• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Avtomobil bazarında nə var, nə yox?

Avtomobil bazarında nə var, nə yox?

Azərbaycanda kimlər hansı avtomobillərə üstünlük verir, yeni, yoxsa könhə avtomobillər daha çox satılır, qiymətlər necədir və s.

Texnologiyanın sürətli inkişafı özünü avtomobillərdə də göstərir. Dayanmadan yeni model avtomobillər istelsal olunur və satışa çıxarılır. Son modellər köhnə modellərə nisbətən bahalı olsa da, daha təhlükəsiz, daha komfortludur. İndi bu avtomobil bolluğunda insanlar hər yaşa, hər cibə, hər zövqə uyğun avtomobil tapa bilirlər. Dünya ölkələrində avtomobillərdən nəqliyyat vasitəsi kimi yararlanırlar. Bəs bizdə necədir?

Bizdə kimlər hansı maşına üstünlük verir?

Azərbaycanda avtomobil satışı ilə məşğul olan müxtəlif şirkətlərin rəsmi distribüterləri arasında apardığımız araşdırma nəticəsində öyrəndik ki, ölkəmizdə daha çox Rusiya, Almaniya, Yaponiya və Cənubi Koreya avtomobilləri alınır.

Orta yaşlı kişilər isə əsasən "Mercedes"in E və C klass modellərinə üstünlük verirlər. Onların da çoxu işlənmiş maşın alırlar. "Mercedes"in ən çox satılan modelləri isə 1995-2000-ci illərin buraxılışlarıdır. Bu illərin avtomobillərinin qiyməti 10-15 min dollar arasında dəyişir.

Avtomobil şirkətlərinin Bakıdakı satış distributorlarından aldığımız məlumata görə, Azərbaycanda xanımlar daha çox "Nissan Tiida", "Hunday Accent" və "Volsfagen Polo" markalarına üstünlük verirlər. Ümumiyyətlə, xanımlarımız kiçik ölçülü və açıq rəngli maşınları sevir. Bu maşınların qiyməti illərinə görə 8-15 min dollar arasında dəyişir. Xanımlarımız işlənmiş avtomobil almaqda maraqlı deyillər, daha çox təzəsinə üstünlük verirlər.

Cip markalı avtomobillərdən kişilər ən çox "Nissan X-Trail" və "Toyota Prado" alırlar ki, bunun qiyməti də müxtəlif amillərə görə, 30-50 min dollar arasındadır. Qadınlar isə bu tip avtomobillərdən əsasən, "Hunday"ın 2006-cı ildə ABŞ-da ilin avtomobili adını qazanmış "Santa-Fe" modelinə üstünlük verirlər.

Taksi kimi işlətmək məqsədilə isə insanlar daha çox işlənmiş "Jiquli", "Tofaş", "Nissan", "Opel" və "Hunday"ın ucuz modellərini alırlar. Bu maşınları almaq üçün 5-8 min manat kifayət edir. Bir faktı da qeyd etmək lazımdır ki, Gürcüstandaki maşın bazarında işlənmiş avtomobillərin qiyməti Azərbaycandakı qiymətlərdən 2 dəfə ucuzdur.

İşlənmiş avtomobil bazarında vəziyyət necədir?

Müşahidələr və monitorinqlər göstərir ki, hazırda Azərbaycanda sadə insanlar heç də yeni maşınlara üstünlük vermirlər. Sumqayıt yaxınlığındakı avtomobil bazarında işləyən təcrübəli satıcı İlqar Kamalovun dediyinə görə, bazarda ən çox satılan avtomobil işlənmiş VAZ 2107-dir. Bu avtomobili ən çox gənc oğlanlar alırlar. Onlar 2005-

2010-ci illərin buraxılışına üstünlük verirlər. Bu illərin avtomobilləri isə 5 min manat ətrafında dəyişir.

Dünya ölkələrindən fərqli olaraq bizdə avtomobil alanların əksər hissəsi avtosalonlardan daha çox avtomobil bazarlarına üstünlük verirlər. Xüsusilə də, təkrar bazara. İnsanlar işlənmiş maşını əldən ələ satırlar. Elə hal olur ki, bir avtomobil bir neçə ildə 10-15 sahib dəyişir.

Maşın bazarlarında avtomobillərin qiymətləri illərinə, mühərrikin gücünə və çoxfunksiallığına görə dəyişir. Belə ki, 5 min manatdan başlayaraq normal durumda olan işlənmiş avtomobil almaq mümkündür.

Amma sirr deyil ki, işlənmiş avtomobil o qədər də effektli olmur. Sumqayıt avtovağzalında yerləşən profilaktoriyada çalışan təcrübəli avtomobil ustası Nəsib Abbasovun sözlərinə görə, işlənmiş maşın alan zaman mümkün qədər diqqətli və ayıq olmaq lazımdır. Çünki sizə təklif olunan maşınlar arasında üstü bəzənmiş, amma içi olmayan köhnə və yararsız maşınlar da ola bilər:

"Ən yaxşısı odur ki, siz avtomobil almağa bu işdən anlayışı olan biri ilə gedin. Maşın bazarlarında oğurluq avtomobillər də satılır. Ona görə də, aldığınız maşının mühərrik nömrəsi ilə sənədindəki nömrələri tutuşdurun ki, sonradan bir problem yaranmasın. İşlənmiş avtomobil alacaqsınızsa, mütləq onun vergi borclarını da araşdırın".

Kreditlə avtomobil almaq sərf edirmi?

Azərbaycanda fəaliyyət göstərən banklar öz müştərilərinə qısa müddətə avtomobil sahibi olmaq şansı yaradır. 1-5 il müddətinə verilən kreditlər əsasən 20-30 faizlə təklif olunur. Amma banklar krediti yalnız Bakı şəhərində daimi qeydiyyatda olan və əsasən yüksək maaşlı dövlət işində çalışanlara verir. Məbləğin 20-30 faizini öncədən ödəmək lazım gəlir.

Bəzi firmaların reklam çarxlarında hətta faizsiz kredit kampaniyası barədə məlumat verilir. Amma faizsiz kreditlər 50 faiz ilkin ödəniş edən müştərilərə şamil olunur. Bununla da 1 il müddətinə faizsiz kreditlə avtomobil almaq hüququ qazanırlar. 10-20 faiz ilkin ödəniş edənlər isə bu avtomobili 20 faizə ala bilər.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ötən il Azərbaycanda 70 mindən çox avtomobilin qeydiyyatdan keçməsi ilə nəqliyyat vasitələrinin sayı 1 milyonu keçib. Bunların yarıdan çoxu paytaxtda cəmləşib.

Avtomobili necə seçmək lazımdır?

Avtomobil almaq fikrinə düşmüsünüzsə, öncə yaxşıca götür-qoy etməyiniz lazımdır. Çünki bu, bizim üçün önəmli bir qərardır və səhv etmək peşmançılıq yarada bilər. Məsələn, bəzəyinə, görünüşünə aldanaraq salonu heç də rahat olmayan bir avtomobil ala bilərik. Ona görə də, seçim edərkən bunlara önəm vermək vacibdir.

1. Salonda ailə üzvlərinə yetəcək qədər oturacaq olmalı

2. Baqaj hissə sizi qane etməli

3. Avtomobilin şəhər və ya kənd mühitində istifadə gücü nəzərə alınmalı

4. Təhlükə anında sizi maksimum qoruyacaq avtomobilə üstünlük verməli

5. İşlənmiş avtomobil alarkən mütləq təcrübəli ustaya göstərməli

6. Mümkün qədər az yanacaq işlədən olmasına fikir verməli

Dünya ölkələrində avtomobillərdən nəqliyyat vasitəsi kimi yararlanırlar. Azərbaycanda isə bu nəqliyyat vasitəsindən özünün üstünlüyünü göstərmək üçün yaralananlar da az deyil. Hər halda hər şeyi öz təyinatı üzrə istifadə etsək yaxşı olar.

Həm də, avtomobili ancaq böyük ehtiyac duyulduqda almaq lazımdır. Həm də hər kəsin avtomobili olsa, şəhərlərdə tərpənməyə yer qalmaz...

Elçin Bayramlı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR