• USD 1,7001 +0,01% EUR 1,9983 -0,15%
    • GBP 2,2653 -0,11% RUB 0,0287 -0,35%

Əhalinin gəlirləri azaldılacaq, neft bahalaşacaq - HESABAT

  • Hesabat
  • 15 May 2016 14:50
  • 3 874 Baxış
Əhalinin gəlirləri azaldılacaq, neft bahalaşacaq - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatının gündəmini ənənəvi məsələlər zəbt etdi. Belə ki, neftin qiyməti 50 dollara qədər yüksəldi, sonra yenidən dəyər itkisi yaşadı. İngiltərənin Avropa Birliyindən çıxmaq istəməsi narahatçılıqları artırdı. Rusiya iqtisadiyyatı düşdüyü məngənədən çıxış yolları axtardı. Azərbaycandan sudan istifadə haqqı bahalaşdırıldı.

Başlayaq həftənin trendindən. Beynəlxalq Enerji Agentliyi (İEA) İranın neft hasilatı və ixracında baş verən artıma baxmayaraq, qlobal neft bazarlarının tarazlığa yaxın olduğunu bildirib. Agentliyin aprel ayı neft bazarı hesabatında belə qeyd edilir ki, İranın istehsalı keçən ay gündəlik 300 min barel artaraq 3,56 milyon barelə çatıb. Bu da 2011-ci ilin noyabr ayından bəri ən yüksək səviyyədir. İxrac isə gündəlik 600 min barel artaraq gündəlik 2 milyon barelə çatıb. İranın hasilatındakı bu artıma baxmayaraq, qlobal neft ehtiyatlarındakı yüksəlişin ilin ikinci yarısında yavaşlayacağını proqnozlaşdıran IEA ilin birinci yarısında gündəlik 1,3 milyon barel olan ehtiyat artımı sürətinin ilin 2-ci yarısında gündəlik 200 min barel olacağını təxmin edib. Hesabatda qeyd olunub ki, OPEC üzvü olmayan ölkələrin neft hasilatlarında 2016-cı il üçün azalma proqnozunu gündəlik 710 min bareldən 800 min barelə, qlobal neft tələbində artım proqnozunu isə gündəlik 1,16 milyon bareldən 1,2 milyon barelə qaldırıb.

Ümumiyyətlə qeyd edək ki, OPEC üzvü olmayan ölkələrin neft hasilatı aprel ayında gündəlik 125 min barel azalma ilə 56,6 milyon barelə enib. OPEC-in hasilatı isə aprel ayında gündəlik 330 min barel artaraq 32,76 milyon barelə çatıb. İEA İran, İraq və BƏƏ-nin hasilatı artarkən Nigeriya, Liviya və Venesuelanın hasilatlarının ötən illə müqayisədə gündəlik 450 min barel azaldığına diqqət çəkib. Səudiyyə Ərəbistanı isə hasilatını gündəlik 10,2 milyon barel səviyyəsində qoruyub. Hasilatın əsasən İran, İraq və BƏƏ-də artması və Küveyt ilə Nigeriyada göstəricinin azalmasının örtülməsi hesabına formalaşdığı bildirilir. Səudiyyə Ərəbistanının hesabat dövründə gündəlik 10,20 mln. barel, İranın isə 3,56 mln. barel hasil etdiyi qeyd olunub.

Ekonometrik metodlarla aparılan hesablamalara əsasən, Qərbin tətbiq etdiyi sanksiyaların Rusiya iqtisadiyyatının artım tempinə maksimal mənfi təsiri 11% -dir. Almaniyanın "DIW Berlin" iqtisadi tədqiqatlar institutunun əməkdaşı Konstantin Xolodilin və Azad Berlin Universitetindən Aleksey Netsunayevin birgə çalışması nəticəsində əldə olunan nəticələrə əsasən, Rusiya iqtisadiyyatı sanksiyalar səbəbindən artım tempində hər rüb orta hesabla 2 bənd itirib: "Əgər sanksiyaların iki il davam etdiyini nəzərə alsaq, mənfi effektin nəzərəçarpacaq dərəcədə olduğunu görərik".

Məqalədə qeyd edilir ki, 2014-cü ilin II rübündən 2015-ci ilin III rübünə qədər Rusiyada faktiki iqtisadi azalma 4,1% olub. Sanksiyalar tətbiq edilməsəydi, Rusiyada ÜDM-in həcmi bu dövrdə 6,9% artacaqdı:

"Aradakı 11%-lik fərqi sanksiyalar səbəbindən yaranan zərərin maksimal həddi kimi qiymətləndirmək olar".

Qeyd edək ki, çalışmada Rusiya və Avropa statistika qurumları, "Datastream" və Beynəlxalq Hesablaşmalar Bankının məlumatlarından istifadə olunub.

Sanksiyaların Rusiya iqtisadiyyatına ən çox mənfi təsiri xarici borclanmanın məhdudlaşdırılması səbəbindən maliyyə sistemində müşahidə edilib. Belə ki, 2013-cü ildə xaricdən 46,4 mlrd. dollar borc vəsaiti cəlb edən Rusiya emitentləri 2014-cü ildə 10,4 mlrd. dollar, 2015-ci ildə isə 5 mlrd. dollar borclana bilib. Cari ildə isə Rusiyanın xaricdən maliyyələşmə həyata keçirməsi gözlənilmir. Rusiyanın sanksiyalara qarşı tətbiq etdiyi tədbirlər isə ölkədə inflyasiyanın yüksəlməsinə səbəb olub.

Bu arada Rusiya İqtisadi İnkişaf Nazirliyi (İİN) böhrandan çıxış dövrü ərzində əhalinin real gəlirlərini azaldaraq, investisiyaların artırılması üçün korporativ gəlirləri artırmağı planlaşdırdığını bildirib. Nazirlik 2016-cı ildə əhalinin real gəlirlərini 2,8%, 2017-ci ildə 0,3% azaltmaq qərarına gəlib.

Rusiya İİN irəli sürdüyü iqtisadi layihədə 2016-2017-ci illərdə əmək haqlarının məhdudlaşdırılması və 2018-2019-cu illərdə bunu kompensasiya etməyi düşünür. Bundan başqa, pensiyaların 2016-cı ildə 4,8%, 2017-ci ildə isə 2% real olaraq azaldılması nəzərdə tutulub.

Nazirliyin hesablamalarına görə layihə həyata keçirilsə, 2015-ci ildə 13,1% olan yoxsulluq səviyyəsi 2017-ci ilin sonuna 13,7%-ə yüksələcək. 2018-ci ildə isə bu göstərici 13,9% ilə pik həddinə çatdıqdan sonra 2019-cu ildə real gəlirlərin və yoxsulluq səviyyəsinin 2015-ci il səviyyəsinə geri qaytarılması planlaşdırılıb.

Bununla bərabər, əhalinin real gəlirlərinin azalması investisiyaların artması ilə müşahidə olunacaq. Belə ki, korporativ gəlirlərin artması 2017-ci ildə investisiyaları 3,8%-dən 2019-cu ilə qədər 7,1%-ə qədər artması nəzərdə tutulub. Bu dövr ərzində investisiyaların həcminin ÜDM-nin 24,1%-nə çatması gözlənilir. İqtisadi artım tempinin əsaslı şəkildə 2019-cu ildə 4,5% artması ehtimal edilib. İİN-ə görə, 2017-ci ilə qədər iqtisadiyyatda durğunluq qaçılmazdır. Layihədə 2019-cu ilə qədər neftin barelinin orta illik qiyməti 40 dollar götürülüb. Layihədə həmçinin özəl sektorla bərabər, dövlət investisiyalarının da məqsədyönlü davam edəcəyinin planlaşdırıldığı bildirilir.

Beynəlxalq Valyuta Fondu (BVF) iyunun 23-də keçiriləcək referendumda İngiltərənin Avropa Birliyindən ayrılacağı halda ölkənin iqtisadiyyatının uzun davamlı qeyri-müəyyənlik dövrünə girərək istehsalının geriləyəcəyinə dair xəbərdarlıq edib.

BVF-nin İngiltərə iqtisadiyyatı başlıqlı illik iqtisadi hesabatında bildirilir ki, maliyyə və kommersiya daşınmaz əmlak kimi iqtisadiyyatın açar sektorlarında investisiyaların birdən dayanması, rekord səviyyədəki mövcud cari əməliyyatlar üzrə kəsir qeydə alına bilər.

Təşkilatın rəhbəri Kristina Lagarde deyib ki, İngiltərənin Avropa Birliyindən ayrılıb-ayrılmama qərarı yalnız bu ölkəni maraqlandırmır. Bu beynəlxalq bir problemdir. Son 6 ayda səfər etdiyi dünya ölkələrində “Brexit”in iqtisadi nəticələrinə dair suallar aldığını söyləyib.

ABŞ xarici işlər naziri Con Kerri Avropanın yüksək səviyyəli banklarının nümayəndələrinə İran ilə qanuni ticarət kanallarını yenidən təsis etmək mövzusunda tərəddüd etməmələrini məsləhət görüb. Xatırladaq ki, bir zamanlar bəzi Avropa bankları İrana tətbiq olunan beynəlxalq sanksiyaları pozduqları üçün cəza almışdılar. Ancaq yanvar ayında İrana qarşı sanksiyaların ləğv olunması səbəbindən artıq əməkdaşlıq üçün bir əngəl qalmayıb. Bu arada onu da qeyd edək ki, bəzi banklara qarşı ABŞ-ın sanksiyaları hələ də davam edir.

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan, Gürcüstan, Qazaxıstan və Belarusda xarici valyutada olan bank depozitlərinin xüsusi çəkisinin 60% həddini keçdiyini bildirib. MDB ölkələri və Gürcüstanda bank sektorundakı yüksək dollarlaşma səviyyəsi bu ölkələrin milli valyutalarının dəyər itirməsi nəticəsində bankların balanslarına ciddi təsir edib. Azərbaycan və Ukrayna bankları bu ölkələrin Mərkəzi Banklarından dəstək verilməməsi nəticəsində daha kəskin mənfi təsirə məruz qalıb. Qazaxıstan, Rusiya və Belarusda isə hökumətin banklara dəstək tədbirləri ilə bunun minimallaşdırılması mümkün olub, valyuta məzənnələrindəki dəyişikliklərdən ən az zərər görən isə Gürcüstan və Ermənistan bankları sayılır.

Adı çəkilən regionda bank sektorunun xarici valyutada olan borc və depozitləri genişlənib. Ermənistan, Gürcüstan və Belarusda kreditlərin 57-66%-i xarici valyutada verilib. Xarici valyutada istehlak kreditləri Ukrayna, Azərbaycan, Gürcüstan və Ermənistanda üstünlük təşkil etsə də, Qazaxıstan, Rusiya və Belarusda məhdudlaşdırılıb.

Rusiya və Qazaxıstanda bankların xarici valyutada mövqeləri hedcinq əməliyyatları vasitəsi ilə yaxşılaşdırılıb. Lakin bankların balansının menecmenti depozitlərin xarici valyutaya çevrilməsi səbəbindən getdikcə çətinləşir. Bəzi Azərbaycan bankları qısa açıq valyuta mövqeyinin olması və hedcinq imkanlarının məhdud olması səbəbindən böyük itkilərlə üzləşib.

Daha da kəskinləşən dollarlaşma problemli kreditlərin həcmini artırmaqla yanaşı kapitalın adekvatlıq əmsalını aşağı salıb. Regionda yalnız Gürcüstan bankları Rusiya ilə zəif iqtisadi əlaqələrin olması səbəbindən aktivlərinin keyfiyyətini qoruyub saxlaya bilib, dayanıqlı iqtisadi artım nümayiş etdirib, milli valyutası isə minimal devalvasiyaya məruz qalıb. "Fitch" Gürcüstan istisna olmaqla digər ölkələrdə problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisinin 2016-cı ilin yekununda 10%-i keçəcəyini bildirib. Ukraynada isə bu göstəricinin 35% olduğu vurğulanır. Agentlik bank kapitalına ən çox mənfi təzyiqin Ukrayna, Azərbaycan və Qazaxıstanda olduğunu qeyd edib.

Gəldik çatdıq öz ölkəmizə...

Azərbaycanda dollarlaşma səviyyəsi aşağı düşüb. Belə ki, ölkədə xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəlində 59,2% olduğu halda, I rübün yekunu üzrə 56,7% təşkil edib. Mərkəzi Bankdan bildirilib ki, xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə ilin əvvəlində 76,4% təşkil etdiyi halda, I rübün sonuna 74,9% olub. Bundan başqa, I rübdə fiziki şəxslərin manatla əmanətləri ilin əvvəli ilə müqayisədə 6,4% artdığı halda, xarici valyutada əmanətləri 20,8% azalıb. Fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 85%-dən 81%-ə enib.

Ölkədə kreditləşmə də azalıb. 2016-cı ilin yanvar-mart ayları ərzində istehlak tələbinin komponentlərindən biri olan ev təsərrüfatlarına verilən kreditlərdə ilin əvvəlindən 10,5% azalma müşahidə olunub. Məlumata əsasən, 2016-cı ilin I rübünün sonuna ev təsərrüfatları üzrə kredit portfelinin həcmi 7 mlrd. manat olub.

Daha bir önəmli xəbər Tarif Şurasının qərarı ilə su pulunun artırılması oldu. "Azərsu" ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl - 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik (əvvəl - 25 qəpik/kubmetr), qeyri-əhali üzrə əvvəlki səviyyədə - 1 manat/kubmetr, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) 8 manat/kubmetr (əvvəl 12 manat/kubmetr) müəyyən edilib.

Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün 15 qəpik/kubmetr (bundan əvvəl 6 qəpik/kubmetr), qeyri-əhali üzrə 1 manat (əvvəl 30 qəpik/kubmetr) səviyyəsində təsdiq olunub.

Məndən bu qədər...

Leyla Əliyeva

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>