Kreml Sərkisyanı erməni biznesmenləri ilə üz-üzə qoyur
Bizi izləyin

Dünya

Kreml Sərkisyanı erməni biznesmenləri ilə üz-üzə qoyur

Rusiyanın "İnter RAO EES" (Rusiya Energetika və Elektrikləşmə üzrə Açıq tipli Səhmdar Cəmiyyəti) şirkəti “Ermənistan Elektrik Şəbəkəsi” şirkətini satmağa hazırdır.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, məlumatlı mənbələr danışıqların erməni mənşəli Rusiya biznesmenləri ilə aparıldığını bildiriblər.

Nəşrin məlumatına görə, "İnter RAO EES” şirkəti “Taşir” şirkətləri qrupunun prezidenti Samvel Karapetyan və digər erməni mənşəli Rusiya biznesmenləri ilə danışıqlar aparır. Amma "İnter RAO EES” şirkətindən sözügedən informasiyanı şərh etməkdən imtina ediblər. “Taşir” şirkətlər qrupunun İrəvan nümayəndəliyindən informasiya təkzib edilib, şirkətin Rusiyadakı ofisindən isə bildiriblər ki, belə bir informasiyaya malik deyillər.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan iyunun 27-də “Ermənistan Elektrik Şəbəkəsi” şirkətinin milliləşdirilə biləcəyini deyib.

Şirkətin Samvel Karapetyana satışı haqqında informasiyanı hələ mart ayında Ermənistanın “Aykakan jamanak” qəzeti verib. Amma informasiya təkzib edilib. Mayın əvvəlində Samvel Karapetyanın qardaşı, Ermənistan parlamentinin deputatı Karen Karapetyan bildirib ki, “Taşir” hələ şirkətin alınması məsələsinə baxmır.

Karapetyan “Forbes”in versiyasına görə, Rusiyanın ən zəngin biznesmenlərinin siyahısında 26-cı yer tutur. Onun rəhbəri olduğu “Taşir” şirkətlər qrupunun sərvəti 4 milyard dollar qiymətləndirilir.

“Ermənistan Elektrik Şəbəkələri” 1997-ci ildə qeydə alınıb və 2002-ci ildə özəlləşdirilib. Şirkət 2005-ci ildə Rusiyanın "İnter RAO EES” şirkətinin nəzarətinə keçib. 2014-cü ilin nəticələrinə görə, şirkətin zərəri 22,6 milyon dollar təşkil etdi. Hazırkı məlumata görə, şirkətin 300 milyon dollar borcu var. Elektrik enerjisinin tariflərinin artırılması da məhz şirkətin borc bataqlığında olması ilə izah edilir. Serj Sərkisyan iyunun 27-də keçirdiyi müşavirədə bildirib ki, elektrik enerjisinin tarifləri artırılmasa, ölkənin enerji şəbəkəsi çökə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm