Putini meyxana ilə devirəcəklərsə...
Bizi izləyin

Dünya

Putini meyxana ilə devirəcəklərsə...

Düşənbə bazarında vedrədə satılan kəllə-paçanı görəndə dodağım necə qaçdısa, az sonar qulağıma gələn meyxana səsləri də məni o qədər diksindirdi.

Çoxdanın söhbətidir, amma bu çoxdanın söhbətini xatırlamağıma bir nədən var, bu nədəni hələ demirəm.

Taciklər və farslar meyxanaya nə deyirlər, bilmirəm. İranda olmamışam, Tacikstanda rastıma çıxanlardan isə qəti qənaət hasil eləmişəm ki, meyxananın kökəncə Azərbaycana heç bir dəxli yoxdur.

Meyxana folklor, ritm, düşüncə tərzi kimi İrandilli xalqlara məxsusdur- farslaramı, taciklərəmi, yoxsa başqalarınamı, bunu özləri müəyyən etsinlər.

Təsadüfi deyil ki, meyxana Azərbaycanda daha çox Bakı kəndlərində və cənub zonasında yayılmışdı və bu bölgələrin İrana mədəni meyli təkzib olunmayacaq faktdır.

İnternet araşdırmalarının sonucu olaraq gözümün qabağına gələn bilgilərə görə, meyxana 20-ci əsrdə bir neçə “inkişaf” mərhələsi yaşayıb, ancaq mənim fikrimcə, bu bölgüləri aparmaq bir qədər yanlışdır.

20-ci yüzilə qədər meyxanın hansı şəkildə mövcud olmasına deyinmədən iddia etmək olar ki, ötən əsrdə bu janr zaman-zaman sovet təbliğat maşınının bir instrumenti olmasına baxmayaraq, “underground”luqdan çıxa bilməmişdi.

Yadımdadır, tələbə yataqxanasında qaldığım dövrlərdə “kor Fikrət” və lənkəranlı Əlimuxtar qonşu otaqda aradabir məclis qurar, o məclisdə içilən meyin “kayf”ı qaçmamış qafiyə açılardı.

Yataqxana əhli məclisin bu dəmində həmin otağa yığışar, çırtma vuraraq deyişənləri ruhlandırardı.

Elə o çağlardan meyxana mən də heç bir ilgi doğurmayıb və bu “sənət”in nə fəlsəfəsi, nə texnologiyası, nə də həzzi mənə çatıb.

Son illərdə isə meyxana telekanallarda şou proqramların çoxalması ilə “underground”luqdan çıxdı, kütləviləşdi, amma “bədiyyə” səviyyəsinə qalxa bilmədi, bilməzdi də.

Namiq Qaraçuxurlu-Aygün Kazımova birlikdəliyinin təsiri ilə meyxananın pop musiqiyə calanmasına, bir neçə dəfə isə muğam və aşıq musiqi ilə sintez edilməsinə cəhd göstərildi, amma yaddaqalan bir layihə ortaya qoyulmadı.

İntellektual auditoriyanı qıcıqlandıran, Sabir Rüstəmxanlının timsalında millətçiləri hiddətləndirən və getdikcə narkotik-mey aludəçiliyinin təsirindən çıxıb “həci”ləşən meyxananın təbliğ olunmasına administrativ üsulla əngəl yaradılmasını mən lazımlı və faydalı saymıram.

İnsanların öz zövqünü, baxışlarını, seçimlərini başqasına diqtə etmək haqqı yoxdur və madam Azərbaycanda meyxananın yüzminlərlə “xiridar”ı var, onların öz seçdikləri vasitələrlə əylənmək hüququna kimsə müdaxilə edə bilməz.

Heç kim qəzetə 40 qəpik, kitaba 5 manat, opera və teatr biletinə 10 manat vermək istəməyən imkanlı adamları Elşən Xəzərə, Aqşin Fatehə, Vüqar Qobuluya, Ağamirzəyə, Aydın Xırdalanlıya, Mehman Əhmədliyə, Oqtay Kamilə, Ələkbər Yasamallıya, Vahid Qədimə və kimə-kimə pul axıtmağa zorlamır.

Bu sırada Kərimin, Rəşad Dağlının və Bayram Kürdəxanlının adlarını bir az fərqli çəkmək istəyirəm ona görə ki, meyxananı bir “sənət növü” kimi qəbul edib-etməməyimdən, bəyənib-bəyənməməyimdən asılı olmayaraq, bu adamların istedad faktını danmaq mümkün deyil.

Ancaq istedad adamı həmişə çağdaşlığa aparmır.

Hə, sözü bayaqdan ona gətirmək istəyirəm ki, Rusiyada Putin əleyhinə başlayan kampaniya da artıq “meyxana”laşıb və Astaranın Təngərüd kəndində açılan bir qafiyə rus siyasətinin lozunquna çevrilib.

İntiqamla Ehtiramın sineyi-dəftərindəki “urusca” Rusiyanın virtual və televiziya məkanında “rep-batl” şəklində təqdim olunur və həmin süjetlər, məsələn, bizim qədim hindu qəbilələrinin “musiqi”sinə baxdığımız kimi seyir edilir.

Putinin adı isə “Tı kto takoy? Davay, do svidaniya!» qafiyəsinin əvvəlinə qoyularaq Rusiya prezidentinin görəvdən uzaqlaşdırılmasında əsas deyimə çevrilib.

Rusiya liderinə heç bir simpatiyam-filan yoxdur, ancaq o fikirdəyəm ki, Vladimiri meyxana ilə aşıracaqlarsa, qibtə ilə baxdığımız o böyük rus mədəniyyəti bitmiş sayılacaq…

Elə buradaca sözümü bitirirəm və köşəmi bəyənmədinizsə, deyirəm ki:

Tı kto takoy? Davay, do svidaniya!..

Oxumağa davam et
Reklam
Reklam

Gündəm