“McDonalds”-dan xəbəriniz var? Milyonlarla pul...
Bizi izləyin

Hesabat

“McDonalds”-dan xəbəriniz var? Milyonlarla pul...

Bu həftə dünya iqtisadiyyatına bir-birindən maraqlı olaylar damğasını vurdu. Əvvəla, Ukrayna ilə yaşadığı böhran səbəbiylə Qərbin sanksiya tətbiq etdiyi Rusiya istiqamətini Şərqə çevirdi. Söhbət Rəsmi Kremllə Pekin arasında tarixi qaz müqaviləsindən gedir.

Hansı ki, “Qazprom” və Çinin Milli Neft Şirkətinin imzaladığı 400 milyard dollarlıq razılaşmağa görə boru xəttiylə Çinə 30 il boyunca təbii qaz nəql ediləcək.Amerika İsveçrənin məşhur “Credit Suisse” bankını 2.5 milyard dollar cərimələtdirdi, fast- food restoranlar şəbəkəsi “McDonalds”da işçilər tətilə başladılar, “General Motors” 2.4 milyon avtomobilini geri çağırdı. Yerli iqtisadiyyatımıza gəlincə, kommersiya banklarının vəziyyəti ilə bağlı xəbərlər ölkəni bir-birinə vurdu. Ən əsası, bəlli oldu ki, hökumət haqlıdır.Ölkədə yoxsulluq azalıb, hətta insanlar banklarda əmanət saxlamağa başlayıblar. Özü də milyon manatlarla…

Başlayaq Rusiya ilə Çinin qaz anlaşmasından. Deyirəm, sən saydığını say, gör fələk nə sayır. Avropanın Rusiyadan qaz alışını dayandıracağı ilə bağlı hədələri özünə qaldı. Başı şarjı bitməyən saat kimi işləyən Vladimir Putin istiqaməti Şərqə çevirdi. Müzakirələrin nəticəsi olaraq “Qazprom” və Çinin Milli Neft Şirkəti arasında Çinə 30 il qaz ixracı ilə bağlı 400 milyard dollarlıq müqavilə imzalandı. Razılaşmaya görə, Çinə qaz təchizatı 2019-cu ildən başlayacaq. İlkin mərhələdə 38 milyard kub metr qaz tədarükü planlaşdırılır. Aleksey Millerin dili ilə desək: “Müqavilə şərq marşrutu üzrə qaz ixracını nəzərdə tutur. Qərb marşrutu üzrə də ixracla bağlı danışıqlara başlamışıq. Hansı kı bu, Avropaya tədarük edilən eyni resurs bazasıdır”.

Qeyd edək ki, “Qazprom” Çinə qazın 1000 kubmetrini 380-390 dollardan satacaq. Halbuki Çin tədəfi bu rəqəmin 350-360 dollar olmasını istəyirdi.

Bu arada Rusiya ilə Çin arasında daha 49 əməkdaşlıq razılaşması imzalanıb.Çinin enerjidə böyük ölçüdə kömürdən asılılığını azaldacaq razılaşmalar həm də Rusiya üçün alternativ ixracat yolu mənasını daşıyır.

Kredit dərəcələndirmə təşkilatları – “Standart & Poor's”, Fitch İspaniya və Yunanıstanın “bəxtini açıblar”. Belə ki, “Standart & Poor's” İspaniyanın kredit notunu “ BBB”yə , “Fitch” isə Yunanıstanın kredit notunu ‘B”yə yüksəldib.

Onu da bidlirək ki, “Fitch” Yunanıstanın notunu ‘B“-dən “B”-yə yüksəldib. Buna səbəb kimi ölkənin düzələn maliyyə göstəricilərini gətirib.

”Standart & Poor's”a gəldikdə, İspaniyanın kredit notunu “ ‘BBB-/A-3-dən BBB-/A-2-yə yüksəldərək sabit qiymətləndirib.

Kredit dərəcələndirmə təşkilatlarından verilən şərhdə deyilir ki, "sabit” görünüş İspaniyanın notu üzərindəki risklərin önümüzdəki iki il boyunca balanslı qalacağı istiqamətindəki fikirləri əks etdirir.

Almaniya iqtisadiyyatı ilin ilk rübündə daxili tələbin artmasıyla yüksək böyümə nümayiş etdirib. Alman Federal Statistika Ofisindən verilən məlumatlara görə, ölkədə daxili tələb hesabat dövründə 1.9 faiz artaraq, inşaat istehsalı 3.6 faiz çoxalıb. Almaniyada ümumi daxili məhsul istehsalı ilə bağlı proqnozlar özünü təsdiqləyərək ilin ilk üç ayında 0.8 faiz artıb.

İş dünyası

Kilo artırmaq istəyənlərin sevimlisi “Mc Donald's”ın başı dərddədir. Amerikada restoran şəbəkəsinin işçiləri maaşlarının az olması səbəbiylə tətilə başlayıblar. Çikaqodakı etirazlar əsnasında hətta 100 adam nəzarətə alınıb.

Qeyd edək ki, işçilər saatbaşına minimum məvaciblərinin azı 15 dollara yüksəldilməsini tələb edirlər. Hansı ki, ABŞ -da fast- fodd restoranlar sektorunda saatbaşına ödəniş 8,83 dollardır.

Bu arada restoranın rəhbərliyi aşağı maaş siyasətində özlərini günahkar saymırlar. Bildirirlər ki, “McDonald's”- ın 35 minə yaxın restoranının işçilərinin 90 faizi dilerlər tərəfindən işlədilir.

Amerika Birləşmiş Ştatlarının daha bir şirkəti – “General Motors” 2.4 milyon avtomobili geri çağırıb.Buna səbəb kimi 2009 və 2014-cü illəri arasında istehsal olunan bəzi modellərin ön kreslolarındakı təhlükəsizlik kəmərlərində olan əhəmiyyətli bir emalat səhvi göstərilir.

Avtomobil nəhəngi vasitələrin sıfır model və ikinci əl satışının dayandırıldığını açıqladığı bir zamanda xərcinin ilin ikinci rübündə 400 milyon dollar çatacağının gözləndiyini əlavə edib. Xatırladaq ki, şirkət ilin əvvəlində bu tərəfə dünya daxilində 13 milyon avtomobilini geri çağırıb.

İsveçrənin ikinci böyük bankı “Credit Suisse”in amerikalı müştərilərinə vergi qaçaqmalçılığında kömək etməsi təsdiqini tapdı. Bank uzun sürən müzakirələrdən sonra 2,5 milyard dollar təzminat ödəməyə razı olub. “Credit Suisse” 715 milyon dollar Nyu-York Əyaləti Maliyyə Xidmətlər Müəssisəsinə, 100 milyon dollar Amerika Mərkəz Bankına, 1,7 milyard dollar Amerika Ədalət Nazirliyinə ödəyəcək.

Avropa Komissiyası isə “JPMorgan”, “ HSBC” və “Credit Agricoles”I banklararası kredit faizlərində manipulyasiyada ittiham edib.

Komissiya sözügedən bankların avro faiz nisbəti törəmələrində (Euribor) kartel meydana gətirdikləri üçün istintaqa başlayıb. Kartel kredit istifadə edən milyonlarla istehlakçının cibinə girilməsi deməkdir.

Adı çəkilən maliyyə təşkilatları ötən ilin dekabr ayında bənzər ittihamlardan 1.7 milyon avro həcmində cərimələnmişdilər. Bankların təqsiri sübut olunarsa, illik qlobal gəlirlərinin 10 faizinə qədər pul cəzası alacaqlar.

Gəldik çatdıq öz firavan ölkəmizə. Düzdür, bizdə də bankların vəziyyəti ruscadır. Amma neynəyək, hər kəs əkdiyini biçir.

Deməli belə, uzun sürən dedi-qodulardan sonra “Bank of Azerbaijan”nın Müşahidə Şurası və İdarə Heyətinin tərkibi yeniləndi. Bank nə bağlandı, nə birləşdirildi. Sadəcə, idarəetməsi bir ortaqdan alınıb, digər ortaqa həvalə edildi. Bundan sonra “Bank of Azerbaijan”nın İdarə Heyətinin sədri vəzifəsini Məhəmmədəli Mahir oğlu Aslanova icra edəcək.

Türkiyənin 2013-cü ildə ən çox ixracat həyata keçirən şirkətlərinin adlarını açıqlayan“Hürriyet” qəzetində ARDNŞ-ın Türkiyədə sahibi olduğu şirkətlərin göstəriciləri də diqqət çəkdi. Səhmlərinin 61,32%-i “SOCAR&Turcas Enerji A.Ş”-a (ARDNŞ-ın Türkiyə bölməsi) məxsus olan “Petkim Petrokimya Holding” A.Ş adıçəkilən siyahıda 82-ci yerdə qərarlaşıb.

“Petkim Petrokimya Holding A.Ş” 2013-cü ildə 765 milyon 751 min 682,21 dollar dəyərində məhsul ixrac edib. Bu, 2012-ci illə müqayisədə 20,74% azdır. “Petkim Petrokimya Holding A.Ş” 2012-ci ildə 966 095 820,72 dollar dəyərində məhsul ixrac edib.

Xatırladaq ki, 30 may 2008-ci il tarixində keçirilmiş hərracda “Petkim Petrokimya Holdinq A.Ş”-nin səhmlərinin 51%-i 2 mlrd. 40 milyon dollara “SOCAR&Turcas Enerji A.Ş” tərəfindən əldə edilib. 2012-ci ildə 10,32 “Petkim Petrokimya Holdinq A.Ş”-nin səhmlərinin 10,32%-i də alınıb. “Petkim Petrokimya Holdinq A.Ş”-nin nəzdində aşağı sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi fabrikləri fəaliyyət göstərir.

Həmyerlilərimiz olan milyarderlərdən sonra, nəhayət, ölkə olaraq adımız “Forbes”ə düşdü. Jurnal Bakını biznes qurulması üçün ən cəlbedici şəhərlərin siyahısına salıb.Burada deyiblər, dağıl a dünya..

Nəzərə çatdıraq ki, “Forbes” ilk dəfə olaraq rusiyalılar üçün biznes qurulması sahəsində ən cəlbedici keçmiş SSRİ şəhərlərinin reytinqini açıqlayıb.Məlumata görə, siyahı hazırlanarkən əhalinin ödəniş qabiliyyətli olması və vergi yükünün az olması nəzərə alınıb. Bundan başqa, reytinq cədvəli tərtib edilərkən viza rejiminin sadəliyi, rus dilinin statusu, şirkətlərin qeydiyyatının qeyri-rezident olması da nəzərə alınıb.

Reytinq siyahısına keçmiş SSRİ-nin 20 şəhəri daxil edilib. Bu reytinq cədvəlində ilk onluğa Minsk (Belarus), Tallin (Estoniya), Vilnüs (Litva), Almatı (Qazaxıstan), Astana (Qazaxıstan), Riqa (Latviya), Kiyev (Ukrayna), İrəvan (Ermənistan), Tbilisi (Gürcüstan) və Bakı (Azərbaycan).

Sonrakı yerləri Xarkov (Ukrayna), Bişkek (Qırğızıstan), Odessa (Ukrayna), Donetsk (Ukrayna), Dnepropetrovsk (Ukrayna), Kişinyov (Moldova), Düşənbə (Tacikistan), Daşkənd (Özbəkistan), Aşqabad (Türkmənistan) və Moskva (Rusiya) daxil olub.

Jurnal yazır ki, ölkə üzrə ayrılan kreditlərin 90%-i orta əmək haqqı 754 ABŞ dolları olan Bakının payına düşür: “Bu şəhərdə cinayətlərin sayı da olduqca aşağıdır. Belə ki, 2013-cü ildə 1000 nəfərə 4,5 cinayət qeydə alınıb”.

Nəhayət, sonda prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2013-cü il büdcəsinin icrası haqqında sərəncam imzaladı. ARDNF-in 2013-cü il büdcəsinin icrası, gəlirlər 13 600 400,1 min manat, xərclər 12 302 663,5 min manat və ya Fondun 2013-cü il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 118,5%, xərclər üzrə 94,5% səviyyəsində olmaqla təsdiqlənib.

Bax beləcə, daha bir həftəni yola saldıq. Çalışın sizə verilən ömür payını layiqli başa vurun. Güzgüyə baxanda, heç olmasa, əksinizdən xəcalət çəkməyin. Uğurlar…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm