• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Millimiz nüfuzlu yarışı 3 Olimpiya lisenziyası ilə başa vurdu

  • İdman
  • 24 Avqust 2015 17:30
  • 286 Baxış
Millimiz nüfuzlu yarışı 3 Olimpiya lisenziyası ilə başa vurdu

İtaliyanın Milan şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli kayak və kanoe üzrə dünya çempionatı keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycan millisi nüfuzlu yarışı 3 Olimpiya lisenziyası ilə başa vurub.

Sonuncu lisenziyaya da kayakçı İnna Osipenko-Rodomska sahib çıxıb. O, qadınlar arasında 1 nəfərlik qayıqla 200 metr məsafəyə final yürüşünü 4-cü yerdə başa vurub. Finişə 41,548 saniyəyə çatan 33 yaşlı idmançı yeni zelandiyalı Liza Karinqton (40,060), polşalı Marta Valçikyeviç (40,700) və ispaniyalı Tereza Porteladan (41,248) geri qalıb.

Daha öncə Osipenko-Radomskaya 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə 5-ci yerin sahibi kimi olimpiadada iştirak hüququna yiyələnib. Bu, Azərbaycan üçün tarixi nailiyyətdir. İndiyədək digər növlər üzrə dünya çempionatlarında birdən-birə 2 olimpiya lisenziyası qazanan olmayıb. Üstəlik, ölkəmiz kayak növündə ilk dəfə olimpiadada təmsil olunacaq.

Digər tərəfdən, Valentin Demyanenko ardıcıl ikinci dəfə olimpiadada iştirak hüququ əldə edib. 32 yaşlı idmançı dünya çempionatında 1 nəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşdə 6-cı yerin sahibi kimi buna nail olub.

Beləliklə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycan millisi kayak və kanoe yarışlarında ilk dəfə ən azı 3 medal uğrunda mübarizə aparacaqlar. Amma lisenziyaların sayı daha da arta bilər. Dünya çempionatında lisenziyasız qalan təmsilçilərimiz bunun üçün gələn ilin mayında təşkil olunacaq Avropa təsnifat reqatasında ilk 2 yerdən birini tutmalıdırlar.

Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanı Valentin Demyanenkodan əlavə, 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə Sergey Bezuqlıy - Maksim Prokopenko dueti təmsil edib. Bu dəfə Bezuqlıyın Aleksey Kupinlə dueti olimpiya məsafəsi sayılan 1000 metr-lik yürüşdə yarımfinal səddini keçə bilməyib. Onlar 500 metr məsafəyə yürüşdə finala çıxsalar da, 5-ci olublar. Ümumi komanda hesabında Azərbaycan millisi dünya çempionatını 130 xalla 86 ölkə arasında 25-ci pillədə başa vurub. Xallardan 71-i kanoeçilərin (Valentin Demyanenko, Taras Matviyçuk, Sergey Bezuqlıy - Aleksey Kupin), 51-i qadın kayakçı İnna Osipenko-Rodomskanın, 8-i isə kişi kayakçı Mirnazim Cavadovun aktivinə yazılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR