Təqsirləndirilən: “16 milyonu götürün, ittihamı silin” - RABİTƏ İŞİ
Bizi izləyin

Hadisə

Təqsirləndirilən: “16 milyonu götürün, ittihamı silin” - RABİTƏ İŞİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Namazalı Məmmədov ifadə verib.

O deyib ki, 1984-cü ildən rabitə sahəsində işləyir, 1997-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Vergini vaxtında ödəyib, qanunsuzğluğa yol verməyib.

Bildirib ki, istintaq orqanı tenderlərin keçirilməsi qiymətlərini şişirdib: "Mənim şirkətimin "Aztelekom"dan 16 milyon alacağı olub. İstintaq orqanı mənə 4 milyon manatlıq mənimsəmə ittihamı verib. Həmin 16 milyon manatı götürün, verilən ittihamı silin. Mən nədə ittiham olunduğumu bilmirəm, niyə həbs edilmişəm, bunu da başa düşmürəm".

Hakim bildirib ki, ona 4 milyon yox, 12 milyon manatlıq mənimsəmə ittihamı verilib: "Biz bunu araşdırırıq".

Təqsirləndirilən şəxs daha sonra dövlət ittihamçısı Fərid Nağıyevin suallarını cavablandırıb. Təqsirləndirilən şəxs qeyd edib ki, Vidadi Zeynalova pul verməyib: "Mən belə ifadə verməmişəm, əgər ifadə varsa, həmin ifadəni təkzib edirəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, "Optik Qurğular" İdarəsi ilə "Aztelekom" arasında 44 milyon manatlıq işin görülməsi ilə bağlı sənıdləşmə olub: "7 il ərzində 19 milyon manat almışıq".

Daha sonra “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov ifadə verib, özünü təqsirli bilməyib və heç bir cinayət törətmədiyini deyib. Bildirib ki, nazir tərəfindən paket formasında təyin edilmiş əməkhaqqı alıb.

Cəlil Cəfərov qeyd edib ki, 2004-cü ildə Naxçıvanda optik rabitəni həyata keçiriblər. Naxçıvanın blokada vəziyyətində oıduğunu deyən Cəlil Cəfərov əlavə edib ki, ona İranda rabitə sahəsində yüksək vəzifədə çalışan dostu kömək edib: "Həmin vaxt nə "Azercell"in, nə də "Bakcell"in İranda rouminqi vardı. Amma biz bunu optik rabitə sayəsində İran vasitəsi ilə etmişik".

Təqsirləndirilən şəxs bildirib ki, beynəlxalq rabitənin qurulmasında heç bir qanunsuzluğa yol verilməyib.

Cəlil Cəfərovun sözlərinə görə, ittiham aktında qeyd edilib ki, "Rostelekom" guya daha aşağı qiymətlər təklif edib: "Orada cinayətkarlıq baş alıb gedirdi, bunu MTN də araşdırmışdı. Mağazalara pulsuz aparat verirdilər ki, guya wi-fi gücləndirilir. Həmin aparatları açanda qapaqda xüsusi hissə vardı, orada mobil nömrə yerləşdirdilər. Yəni, mini mobil operator yaradırdılar. Sonra onun üzərindən insanlara zəng edirdilər. Həmin vaxt insanlara beynəlxalq nömrələrdən zəng gəlirdi, araşdıranda görünürdü ki, yerli nömrədir. Onlar elə peşəkar oğurluq edirdi ki, heç qeydiyyata da düşmürdülər. Biz bunlarla mübarizə aparırdıq".

Cəlil Cəfərov əlavə edib ki, ona və işçilərinə hər ay 300 min manat vəsait ayrılıb: "Bu da paket vasitəsi ilə verilib. Aparat rəhbəri də, digərləri də paket alıb".

Təqsirləndirilən şəxs bildirib ki, Azərbaycana gələn gizli zənglərlə bağlı MTN onu sıxışdırb: "Bu da onların işi idi, dövlətçilik məsələsiydi. Həmin zəngləri müəyyən etmək olmurdu. Bəlkə zəng terorrçuya aiddir? Bundan sonra MTN ilə birgə işləmək barədə razılıq əldə etdik".

Cəlil Cəfərov bildirib ki, nazirliyin rəhbərliyinin göstərişi ilə işləyib, onun tərəfindən heç bir qanun pozuntusuna yol verilməyib.

O deyib ki, Vidadi Zeynalova bir qəpik də verməyib: "Mən heç bir mütəşəkkil dəstənin tərkibində olmamışam. Paketdə aldığım pullar isə əməkhaqqım idi. Mən bəraət istəyirəm".

Tərəflərin suallarını cavablandıran Cəlil Cəfərov qeyd edib ki, onu "Aztelekom" MMC-yə sabiq nazir Əli Abbasov təyin edib, əməkhaqqısı 900-1000 manat olub. Əlavə hər ay aldığı 50 min manatın mənbəyi ilə maraqlanmayıb: "Rəhbərə bununla bağlı sual vermək ixtiyarım olmayıb. Həmin pullar əlavə xərclərə xərcləmişik".

Proses günün ikinci yarısında davam edəcək. (teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm