Kor karateçi, xizəkçi, gözsüz gəzən uşaq - FOTOLAR
Bizi izləyin

İdman

Kor karateçi, xizəkçi, gözsüz gəzən uşaq - FOTOLAR

Ben Andervud – qeyri-adi xüsusiyyətlərə malik, görmə qabiliyyətini itirmiş bu insan öz bacarığı ilə hər kəsi heyrətləndirirdi. Gözlərinin yoxluğuna baxmayaraq, sərbəst addım atır, rolik, velosiped sürür, karate və digər idman oyunları ilə məşğul olur, hətta ev işlərində də anasına kömək edirdi.

Publika.az görmə qabiliyyətindən məhrum olmuş, lakin gözlərinin olmamasına baxmayaraq, demək olar, hər bir işi bacaran qeyri-adi insanla bağlı maraqlı faktları təqdim edir:

1992-ci ildə dünyaya gəlmiş Ben sağlam uşaq idi. Lakin nadir rast gəlinən göz xərçəngi xəstəliyi üzündən hələ 3 yaşında ikən görmə qabiliyyətini itirdi. Bundan sonra anasının köməkliyi ilə gəzməyə başladı. Çox keçmədən qeyri-adi hissiyyatı ilə tam sərbəst gəzməyi bacardı.

Bir dəfə anası ilə küçədə gəzən uşaq üzünü valideyninə tutaraq “Ana, bax, qarşımızdakı bina necə hündürdür!” – dedi. Böyüklər bundan sonra başa düşdülər ki, o, valideynlərinin köməyi olmadan da gəzə, hərəkət edə bilər. Avtomobil yolunu sərbəst keçən, ictimai nəqliyyatdan istifadəsində məhdudiyyət olmayan Ben küçənin ortasında oynayan uşaqları belə ordan uzaqlaşdırırdı ki, onları maşın vurmasın.

Ağzından çıxardığı xüsusi səslə qarşısındakı ən kiçik əşyaların yerini, onlarla məsafəni çox asanlıqla müəyyənləşdirə bilən Beni 6 yaşında ikən əlilliyi olan uşaqlar üçün fəaliyyət göstərən xüsusi orta məktəbə göndərsələr də, gəzə, görə, danışa, eşidə bilməyən həmyaşıdlarının təhsil aldıqları bu müəssisə ona darıxdırıcı gəldi.

Əlil uşaqlarla eyni məktəbdə oxumaqdan imtina edən Beni adi məktəbə göndərdilər. Hansı ki, sinif yoldaşları onun görmə qabiliyyətindən məhrum olduğunu bilmirdilər.

O, qeyri-adi hissiyyata malik idi. Qarşısındakı əşyaları görmək üçün “exo”dan istifadə edir, onlarla öz arasındakı məsafəni müəyyənləşdirirdi.

Karate ilə məşğul olan Benin gözlərinin görmədiyini bilən bütün şagirdlər eşitdiklərindən şoka düşdülər. O, rolik sürür, xizək idmanı ilə məşğul olur, dənizdə dalğaların üzərində əylənirdi. Onu 3 yaşında dünya işığından məhrum etmiş təhlükəli xəstəlik heç vaxt əl ağacından istifadə etməyən əlil idmançını, görmə qabiliyyətindən məhrum məktəblini 16 yaşında ikən yenə haqladı. Lakin 13 il əvvəlkindən fərqli olaraq, bu dəfə onu xilas etmək mümkün olmadı.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm