“Xocalıya Ədalət” - İstanbulda
Bizi izləyin

Dünya

“Xocalıya Ədalət” - İstanbulda

İstanbulda “Xocalıya Ədalət” həftəsi keçiriləcək

“İslahatçı Gənclər” İctimai Birliyi İstanbul Türk Ocağı Gənclik Qolları ilə birgə Türkiyənin İstanbul şəhərində 20-26 fevral tarixlərində Xocalı soyqrımının 22-ci ildönümünə həsr olunmuş “Xocalıya Ədalət” həftəsi keçirəcək.

Bu barədə məlumat verən birliyin sədri Fərid Şahbazlı qeyd edib ki, artıq ikinci ildir ki, “İslahatçı Gənclər” İstanbul Türk Ocağı Gənclik Qolları ilə birgə Türkiyə ictimaiyyətinin diqqətini Xocalı faciəsinə yönəltmək üçün tədbirlər silsiləli həyata keçirir: “Bu həftəlik çərçivəsində müxtəlif konfrans salonları və univesitetlərdə Türkiyənin tanınmış ictimai-siyasi xadimlərinin, elm adamlarının, fəal gənclərinin, eyni zamanda Azərbaycandan gələn qonaqların iştirakı ilə Xocalı dəhşətlərindən bəhs edən çoxsaylı müzakirələr, panellər və görüşlər baş tutacaq. Bununla yanaşı, Türkiyə mediasının diqqətini Xocalı soyqrımı və onun acı nəticələrinə daha çox yönəltmək KİV-lərdə çoxsaylı çıxışlar nəzərdə tutulub.

Yaxın günlərdə isə “Xocalıya Ədalət” həftəsi ilə bağlı təbliğat xarakterli elanlar İstanbulun bütün mərkəzi ünvanlarında yerləşdiriləcək. Həftəlik çərçivəsində təbliğat xarakterli bir sıra digər mühüm addımların da atılması nəzərdə tutulub. Biz Türkiyədəki tərəfdaşlarımızla birgə qardaş ölkə ictimaiyyətinin diqqətini bir insanlıq cinayəti olan Xocalı soyqrımı və Dağlıq Qarabağın ermənilər tərəfindən işğalına yönəltmək üçün əlimizdən gələni edəcəyik”.

Fərid Şahbazlı eyni zamanda qeyd edib ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində “Xocalıya Ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər 22 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdikləri soyqrım siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında müstəsna rol oynayıb: “Düşünürəm ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Xocalı dəhşətlərinin yaşadıqları ölkənin ictimaiyyətinə çatdırılması üçün bacardığını əsirgəməməlidir”.

Qeyd edək ki, İstanbulda baş tutacaq “Xocalıya Ədalət” həftəsində Azərbaycandan Milli Elmlər Akademiyasının şöbə müdiri, tarixçi-alim Qasım Hacıyev, respublikanın Əməkdar artisti Aybəniz Haşımova və digər şəxslər iştirak edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm