Deputat nazir müavinlərini Milli Məclisə gəlməyə çağırdı
Bizi izləyin

İqtisadi gündəm

Deputat nazir müavinlərini Milli Məclisə gəlməyə çağırdı

“Düzdür, mənim şöbə müdirlərinin savadına şübhəm yoxdur, ancaq suallara aydınlıq gətirə bilmirlər”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi ciddi və maraqlı müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, iclasda qanun layihəsi ilə bağlı çıxış edən deputat Vahid Əhmədov indiyədək ən böyük rüsumun həcminin 22 min manat olduğunu bildirib:

“İndi deyirsiniz ki, müəyyən sahələr üzrə lisenziyaların verilməsi rüsumunu iki dəfə azaltmısınız. Ancaq indi mobil rabitə üzrə rüsum 1 milyon manata qaldırılıb. Demək ki, bir sahədən azaltmısınızsa, digər sahəni artırmısınız. Bizdə 1 milyonluq rüsumu ödəməyə imkan varmı? Həmçinin televiziya yayımına 50 min rüsum qoymusunuz”.

Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov iradalara cavab olaraq bildirib ki, bu sahələr rentabelli olduğu üçün dövlət rüsumları artırılıb:

“Söhbət “Azercell”, “ Bakcell” və “Nar Mobile” kimi iri şirkətlərdən gedir. Burada qanun layihəsində dəyişiklik ona xidmət edir ki, lisenziyalar üzrə rüsumlar birbaşa dövlət büdcəsinə daxil olacaq”.

Deputat Tahir Mirkişili deyib ki, Azərbaycanda lisenziyaların verilməsi müddətsizdir:

“Bundan sonra kim mobil operator kimi ölkəyə gəlmək istəsə, lisenziya almaq üçün 1 milyon manat rüsum ödəməlidir. Həqiqətən də mobil sahə rentabellidir. Sahibkarlar bu pulu ödəyə bilər. İndi dünyada mobil danışıq məsələsi yoxdur. İnternet sisteminə keçilib. Bir dollar ödəyirsən, həm danışırsan, həm də yazışırsan”.

Deputat Vahid Əhmədov isə lisenziya əlavə rüsum məsələsi ətrafında yaranmış anlaşılmazlıqla bağlı komitə sədri Ziyad Səmədzadədən xahiş edib ki, Milli Məclisin iclaslarına nazir müavinləri dəvət olunsunlar:

“Düzdür, mənim şöbə müdirlərinin savadına şübhəm yoxdur. Ancaq onlar bu işə məsul səlahiyyətli şəxs deyillər. Suallara aydınlıq gətirə bilmirlər” .

Millət vəkili Şəmsəddin Hacıyev isə qeyd edib ki, bu sahədə əvvəlki illə müqayisədə ciddi fərq var:

“Əgər əvvəllər rüsumlar lisenziya verən qurumlara gedirdisə, indi bu vəsait büdcəyə gedəcək. İndi mobil operatora lisenziya üçün ödəniləcək bir milyon manatın ancaq 5 min manatı lisenziya verən quruma gedəcək. Yerdə qalan 995 000 manat isə büdcəyə gedəcək. Bu isə müsbət haldır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm