Ruslan Qurbanov: “Xorvatiyaya çoxlu problem yaradacağıq”
Bizi izləyin

İdman

Ruslan Qurbanov: “Xorvatiyaya çoxlu problem yaradacağıq”

Ötən mövsümün ikinci yarısını Xorvatiya “Hayduk”unda icarə əsasında keçirmiş Azərbaycan milli komandasının və "Neftçi" klubunun futbolçusu Ruslan Qurbanov "Slobodna Dalmacija" nəşrinə müsahibə verib.

Publika.az xəbər verir ki, 24 yaşlı hücumçu iki ölkə yığmaları arasında bu gün keçiriləcək AÇ-2016-nın seçmə qrup matçı və Split komandasındakı çıxışından danışıb.

- Bakıda keçiriləcək qarşılaşma Osiyekdəkindən nə ilə fərqlənəcək? Xorvatiya millisini Bakıda nə gözləyir?

- Mən Osiyekdə olmuşam. Həmin vaxt millimiz 0:6 hesabı ilə uduzmuşdu. Robert Prosineçkinin gəlişindən sonra oyun üslubumuz tam dəyişib. Ayaqda daha çox top saxlamağa, ən əsası, hücum futbolu oynamağa başlamışıq. Bu, Osiyekdəki kimi oyun olmayacaq. Biz Prosineçkinin tapşırıqlarını yerinə yetirsək, Xorvatiyaya çoxlu problem yaradacağıq. Xorvatiya Avropanın ən güclü komandalarından biridir. Amma biz yüksək səviyyədə motivasiya olunmuşuq. Azərbaycan xalqını sevindirmək üçün mübarizə aparacağıq. Prosineçki komandamızı Xorvatiya ilə 90 dəqiqəlik çətin oyuna hazırlayıb.

- Prosineçki Azərbaycan millisinə yeni nə verdi? Daha yaxşı oyun və nəticələrin sirri nədədir?

- Berti Foqtsun vaxtında biz müdafiə futbolu oynayır və uzun müddət rəqib qapısına zərbə vurmurduq. Prosineçki isə sözün səl mənasında hücum futbolu oynamağa çalışan komanda yaradıb. Bunlar Prosineçkinin işinin nəticəsidir. O, millimizi ayağa qaldırıb.

- Xorvatiya millisini necə qiymətləndirirsən?

- Xorvatiya millisində xeyli dünya şöhrətli oyunçu var. Mən hücumda Modriç, Rakitiç və Mancukiçi fərqləndirə bilərəm. Bu cür dünya futbolunun ulduzlarına qarşı oynamaq bizim üçün böyük təcrübədir.

- "Hayduk" karyeranı necə dəyərləndirirsən? Mövsümün ortasında komandaya gəldin. Yarım mövsüm ərzində sadəcə 7 oyunda meydana çıxdın. Çempionat və kubok oyunlarında cəmi 205 dəqiqə çıxış etdin...

- Split karyeramı xüsusi dövr kimi qeyd edə bilərəm. Amma təəssüf ki, "Hayduk"da oynamağa layiq olduğumu göstərmək üçün çox da şans qazanmadım. Klub kimi "Hayduk" böyük klubdur, azarkeşləri mükəmməldir. Oyun müddətindən asılı olmayaraq, bu komandanın bir hissəsi olduğum üçün təəssüflənmirəm. Mənim işim meydana çıxıb oynamaq və özümü sübut etməkdir. "Hayduk"un Avropa Liqasındakı oyunlarını izləyirdim. Komandanın pley-offda mübarizəni dayandırmasından xəbərdaram. Xüsusən, gənc futbolçuları və azarkeşləri naminə sabiq komandanın qrup mərhələsinə vəsiqə qazanmasını çox istəyirdim. Təəssüf... "Hayduk"a gələcək oyunlarda uğurlar arzulayıram. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm