Əl-Bağdadi mövcud deyil, İŞİD-i “Səddamın döyüşçüləri” yaradıb – Şok İddia
Bizi izləyin

Dünya

Əl-Bağdadi mövcud deyil, İŞİD-i “Səddamın döyüşçüləri” yaradıb – Şok İddia

“İŞİD prinsipial olaraq yeni fenomendir və tarixdə bu cür fenomenlər böyük geosiyasi dəyişikliklər ərəfəsində meydana çıxır”.

Publika.az xəbər verir ki, bu barədə “Rusiya-İslam dünyası” strateji tədqiqatlar mərkəzinin rəhbəri Şamil Soltanov deyib.


Onun sözlərinə görə, İŞİD lideri Əbu Bəkr Əl-Bağdadi xəyali fiqurdur: “Biz “İslam dövləti”nin rəhbərliyinə daxil olanların kimliyini bilmirik. Mənim fikrimcə, Əl-Bağdadi deyilən şəxs həyatda yoxdur, bu, sadəcə, qurama fiqurdur. “İslam dövləti”nin qurucusu İraq kəşfiyyatının mütəxəssisləridir. Səddam Hüseyn zamanında İraq xüsusi xidmət orqanlarının strukturu dünyada ən effektiv qurumlardan idi. “Muhabarat” doqquz xüsusi xidmət orqanından ibarət idi. Səddam 20 il ərzində belə fiqurları yaratmış və potensial olaraq yetişdirmişdi. Bu baxımdan, Əl-Bağdadi deyilən insan ümumiyyətlə mövcud deyil, bu, sadəcə, oyundur”.


Ş. Soltanov 2003-cü ili xatırladaraq amerikanların döyüşsüz İraqa girdiyini bildirib. Onun sözlərinə görə, bu məsələdə İraq ordusunun 80-90 min zabiti iştirak edib.

“2003-2004-cü illərdə İraqda Amerika işğal administrasiyasının başçısı Lyuis Pol Bremer ərəb dilini bilmirdi. Onun ilk qərarlarından biri xüsusi xidmət orqanlarının üzvlərinin dövlət qulluğuna götürülməməsi ilə bağlı idi. Maraqlıdır, 80-90 min potensial imkanları olan zabit heyəti hara getdi, onların taleyi necə oldu? İŞİD-in döyüş taktikası, təbliğat sistemləri və fəaliyyəti olduqca peşəkardır. Bu, istər-istəməz İŞİD-i kimin yaratdığı sualına aydınlıq gətirir”, - deyə o iddia edib.


Ş. Soltanovun fikrincə, İŞİD tərkibində 87 ölkədən olan gənclər döyüşür. Onun sözlərinə görə, kütləvi axına ən böyük səbəb İŞİD-in təbliğatıdır: “Dünyada böyük radikallaşma var, bu təkcə müsəlmanlar arasında deyil. İŞİD təbliğatını məhz bu istiqamətdə qurur. Əgər sənin yaşadığın ölkədə ədalət yoxdursa, onu başqa yerlərdə axtar və mütləq tapacaqsan. Beləliklə, təkcə müsəlmanlar yox, dünyanın bir çox ölkələrindən olanlar ora axışır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm