ölkənin şərqində vəziyyəti normallaşdırmağa imkan verən bütün vasitələrdən istifadə etməkdə maraqlıdır. “Əgər bu məqsədə çatmağa sanksiyalar kömək edəcəksə, onları tətbiq etmək lazımdır. Əgər sanksiyalar işləməyəcəksə, ABŞ Konqresinə Ukraynaya NATO-dan kənar strateji müttəfiq statusunun verilməsi barədə müraciət etməyimiz mümkündür. Hansı ki, hazırda İsrail, Yaponiya, Cənubi Koreya və Filipin belə bir statusa malikdir”, - Poroşenko söyləmişdi.

Eyni zamanda Ukrayna Prezident Administrasiyası başçının müavini Valeriy Çalıy ukraynalı jurnalistlərə deyib ki, ABŞ Konqresi artıq bu layihə üzərində işləyir. Lakin ekspertlər və beynəlxalq hüquq mütəxəsisləri qeyd edirlər ki, bu cür qərarların qəbulu prosesi uzunmüddətlidir. ABŞ-da qarşıdan gələn parlament seçkilərinə diqqət çəkən ekspertlər bütün namizədlərin bu ideyaya ehtiyatla yanaşdığını bildirir.

“Qərb vuruşmaq istəmir. Onlar sülh sistemini inşa etməyə çalışır və hesab edirlər ki, Rusiya sanksiyalarla zəiflədiləcək”, - Rusiyanın “Nezavisimaya qazeta” nəşrinə açıqlamasında ukraynalı politoloq İqor Semivolos deyib. O, həmçinin ABŞ-ın strateji partnyor statusunun uzaq perspektiv olduğunu əlavə edib.

Avroatlantik Əməkdaşlıq İnstitutunun eksperti Vladimir Qorbaç isə fərqli düşünür: “Hansısa beynəlxalq müqavilə və ya razılaşmadan deyil, Amerika qanununun qəbulundan söhbət gedir. Bu Vaşinqtonun verəcəyi bir qərardır. Düşünürəm ki, Donbasda barışığın əldə edilməsi və Donbasın xüsusi statusu haqqında qərarın Ali Radada qəbulu belə bir perspektivi yaxınlaşdırır".

Ukraynalı ekspert həmçinin hesab edir ki, ABŞ lazım hesab etsəydi, belə bir sənədsiz də Ukraynaya silah və ya hərbi texnika verə bilər. “Amma Vaşinqton və Brüssel belə bir qərar verməyə tələsmir. Rusiyaya qarşı sanksiyalar tətbiq edilir, Ukraynaya maliyyə və humanitar yardımlar verirlər. Qərb onun müharibəyə cəlb edildiyini göstərəcək heç bir addım atmaq istəmir”, - o, qeyd edib.

V.Qorbaç bu fikirdədir ki, Poroşenkonun inadlı tələbi ilə Ali Radanın Donetsk və Luqansk vilayətlərinin xüsusi statusu barədə qanun layihəsini təsdiq etməsi dövlət başçısının Kanada və ABŞ səfərinə hazırlıq mərhələlərindən biri idi. O, hesab edir ki, Qərb ümumi fikrə gəlib: vuruşmamaq və sanksiyalarla Rusiyanın zəiflədilməsi strateji kursu götürmək. Ekspert hesab edir ki, Qərbin bu taktikası Ukrayna vətəndaşının həyatı bahasına həyata keçirilir və hakimiyyəti çox ciddi siyasi risklərə məruz qalır.

Ukraynalı siyasi müşahidəçilər ölkənin şərqindəki atəşkəs rejimini daimi hesab etmirlər. Onlar qeyd edirlər ki, Ukrayna hakimiyyəti pauza dövründə müdafiə qabiliyyətini gücləndirmək və ordunu möhkəmləndirmək istəyir. Bunun üçün isə Ukraynaya ABŞ-ın strateji müttəfiqi statusunun lazım olduğu bildirilir. Ukrayna telekanalı “Espreso”nun efirində Ukraynanın Kanadadakı keçmiş səfiri İqor Ostaş qeyd edib ki, ABŞ-ın strateji müttəfiq statusu bu ilin sonuna kimi qəbul edilə bilər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR