Yeni Ukraynanın dörd problemi – Parçalanma, Putin….
Bizi izləyin

Dünya

Yeni Ukraynanın dörd problemi – Parçalanma, Putin….

Növbədənkənar prezident seçkilərinin dekabr ayında keçirilməsi razılaşdırılmışdı.

Viktor Yanukoviçin paytaxt Kiyevdən qaçmasından əvvəl Avropanın üç ölkəsinin (Almaniya, Fransa və Polşa) xarici işlər naziri və Rusiya ombudsmanının iştirakı ilə iqtidar-müxalifət razılaşması imzalandı. Növbədənkənar prezident seçkilərinin dekabr ayında keçirilməsi razılaşdırılmışdı. Lakin Yanukoviçin Xarkova getməsi xəbəri ilə vəziyyət tamamilə dəyişdi. Parlament V.Yanukoviçi postundan uzaqlaşdıraraq onun səlahiyyətlərini keçmiş baş nazir Yuliya Timoşenkonun sağ əli Aleksandr Turçinova verdi. A.Turçinov həm də parlament sədri seçildi.

Daxili işlər və müdafiə nazirləri, həmçinin baş prokuror başqaları ilə əvəzləndi. Tezliklə yeni baş nazirin kimliyinə aydınlıq gələcək. Vaşinqton, Moskva və Avropanın bütün paytaxtları Ukraynada vəziyyətin sabitləşməsini istəyir.

V.Yanukoviçİ devirmək mümkün oldu, bəs indi Ukraynanı nə gözləyir?

Publika.Az –ın verdiyi xəbərə görə, Fransanın “slate.fr” saytı Ukraynanın qarşısında dayanan problemlərdən yazıb. Sayt hesab edir ki, yeni hakimiyyət təcili şəkildə dörd əsas problem həll etməlidir.

Ukraynanın parçalanması

Ölkə faktiki olaraq bir neçə hissəyə bölünüb. Qərbi Ukrayna Avropa meyllidir, əhali Ukrayna dilində danışır, katolik və ya qrekokatoliklərdir. Şərqi Ukrayna Rusiya meyllidir, pravoslavdır və rus dilində danışır. Şərqi Ukraynanın mədənçıxarma sənayesi və metallurgiyası Rusiyanın sifarişlərindən asılıdır.

Bu iki hissəyə Krımı da əlavə etmək lazımdır. Yarımadada Rusiya-Ukrayna ikili vətəndaşlığı olan rus əksəriyyəti yaşayır. Krım 1954-cü ildə mənşəcə ukraynalı olan Nikita Xruşşov tərəfindən Ukraynaya “hədiyyə” edilib. Sevastopolda Rusiyanın hərbi dəniz bazası var və burada 2042-ci ilə qədər qalmaq hüququna malikdir.

Bununla belə ölkənin Şərq və Qərbi arasında qəti şəkildə çəkilən dil, din və siyasi sərhəd mövcud deyil. Belə bir sərhəd özünü mərkəzi Ukraynada göstərdi. Bunun ən parlaq nümunəsi paytaxt Kiyev oldu. Paytaxt əhalisinin çox hissəsi Maydanı dəstəklədi, baxmayaraq ki, Kiyev sakinlərinin üçdə ikisi rusdillidir.

Etiraz aksiyaları ilk olaraq hakimiyyətin Avropa İttifaqı ilə assosiativ razılaşmadan imtin etməsinə qarşı başlasa da, etirazlar istiqamətini tezliklə korrupsiya və insan hüquqların pozulmasına qarşı yönəldi. Bu məsələdə isə Qərbi Ukrayna və Şərqi Ukrayna birləşdi.

Bəzi siyasi ekspertlər də bildirir ki, etiraz hərəkatı Ukrayna milli şüurunun formalaşmasına gətirib çıxardı və ölkəni birləşdirə bildi.

Liderlik məsələsi

Mayın 25-nə təyin olunan prezident seçkilərində həbsdən yeni çıxan keçmiş baş nazir Yuliya Timoşenkonun iştirakı istisna edlmir. Amma Timoşenkodan başqa da namizədlər var. Onlardan biri Yuliya Timoşenkonun keçmiş müavini Arseniy Yasenyukdur. Yasenyuk məhz Timoşenkonun həbsindən sonra “Batkivşina” Partiyasına başçılıq etməyə başlayıb. Keçmiş iqtisadiyyat naziri üç aydır davam edən nümayişlərdə aparıcı rollardan birinə sahib olub.

A.Yasenyukun boks üzrə keçmiş dünya çempionu Vitali Kliçko ilə tandemi yaranıb. Kliçko UDAR Partiyasına rəhbərlik edir. O, siyasi təcrübəsinin olmamasına baxmayaraq, prezident seçkilərində namizəd olmaq istəyini gizlətmir. Amma onu digər siyasətçilər kimi dövlət vəsaitləri hesabına varlanmasına görə ittiham etmək olmaz.

Nəhayət, Lvov sakini Oleq Tyaqniboku qeyd etmək lazımdır. O, “Azadlıq” Partiyasının sədridir. Son parlament seçkilərində 11 faiz səs qazanan partiyanın siyasi təsiri son vaxtlar aşağı düşməyə başlayıb. Partiyanı Şərq regionlarında faşist partiyası adlandırırlar. Rusiya KİV-ləri və rəsmi şəxsləri isə bütün müxalifəti etibardan salmaq üçün “Azadlıq” Partiyasının təsirini qəsdən şişirdirlər.

İqtisadi situasiya

İqtisadiyyatdakı faciəli vəziyyətin düzəldilməsi yeni hakimiyyətin birinci işi olacaq. Dövlətin taxıl anbarları boşdur. Bu həm də yalnız Viktor Yanukoviçin çar yaşayışı ilə bağlı deyil. Hansı ki, onun bu yaşayışını iqamətgahdan çəkilən görüntülər də göstərir.

Ukrayna ilin sonuna kimi kreditorlara 13 milyard dollar qaytarmalıdır. Amma onun bunun üçün bir qəpiyi də yoxdur. Kreml keçən ilin dekabrında Moskva ilə yaxınlaşmanın qarşılığı olaraq 15 milyard dolları verəcəyini öhdəsinə götürüb. İlk partiya olaraq 3 milyard dollar ödənilib. Vəsaitin qalan hissəsinin verilməsi isə qeyri-müəyyən müddətə dondurulub.

Sidneydə “G-20”nin maliyyə nazirlərinin görüşündə bildirildi ki, Ukraynaya yardım etməyə hazırdırlar. Ancaq heç bir konkret məbləğ açıqlanmayıb. Beynəlxalq Valyuta Fondunun daş direktor müavini Kristina Laqard islahatların keçirilməsi şərti ilə Kiyevə maliyyə yardımı etməyə hazır olduğunu deyib.

Vladimir Putin

Viktor Yanukoviçin devrilməsi Rusiya prezidenti üçün böyük zərbə oldu. O, böyüklüyünə görə, ikinci slavyan ölkəsində rəhbərliyə gələn yeni hakimiyyətin Avropa İttifaqının yanında yer alacağından ehtiyat edir. Putin hesab edir ki, Ukraynada Yanukoviç rejiminin iflası onun şəxsi hakimiyyəti üçün təhlükə ola bilər.

Hər halda Moskvanın əlində bir neçə kart qalıb. Hər şeydən əvvəl bu, iqtisadi təzyiq alətidir. Rusiya bu siyasəti artıq dəfələrlə tətbiq edib. Rusiya şəxsi strateji maraqlara görə, Ukrayna mallarını üçün qapılarını dəfələrlə bağlayıb və açıb.

Bundan başqa, V.Putin rusdilli əhalinin əksəriyyət təşkil etdiyi regionlarda yeni hakimiyyətin müxalifətini dəstəkləyə bilər. Son vaxtlar Rusiya bəzi rəsmi şəxsləri hətta Ukraynanın parçalanması ehtimalından danışmağa başlayıblar. Çox ehtimal ki, bu daha çox qorxutmaq siyasətidir.

Avropa İttifaqının xarici məsələlər üzrə ali komissarı Ketrin Eşton bildirib ki, “birlik, müstəqillik və ərazi bütövlüyü” Ukrayna üçün əsas məsələdir. V.Putin isə hələlik buna heç bir etiraz etmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm