Olland “Vnukovo”da Putinin qulağına nələr pıçıldadı: Ukrayna, yoxsa...
Bizi izləyin

Dünya

Olland “Vnukovo”da Putinin qulağına nələr pıçıldadı: Ukrayna, yoxsa...

Xəbər verildiyi kimi, Fransa prezidenti Fransua Olland Qazaxıstan səfərindən sonra “planlaşdırılmayan” daha bir səfər həyata keçirdi. Hər halda, Fransa və Rusiyanın bəzi mətbu orqanları Ollandın Moskvaya səfərinin planlaşdırılmadığını iddia edirlər. Həm də deyilənə görə, Olland və Putinin görüşünün təşəbbüskarı Qazaxıstan prezidenti Nursultan Nazarbayev olub.

Publika.az-ın verdiyi xəbərə görə, Fransa və Rusiya mediası Ollandın rusiyalı həmkarı Vladimir Putinlə ”Vnukovo-2” aeroportunda şənbə günü keçirdiyi görüşdə Ukrayna böhranı əsas müzakirə mövzusu olduğunu yazıb.

İki liderin görüşü Ukrayna üzrə əlaqə qrupunun Minskdə növbəti iclasın keçirildiyi ərəfəyə təsadüf edib. Ollandla danışıqlardan sonra Putin bildirib ki, Ukraynanın şərqində atəşin dayandırılmasını dəstəkləyir və qonşu ölkənin ərazi bütövlüyünə hörmət edir. Putin həmçinin Kiyevi Donetsk və Luqanskın blokadasını aradan qaldırmağa çağırıb. Öz növbəsində Olland görüşün yaxın günlərdə müsbət nəticələr verəcəyinə ümid etdiyini vurğulayıb.

Olland və Putinin görüşünü şərh edən fransız diplomatik mənbə "Kommersant” qəzetinə bildirib ki, Paris Ukrayna münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilikdə aparıcı rolu oynamağa hazırdır. Parisə Berlinin də qoşulmaq niyyətində olduğu bildirilir. Təsadüfi deyil ki, Fransa prezidenti Almaniya kansleri Angela Merkellə danışıqların nəticələrini operativ müzakirə edib.

Ancaq ABŞ və Rusiya arasında adətən barışdırıcı mövqe tutan Almaniyanın son vaxtlar Moskvaya qarşı mövqeyi sərtləşib. Merkel Qərbi xəbərdarlıq edir ki, Rusiyanın ekspansiyası mərkəzi Avropaya qədər yayıla bilər. Beləliklə, Fransa faktiki olaraq Rusiya ilə dialoqu qaydaya salmağa çalışan yeganə ölkə statusunda görünür. Baxmayaraq ki, “Mistral” hərbi gəmilərinin Rusiyaya çatdırılması ilə bağlı problem aradan qalxmayıb və Paris bu məsələdə hələ ki Vaşinqtonun istəyini yerinə yetirir.

Fransa və Rusiya mediasının yazdıqlarına inansaq, ölkə prezidentlərinin görüşündə əsas məsələ Ukrayna böhranı və Parisin vasitəçilik imkanları olub. Düzdür, Fransanın postsovet məkanındakı münaqişələrlə bağlı belə bir təcrübəsi var. Məsələn, 2008-ci ildə Rusiyanı son anda Tiflisi tutmaqdan çəkindirən Fransanın ovaxtkı prezidenti Nikolas Sarkozi olub.

Amma aysberqin görünməyən tərəfləri də var. Moskva “Mistral” məsələsinə görə Parisdən incik düşüb. 2011-ci ildə iki ölkə arasında imzalanan müqaviləyə görə, Fransa ilk “Mistral” hərbi gəmisini ötən ayın 24-də Rusiyaya çatdırmalı idi. Lakin ABŞ-ın təzyiqləri altında Fransa bunu etməyib.

Kreml rəhbərliyinin Parisdən incikliyinin bariz sübutudur ki, Rusiya banklarından biri 2017-ci il prezident seçkilərində Ollandın əsas rəqibi sayılan “Milli Cəbhə” Partiyasını maliyyələşdirir. Fransa ultrasağçıları bir müddət əvvəl Moskvadakı Birinci Çex-Rusiya bankına müraciət edib. Fransa mediasında yayılan xəbərə görə, bu partiya Rusiya bankından 9 milyon avro kredit alıb. Xəbəri “Milli Cəbhə”nin xəzinədarı Vallerand de Saint Just də təsdiqləyib. Onun sözlərinə görə, 2017-ci il seçkilərində “Milli Cəbhə”yə 40 milyon avro lazımdır. Ancaq Fransa və Avropa Birliyi bankları kredit verməkdən imtina ediblər və “Milli Cəbhə” Moskvadakı Birinci Çex-Rusiya bankına müraciət etməli olub. O, deyib ki, 2 milyon avro artıq alınıb. Kredit müqaviləsi isə sentyabrda bağlanıb.

Beləliklə, Avropanın heç bir bankı Ollandın rəqibinə pul verməyə cəsarət etmədiyi halda bunu Rusiya edib. Hazırkı vəziyyətdə “Milli Cəbhə" Partiyasının sədri Marine Le Penin 2017-ci il prezident seçkilərində qələbə şansları kifayət qədər yüksək qiymətləndirilir. 2012-ci ilin may ayından Fransa prezidenti olan Fransua Ollandın 2017-ci ildə yenidən seçilmə şansları isə getdikcə zəifləyir. Sentyabrın əvvəllərində Fransa mediasının keçirdiyi sorğuya əsasən, ölkə əhalisinin yalnız 13 faizi Ollandı dəstəkləyir. Reytinqinin kifayət qədər aşağı olması, üstəlik rəqibin seçki kampaniyası üçün istədiyi pulu tapması Olland üçün yaxşı xəbərlər deyil.

Fransa prezidentinin yolüstü Putinə baş çəkməsində əsas məqsədin isə heç də Ukrayna böhranının həlli deyil, məhz özünün siyasi karyerasını xilas etmək cəhdi olması daha inandırıcıdır. Ehtimal etmək olar ki, Olland-Putin görüşündə müəyyən razılıqlar əldə olunub:

1.Fransa ABŞ-ın xətrinə dəymədən “Mistral” hərbi gəmilərin Rusiyaya çatdırılması üçün yollar axtaracaq.

2.Rusiya Fransadakı qarşıdakı prezident seçkilərində Ollandın rəqiblərini dəstəkləməyi dayandıracaq.

3.Rusiya Ukrayna böhranında Fransanın vasitəçiliyi ilə razılaşacaq. Amma bu vasitəçilik Moskvanın maraqlarını şübhə altına almayacaq. Fransanın vasitəçiliyi ilə Avropanın şərqində əldə olunan barışıq isə Ollanda ölkəsində əlavə xallar gətirəcək.

Doğrudan da, liderlər yuxarıdakı məsələlərlə bağlı razılıq əldə edibsə, deməli Paris Avropada Moskvanın əlində zəif həlqəyə çevrilir. Əvvəllər Almaniya Rusiya rəhbərliyinə yaxınlığı ilə seçilir və Qərbdə buna görə ciddi tənqid olunurdusa, hazırda eyni rolu Fransa üzərinə götürməyə çox yaxındır. Ancaq Rusiya ilə yaxınlıq da Paris üçün çox təhlükəlidir. Parisi nokaut etmək üçün Vaşiqntonun əlində kifayət qədər alətlər var. Bunlardan biri də dollardır.

Qeyd edək ki, hazırda dünya ticarətinin 80 faizi və valyuta mübadilələrin 90 faizi dolların payına düşür. ABŞ ərazisində hər elektron saziş Amerika valyutası ilə bağlanmalıdır. Dollara girişdən məhrum edilməsi istənilən beynəlxalq bank üçün intihara bərabər olar. Fransanın “BNP Paribas” bankı da vaxtilə məhz bu acı taleyi yaşayanlardan biridir. İranla əməkdaşlıq edən bank dollarla əməliyyat aparmaq hüququndan məhrum edilmiş və sonradan ABŞ-ın xeyrinə 9 milyard dollar cərimə ödəməyə məcbur olmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm