• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İŞİD-in məsələsi AŞPA-da da müzakirə olunub

İŞİD-in məsələsi  AŞPA-da da müzakirə olunub

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının oktyabrın 2-də keçirilmiş iclasında təcili məsələ kimi özünü “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qrup və bəşəriyyətə qarşı zorakılıq” məsələsi müzakirə edilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü deputat Qənirə Paşayevanın Publika.az verdiyi məlumata görə, müzakirələrdəki çıxışı zamanı deyib ki, Suriyada davam edən böhran və terrorçu qrupların, xüsusilə özünü “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanın pozucu fəaliyyəti region üçün ciddi təhlükədir.

"Zorakılıq sərhəd tanımır. Regionda yaşayan insanlar dini etiqadından, etnik mənsubiyyətindən asılı olmayaraq zorakılığa məruz qalırlar. Onların hamısı eyni zülmün qurbanlarıdırlar. Region ölkələri humanitar fəlakətlə üzləşiblər. Türkiyə 1,5 milyon insana sığınacaq verib, onların da böyük əksəriyyəti uşaqlar və qadınlardır. Təqribən 250 min nəfər son iki həftədə sərhədi keçiblər. Biz Türkiyənin bu istiqamətdə səylərini təqdir etməliyik. Assambleya bütün üzv dövlətləri humanitar böhran yükünü paylaşmağa çağırmalıdır", - deyə millət vəkili çıxışında bildirib.

Q.Paşayeva İraq və Suriyada yaşayan milyonlarla türkmənin, onların təmsilçilərinin xahişi ilə Assambleyaya müraciət edib, onların düşüncələrini, səsini, yaşadıqları dəhşətləri qurum üzvlərinin diqqətinə çatdırıb. O, qeyd edib ki, əziyyət çəkən digər etnik və dini qrupların səsi, düşüncə və çağırışları buradakı deputatlar tərəfindən səsləndirilib və məruzədə öz əksini tapıb. İraq və Suriyada yaşayan türkmənlər də səslərinin burada eşidilməsini, çağırışlarının burada səslənməsini istəyirlər. Evini, sağlamlığını, işini itirən türkmənlərin sayı yüz minlərlədir və türkmənlər Avropa Şurasını onlara dəstək olmağa, kömək göstərməyə çağırır.

Doğma yurd-yuvalarından didərgin düşmüş insanlara daha çox humanitar dəstək göstərməyimizə böyük ehtiyac var. Regionda özünü “İraq və Şam İslam Dövləti” adlandıran, eləcə də digər terrorçu qruplaşmalara qarşı mübarizə aparacaq ölkələr müəyyən edilməli, birgə səylər nəticəsində döyüşçülərin münaqişə zonalarına göndərilməsinin qarşısı alınmalıdır.

Paşayeva bəyan edib ki, İslam zorakılığa izn vermir. "Biz Avropa cəmiyyətində islamofobiya təmayüllərinin artmasına da diqqət yetirməliyik. İslamofobiya təmayülləri yalnız terrorist qrupların çiçəklənməsi üçün məhsuldar zəmin yaradır. Ona görə də biz Avropada İslamafobuyanın artmasına qarşı da ciddi mübarizə aparmalıyıq", - Qənirə Paşayeva əlavə edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR