Qənirə Paşayeva əsgər və məktəblilər üçün yemək bişirdi - FOTOLAR
Bizi izləyin

İqtisadi gündəm

Qənirə Paşayeva əsgər və məktəblilər üçün yemək bişirdi - FOTOLAR

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə olub.

Publika.az xəbər verir ki, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, Tovuz rayon icra hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə məktəb şagirdləri də iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd uşaqlarımızın artıq məktəb yaşlarından ön cəbhənin, əsgərlik həyatının nə demək olduğunu yaxından görüb anlamaqla bərabər hərb sənətinin sirlərinə də bələd olmalarıdır. Görüşdə iştirak edən məktəblilərin bir çoxları gələcəkdə hərbiçi olmaq arzusunda olduqlarını da bildirib və bunun üçün çalışacaqlarını deyiblər.

Millət vəkili Qənirə Paşayeva gənclərimizlə tariximiz, ölkəmiz, özəlliklə Ermənistanın işğalçılıq siyasəti, törətdiyi soyqırımlar barədə ətraflı söhbət edib və onları maraqlandıran müxtəlif sualları cavablandırıb. Millət vəkili gənclərə tariximizi yaxşı öyrənməyi məsləhət görüb: “Bizim hər bir gəncimiz işğal altında olan torpaqlarımızı, oradakı tariximizi, tarixi-mədəni abidələrimizi əzbər bilməlidir. Gənclərin fiziki sağlam olmaları üçün idmanla daha çox məşğul olmaqla bərabər mənəvi sağlamlıqlarına da ciddi önəm verməyə, siqaret, narkomaniya, alkoqol, qumar kimi insanı məhv edən alışqanlıqlardan uzaq durmağa çağırıram”.

Məktəblilərin hərbi biliklərinin artmasından məmnun olduğunu bildirən Qənirə Paşayeva hərbi müəllimlərlə yanaşı məktəblilərə belə bir imkan yaradan hərbi hissə rəhbərliyinə də təşəkkür edib. Sonra millət vəkili əsgərlər və məktəblilərlə bərabər əsgər yeməyi bişirib, onları əsgər qaydasında paylayıb və birlikdə əsgər naharı edərək söhbətlər ediblər. Tədbirin sonunda millət vəkili Qənirə Paşayeva onlara müəllifi olduğu kitabları və Azərbaycan tarixi ,həqiqətləri ilə bağlı kitabları hədiyyə edib və uğurlar arzulayıb.

Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov isə bu cür layihələrin davamlı olmasına toxunaraq savadlı gənclər arasında hərb peşəsinə maraq edənlərin artmasının vacibliyi ilə bağlı danışıb və uşaqlara uğurlar arzulayıb. Tədbirdə Azərbaycanın Əməkdar artisti Nuriyyə Hüseynova da iştirak edib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm