Qonşuluğumuzda antiqərb hərbi ittifaqı? – Təklif Kremldəndir
Bizi izləyin

Dünya

Qonşuluğumuzda antiqərb hərbi ittifaqı? – Təklif Kremldəndir

İranın nüvə proqramı üzrə “altılıq” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) və İran Cenevrədə keçirilən növbəti danışıqlar da nəticəsiz qaldı.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, tərəflər yekun razılaşmanın əldə olunması üçün əsas məsələlərdən heç birini uyğunlaşdıra bilməyib.

Danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, İranın Ərak ağır su nüvə reaktoru məsələsi danışıqlarda əsas əngəl daşıyır. Bundan başqa, nazir müavininin sözlərinə görə, nüvə sentrifuqaların sayı əvvəlki kimi mübahisəli məsələ olaraq qalır. O, danışıqların əvvəlki raundlarında tərəflərin uranın zənginləşdirilməsinin maksimal səviyyəsinin 5 faiz olacağı barədə razılaşdığını xatırladıb.

Xatırladaq ki, 24 noyabr 2013-cü il Cenevrədə keçirilmiş görüşdə 20 iyul tarixinə qədər İranın nüvə proqramının sülh xarakterini zəmanət verən sənədin hazırlanması barədə razılıq əldə olunub. Lakin müəyyən olunmuş vaxta kimi sənədi hazırlamaq mümkün olmayıb və bu 24 noyabr 2014-cü ilə qədər uzadılıb.

Eyni zamanda, bəzi məlumatlara görə, Avropa İttifaqı Rusiayadan asılılığını azaltmaq üçün İrandan qazın idxalı məsələsində israrlıdır. “Röyters” xəbər agentliyinə Avropa Komissiyasındakı mənbə bildirib, bunun üçün Tehrana qarşı tətbiq olunan sanksiyaları ləğv etmək və mavi yanacağın nəql etməsi üçün lazım olan infrastrukturu yaxşılaşdırmaq lazımdır.

Bəzi ekspertlər əmindirlər ki, Qərb Rusiya və İranı regional qarşıdurmaya çəkməyə və Moskvanın regionda təsirini azaltmağa çalışır.

Rusiya Federasiyası prezidentinin məsləhətçisi Sergey Qlazyev hesab edir ki, belə bir situasiyada İran və Rusiya inteqrasiya layihələrinin reallaşdırılmasında, eləcə də siyasi koalisiyanın yaradılmasında son dərəcə maraqlıdır. “ABŞ əsas düşmənləri kimi Suriyanı, İran və Rusiyanı elan edib. Buna görə də Moskva və İran koalisiya yaratmalıdır”, - deyə Putinin məsləhətçisi bildirib.

S.Qlazyevin fikrincə, əməkdaşlığı Rusiya və İranın tarixi əlaqələrə malik olması, eyni zamanda ABŞ-ın hər iki dövlətə qarşı yönəlmiş müasir xarici siyasəti zəruri edir: “İran böyük və dinamik inkişaf edən ölkədir. Tehran həmişə bizim partnyorumuz olub. İki ölkə arasında əməkdaşlığın çox əsirlik tarixi var. Əlbəttə ki, bu tarixdə müxtəlif problemlər, dramatik hadisələr və münaqişələr olub. Amma hazırda ABŞ tərəfindən yeni dünya müharibəsi və NATO təhdidi şəraitində maksimal geniş koalisiyanın formalaşması lazımdır. Bu koalisiyanın yaradılmasında İran və Rusiya maraqlıdır”.

Putinin məsləhətçisi Amerika xarici siyasətini bəşəriyyəti yeni dünya müharibəsi həddinə gətirməkdə ittiham edir: “ABŞ bu gün Avropanın ən böyük ölkəsi olan Ukraynanı işğal edib. Vaşinqton Ukraynada öz diktaturasını qurub və neofaşist təşkilatlarının yaradılması üçün öz diktaturasından istifadə edir. Həmin təşkilatlar daha sonra isə Rusiyaya hücum edəcəklər. Analoji vəziyyəti biz Yaxın Şərqdə də görürük. Amerikalılar tərəfindən öyrədilən ekstremistlər bu gün bir terror dövlətini yaradıblar. Dünya müharibəsi Ukraynada Rusiyaya qarşı, Yaxın Şərqdə isə İran və Suriyaya qarşı ABŞ-ın təcavüzü ilə başlanıb”.

“İran və Rusiyaya hərbi-siyasi və iqtisadi əməkdaşlıq lazımdır. Biz bu təcavüzün birinci qurbanı oluruq, biz əlbəttə ki, ümumi dili tapmalıyıq. Bizim partnyorlarımızı geniş hərbi koalisiyanı qurmağa inandırmalıyıq. İran kimi əhəmiyyətli bir iqtisadi partnyoru Avrasiya iqtisadi inteqrasiyası proseslərinə cəlb etmək bizim üçün çox vacibdir”, - deyə S.Qlazyev sonda vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm