• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Anam düz yolun yolçusu deyildi” - anasına 102 bıçaq vuran qatilin etirafı

  • Hadisə
  • 20 Oktyabr 2015 00:31
  • 1 665 Baxış
“Anam düz yolun yolçusu deyildi” - anasına 102 bıçaq vuran qatilin etirafı

Anasına 102 bıçaq vuraraq öldürən Mürsəl Dünyamalıyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Xatırladaq ki, M.Dünyamalıyev anası Cəmilə Dünyamalıyevanı əxlaqsızlıq etdiyi üçün öldürdüyünü bildirib. Ana-oğul arasında bu zəmində narazılıq isə hələ xeyli əvvəl başlayıb. Belə ki, Dünyamalıyevlər ailəsi Azərbaycanın rayonlarından birində yaşayıb. Lakin Cəmilə Dünyamalıyeva əxlaqsız hərəkətlər etdiyi üçün kənddə yaşaya bilməyiblər və ailəliklə Bakı şəhərinə köçüblər. Ailə bir neçə il əvvəl Sabunçu rayonunun Bakıxanov qəsəbəsində məskunlaşıb. C.Dünyamalıyeva yüngül həyat tərzini Bakıda da davam etdirib...

Publika.az xatırladır ki, 2014-cü il dekabrın 18-də Mürsəl Dünyamalıyev yaşadıqları mənzildə -Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsindəki evdə qısqanclıq zəminində anası Cəmilə Dünyamalıyevanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. Sonra da Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə gedərək təslim olub.

“Atam fağır adamdır...”

Təqsirləndirilən şəxs qismində dindirilən Mürsəl Dünyamalıyev istintaq zamanı özünü tam təqsirli bilib. O, ifadəsində deyib ki, anası düz yolun yolçusu olmayıb, ailələrinin adını ləkələyib: “Atam təbiətcə sakit, fağır adamdır. Fəhləliklə məşğul olur, səhər işə gedir, axşam qayıdır. Hadisədən bir neçə gün əvvəl anamın başqa kişilərlə yaxınlıq etməsini eşidib əsəbiləşmişdim. Onun hələ də belə hərəkətlər etməsi mənə pis təsir etmişdi. Son vaxtlar mənə çatan söz-söhbətlərdən başa düşmüşdüm ki, anam yenə köhnə hərəkətlərinə başlayıb. Onu öldürmək barədə fikirləşirdim”.

“Anam ailəmizin adını batırıb”

Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib: “Anam cavanlığında da -biz uşaq olanda da düz yolun yolçusu olmayıb. Yaşadığımız kənddə ailəmizin adını batırdığına görə məcbur qalaraq ailəlikcə Bakıya köçdük. Artıq böyüdüyümdən, bu söz-söhbətləri eşitmək mənə pis təsir edirdi. Bu üzdən anamla dəfələrlə aramızda mübahisələr olmuşdu. Evdəkilər də anamın hərəkətlərindən bezmişdilər. Bakıya köçüb gəlməyimizə baxmayaraq, burda da anam haqda söz-söhbətlər qulağıma çatmışdı...”.

“Anamı qardaşımın yanında öldürmək istəmirdim...”

Mürsəl Dünyamalıyev əlavə edib ki, bu səbəbdən anasını öldürəcəyinə qəti qərar verib: “Amma evdə atamın, qardaşımın yanında onu öldürmək istəmirdim. Onların mənə mane olacaqlarını düşünürdüm. Planımı həyata keçirmək üçün bir bəhanə ilə qardaşım Şirini evdən uzaqlaşdırdım. Bundan sonra məqam gözlədim. Anamın hamama girdiyini görüb heç bir söz demədən arxasınca gedərək zərbələr endirdim. Əsəbi olduğumdan neçə zərbə vurduğumu xatırlamıram...”.

13 il cəza

Zərərçəkən kimi tanınan Şirin Dünyamalıyev də ifadəsində qardaşı ilə anasının həmişə mübahisə etdiklərini, Mürsəlin anasına “ayıbdır, özünü yığışdır, övladların böyüyüb” deməsini, anası haqda gəzən söz-söhbətlərin onun da qulağına çatdığını göstərib.

Mürsəl Dünyamalıyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum olunub. Lakin hökmdən narazı qalıb və apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Bakı Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib. Bu qərardan da narazı qalan Dünyamalıyev kassasiya şikayəti verib. Onun şikayəti araşdırılmaq üçün Ali Məhkəməyə göndərilib, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçən prosesdə təmin edilməyib.

Qeyd edək ki, Mürsəl Dünyamalıyev idmanla məşğul olub, SOCAR şirkətində mühafizəçi işləyib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR