• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Atasını yuxusuna çağıran Gündüz Abbaszadənin ovcunda saxladığı arzu hansıdı?

  • İdman
  • 31 Mart 2014 13:12
  • 1 348 Baxış
Atasını yuxusuna çağıran Gündüz Abbaszadənin ovcunda saxladığı arzu hansıdı?

«Atama söz vermişəm, yuxuma gəlib, izn versə, yazdıqlarımı paylaşacam»

...«Darıxıram. Özü də burnumun ucu göynəyəcək qədər. Göynəmək dedim, qolumun göynəməyi yadıma düşdü. Məni bir dəfə haqlı olaraq döymüşdün. Qolum göyərmişdi. Bilirəm ki, cəmi bircə dəfə döymüsən. Küsmüşdün məndən. Bir həftə danışdırmadın. Bilmirəm indi küsmüsən, ya yox... Yuxuma da girmirsən. Yuxuma gəl, bir-iki sualım var, sualımı cavabsız qoyma. Elə etmə ki, mən yanına gəlim. Bu dərdə dözə bilməzsən, yoxsa...». «Neftçi»nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə yazmışdı bir müddət əvvəl sosial şəbəkədə bu sözləri. Mərhum atasına xitabən yazdığı cümlələr sosial şəbəkədə çoxlarının diqqətini çəkmişdi.

Bu mövsüm ardıcıl üç il qazandığı çempionluq titulunu itirməyə çox yaxın olan klubun mətbuat sözçüsüylə söhbətdə, demək olar, hər şeydən danışdıq. Amma söhbətimiz başa çatanda düşünürdüm ki, hələ də danışmaq üçün çox söz qaldı...

«Tunelin ucundakı o işıq elə özüməm»

- Müsahibəyə hazırsızmı?

- Əlbəttə, hər zaman hazıram!

- Gözəl!

- Müsahibə almağa həmişə hazır olmuşam, indi niyə müsahibə verməyə hazır olmayım ki?

- «Ağ-qaralar»ın mətbuat xidmətinin rəhbərinin əhvalı nə rəngdədi?

- Elə ağ-qara. Həyat ağ-qara rəngin üzərində qurulub. Ağ-qara özək, digər rənglər isə bu rənglərin özəyidi. Əhvalım da gah ağ, gah da qara olur. Çalışıram ki, qara əhvalımı büruzə verməyim. Futbol mövzusundan bezmişəm, ümid edirəm ki, müsahibədə futboldan az danışacağıq.

Bəlkə ilk suala düzəliş edim (gülür). Əhvalım mavi, qırmızı və yaşıl rəngdə...

- Rənglərdən söz düşmüşkən, Gündüz Abbaszadə tunelin ucundakı sarı işığı görə bilirmi?

- Xeyr, Gündüz Abbaszadə tunelə girməyib. Çünki tunelin ucundakı o işıq elə özüməm. Ən azı ailəm üçün. Ailəm, sevdiklərim məni bu işıq sayırlarsa, mən də bunun üçün çalışmalıyam. Adımı da təsadüfi yerə Gündüz qoymayıblar. Ailəmin ümidiyəm. Aləmin ümidi olmaq iddiası varmı, bax, bu suala cavab vermək çətindi. Niyə - çətinliyini də deyim. Əvvəl ailəmin ümidlərini doğruldum, sonrasına baxarıq.

- Mənə ümid kimi bax, sinə gərim çətinə...

Mənə sevgi kimi bax, dönüm məhəbbətinə...

Bu misraları Gündüz Abbaszadəyə aid etmək olarmı?

- İlk sətiri hə, ikinci sətiri əsla!

- Sevgi qapımı o zaman döydü ki, mən onun üzünə qapını açmağa qadir deyildim, o isə buna baxmayaraq, içəri girdi və gördü ki, yanılıb, amma geri dönmək gec idi. Buna nə əlavə edərdiz?

- Sevgi qapımı mən istədiyim anda döydü və onun üzünə qapını açıq saxlamışdım. O, rahatlıqla içəri girdi və yanılmadığını gördü. İndi geri dönmək istəsə də, onu buraxmaq niyyətim yoxdu.

«Hərdən dua edəndə Allahdan bunu arzulayıram»

- Min illərdi dünya fırlanır, bəs adamlar niyə yıxılmır?

- Siz bütün müsahiblərinizə bu tip suallar verirsiz, yoxsa...

- Necə ki, qane etmədi?

- Yox, əksinə, mənə ünvanlanan suallar daha maraqlı gəlir.

Fırlandıqca bu dünya, yox da dönüb var olur,

Quruyan çeşmələrdən sular yenə car olur,

Bu dünyanın xeyri də, şəri də təkrar olur,

Niyə təkrar olmasın? Axı dünya fırlanır...

Bir də kim dedi ki, yıxılmır? Adamlar elə yıxılır ki... Kimsə özünü yıxır, kimisini yıxırlar. Amma bu yıxılmanın yer kürəsinin fırlanması ilə əlaqəsi yoxdu. Fırlanma bəzilərinə təsir edir, baş gicəllənir, bəziləri başgicəllənmədən heç kimi görmür. Hərdən dua edəndə Allahdan bunu arzulayıram: məni bu başgicəllənmədən qorusun. Hə, bir də əsas odu ki, yer ayağımızın altında fırlanmasın.

- O dedi fırlanır, fırlanacaq da...

Buna gülsəniz də, gülməsəniz də...

Yerdən dərs götürüb ölənə qədər,

Məgər fırlanmırıq həyatda biz də?!

Bu misraları Bəxtiyar Vahabzadə Qalileo Qalileyin adından yazıb.

- Fırlanırıq. Bu tam təbii və normaldı. Vay o günə ki, fırladaq. Fırlada-fırlada fırıldaq olub bəziləri. Həyata nə üçün gəldiklərindən bixəbərdi zavallılar...

- Bəxtiyar Vahabzadənin fəlsəfi şeirləri çox maraqlıdı.

- Əslində, mən şeiri sevmirəm. Mənlik deyil, oxuyuram, amma çox nadir hallarda yadımda qalır.

- Kişilər şeiri sevsə də, boynuna almır...

- Yox, burda nə var ki? Sevsəm, deyərdim sevirəm. Şeirləri əzbər yadda saxlayan insanlara hər zaman qibtə etmişəm.

«Bunun bir adı var: gözügötürməzlik!»

- Qadınlar necə kitabdı? Detektiv, tarixi, ya lirik şeirlər kitabı?

- Hərəsindən bir az. Qadınlar həm detektiv, həm tarixi, həm lirik şeirlər kitabı, həm kulinariya kitabı, həm əlifba kitabıdı. Dantenin «İlahi» komediyası olanlar da var, Çingiz Abdullayevin mənasız detektivi olanlar da. Yeri gəlmişkən, Çingiz Abdullayev ən bəyənmədiyim yazıçıdı. Adam ilə 50 kitab yazar? «İlahi» komediyanı bilirsiz niyə dedim? Ağır oxunur, amma...

- Bəlkə burda Karamazov qardaşlarının da rolu var?

- Bəlkə də... Bunu siz bilərsiz, yəni qadınlar. Olar sizə də bir sual mən verim?

- Buyurun.

- Karamazov qardaşlarından hansı sizin xoşunuza gəlir?

- Dostoyevskinin «Cinayət və cəza»sındakı Roskolnikovu bəyənirəm. Qardaşlardan söz düşmüşkən, «Neftçi»yə qardaş olanlar sonra niyə bu kluba qənim kəsilir?

- Heç kim «Neftçi»yə qənim kəsilməyib və kəsilə bilməz də. Sadəcə, bir səbəb var: hamı ən güclüyə zəif olmadığını göstərməyə çalışır. Bu, tarixən belə olub. Belə də davam edəcək. Siz istəsəz də, istəməsəz də «Neftçi» bu ölkənin ən güclü, ən köklü, ən şərəfli komandasıdı. Mənim bəzi həmkarlarımdan fərqli olaraq, digər komandaları alçaltmaq niyyətim yoxdu. Ona görə ən şərəfli komandası dedim ki, bizim uğurlarımızı təkrarlamayacaqlarına qədər «Neftçi»nin bostanına daş atmağa haqları yoxdu. Büdcəsi bizdən üç dəfə çox olan klublar var ki, illərlə çabalayır. Öz uğursuzluqlarına don geyindirmək üçün “Neftçi”ni ləkələməyə çalışırlar. Bunun bir adı var: gözügötürməzlik! Niyə? Çünki kimlərinsə planlarını alt-üst edib, kimlərinsə dilini qısa edib, çıxıb kimin təmiz... Nə isə... Hər komanda bizimdi. Hər birinin avrokuboklardakı oyunlarına görə həyəcan keçiririk. Təəssüflər olsun ki, bəziləri bunu demir. Avrokuboklarda “Neftçi”yə rəqib komandalara azarkeşlik edirlər. Kimsə əksini iddia etməsin, bunun şahidi olmuşam. Hətta «Neftçi» «Pünik»lə oynasa, «Pünik»ə azarkeşlik edərəm» deyənlər də olub.

- Az emosional deyilmişsiz...

- Bunları eşidəndə emosiyaları necə cilovlamaq olar? Çox emosionalam, hədsiz dərəcədə.

«Asanı «hasand» yazan idman jurnalistləri var, bilirsiz?»

- Başqa ölkənin komandasına - rəqibə azarkeşlik etmək artıq insanlıq məqamıdı, təəssüfləndim. İçimizdə sapı özümüzdən olan baltalar həmişə olub.

- O zaman hələ ANS-də çalışırdım. Bir komandanın düşərgəsində «Neftçi»nin «Dinamo»ya (Zaqreb) məğlubiyyəti bayram edilirdi. “Neftçi” mənim atamın çılğınlıqla azarkeşlik etdiyi komanda olub. “Neftçi” bu millətin dəyəridi. Sadəcə, maraqlı qüvvələr var ki, hər vəchlə bu komandanı gözdən salmağa çalışırlar. Təəssüflər olsun ki, idman jurnalistikası da ürəkaçan deyil. Çürük cəmiyyətin insanlarını inandırmaq isə asandı. Asan dedim yadıma düşdü, asanı «hasand» yazan idman jurnalistləri var, bilirsiz? Savadı cəhənnəmə, bu adam heç vaxt «Asan xidmət»in qarşısından keçməyib?

- İdman yazarlarından söz düşmüşkən, idman şərhçiliyimizi necə qiymətləndirirsiz? Niyə onların emosiyaları təbii alınmır? O vaxtı sizin “Fənərbaxça” - “Çelsi” oyunundakı şərhçiliyiniz Türkiyədə də əks-səda yaratmışdı. Sizi Bəyazid Öztürk verilişə dəvət etmişdi. Bəyazidə hədiyyə etdiyiniz forma hansı futbolçunun idi?

- O vaxt “Bəyaz şou”ya dəvət alanda ANS TV-də çalışırdım. Bir neçə kluba və AFFA-ya müraciət etdim. Niyyətim o idi ki, verilişdəki qonaqların hərəsinə bir forma hədiyyə edim. Həm də təbliğat idi. Sadəcə, AFFA-dan müsbət cavab aldım. Kimin forması olduğu yadımda deyil. Təkcə o yadımdadı ki, arxasında ad yazılmamışdı. Bir də studiyada tamaşaçılar arasında dostum Rüfət var idi. Onun boynundan şərfini çıxarıb Bəyazidin boynuna asdım. Şərhçiliyə gəlincə... İndiki şərhçilər arasında da emosiyalı olanları var. İsmayıl Abdullayev “Yuventus”un oyununda öz hisslərini cilovlaya bilmir. Biz də şərhçilik edəndə çox tənqid olunurduq. Palaz-palaz yazılar yazırdılar. Emosiyanın təbii alınması insanın özündən asılıdı. Mən şərh edən zaman həyatda necə idimsə, ordada elə idim. Tamaşaçı da bunu xoşlayır. Özün olmalısan.

«Elə etməsinlər ki, Bəhramovun, Əzimzadənin goru çatlasın»

- Bəlkə, müsahibəni bir az fəlsəfiləşdirək...

- Necə istəyirsiz.

- Gündüz Abbaszadənin istinad nöqtəsi kimdi və nədi?

- Bəlkə pafoslu səslənəcək, amma deyəcəm: türk adlanan millətim, vətənim, dövlətim və dövlətçiliyim.

- Sapı hansısa komandadan olan hakimlərə münasibətiniz...

- Onların sapını eyniylə baltada olduğu kimi etmək lazımdı. Bilirsiz, açıq deyəcəm, futbol mövzusunda danışmaq istəmirdim sizinlə. Hakimliklə bağlı bunu deyə bilərəm ki, şikayət etməyən klub yoxdu. Amma açıq etiraf etmək lazımdı ki, hakimin hər komandanın lehinə verdiyi qərarlar da olub. Sadəcə, hakimlik bu qədər qınanılır ona görə ki, hər futbolçunun bir illik əziyyəti hakimin əlindəki fitdən asılıdı. Azərbaycan futbol tarixinin ən böyük uğuru mənə görə hakimliklə bağlıdı. Tofiq Bəhramovun dünya çempionatının final oyununu idarə etməsi bizim futbol tarixinin ən böyük uğurudu. Bundan başqa, Bəhramov bir çox oyunlarda hakim olub. Eldar Əzimzadə SSRİ çempionatında ən vacib oyunlara təyinat alıb. Deməli, bizim hakimlərimiz uğur əldə etməyə məhkumdu. Elə etməsinlər ki, Bəhramovun, Əzimzadənin goru çatlasın.

«Biz artıq «smartfon»ların, «tablet»lərin adamıyıq»

- Dostum! Biz saralmış telefon kitabçalarının,

Toz basmış gündəliklərin,

Kağız üzərinə köçürülən xatirələrin adamıyıq.

Köhnə dostlarla münasibətiniz necədi?

- Yox, biz artıq «smartfon»ların, «tablet»lərin adamıyıq. Dəyişmişik, çox dəyişmişik. Çay evinə gedirsən, iki dost üzbəüz oturub çay içməyə, əllərində telefon. Diqqətlər telefona yönəlib. Hərdən əlini atır çaydan içir. Çayın içinə zəhər töksən, xəbəri olmayacaq. Hərdən Şurikin macəralarındakı epizod yadıma düşür. Özünü dərsə qapdırır, qızı gözü görmür. Amma o dövr daha yaxşı idi məncə, daha saf idik. Köhnə dostları görürəm, tez-tez görüşürəm, imkan düşdükcə. Təkcə bir şeyə heyfslənirəm. Atamın köhnə dostlarını görmək imkanım olmur. Şakir Yaqubovu, Arif Əmrahoğlunu, Nəriman Əbdürrəhmanlını. Onları uşaqlıqda doğma əmilərim bilmişəm. 12-13 yaşımda öyrənmişəm ki, atamın doğma qardaşları deyillər. Bu gün də doğma əmilərimdən daha yaxındılar.

- Atanızla bağlı bir yazı yazmışdız. Həm də çox təsirli olduğu yadımdadı. Bəlkə atanızdan danışasız...

- Yazıdakılar ürəyimdən keçənlər, atama demək istədiklərim idi. Əslində, özüm üçün yazmışdım, sonra status kimi paylaşdım. Dostlar oxusun deyə. Axrıncı cümləsi təsirli idi, hamı da ondan təsirlənmişdi. Saytlardan biri xəbər etmişdi, cox adam paylaşmışdı. Ondan sonra da atama bir neçə məktub yazmışam, amma paylaşmamışam.

- Bəlkə birini paylaşasız.

- Yox, atama söz vermişəm, yuxuma gəlib, izn versə, yazdıqlarımı paylaşacam.

«Kubokda «I» əməliyyatı? Gözləmirik»

- Deyirlər, düz xətlər kəsişmir, əyri xətləri isə hər adam çəkə bilmir. Bəs xətləri necə kəsişdirmək olar?

- İndi zəmanə başqadı, düz xətlə əyri xətti elə kəsişdirirlər ki... İndi istədiyin xətti kəsişdirirlər. Xətt çəkməyi bacarmayanlar da kəsişir indi. Əyrisi və ya düzü əvvəl xətt çəkməyi öyrənməlidi. Faciə bilirsiz nədi? Nöqtəni düz qoymağı bacarmayanlar özünü hamıdan ağıllı sayır.

- Məhkəmə zalını tərk edəndə çomağını yerə vurub «onsuz da yer fırlanır» deyən alim kimdi sizcə?

- Məncə, Qalileydi.

- Sizcə, «Neftçi»nin Qalileyi kimdi?

- Mən deyiləm! Biz komandayıq. Sadıq Sadıqov klubun prezidenti və biz də onun komandası. Klub prezidenti ətrafında birləşıb uğurlar üçün çalışırıq. Məncə də alınır. Heç kim bizim uğurumuzu təkrarlamayıb hələ ki. Müstəqillik dövrünün ən uğurlu klub prezidenti Sadıq Sadıqovdu. Biz də onun komandasında yer aldığımız üçün qürurluyuq.

- Kubokda «I» əməliyyatı gözlənilirmi?

- Kubokda «I» əməliyyatı? Gözləmirik. Hər şey yolunda getsə, kuboku qazanmaq niyyətindəyik. Biləyimizin haqqı, alnımızın təriylə. İnşallah.

- Alnımızın ütüsü yoxdu deyə, alnımız elə qırışlıdı?

- Alın yazısı... Mən inanmıram alın yazısına. Mənim üçün alın yazısı deyə bir şey yoxdu. Əcəl var və bütün hallarda ölüm əcəldi. Hamımız ölüm körpüsündən keçəcəyik. Qəbrimizin üstündə doğum və ölüm tarixi yazılacaq. Bu illərin arasında kiçik bir xətt olacaq. İstəyirsiz defis yazın, istəyirsiz tire. Mənim üçün bax, qəbrimin üstündəki o xətt var. O xətti özümüz yazmalıyıq. O tire bizim ömrümüzdü. Özümüzün yazdığımız ömür. Şərəfli və ya şərəfsiz, buna qəbrimin üstünə gələcək insanlar qiymət verəcək.

«Ovcumda bərk-bərk saxladığım arzu var»

- Ovcunuza yığdığınız hansısa arzu barmaqlarınız arasından sürüşüb çıxıbmi?

- Arzular bitmir ki. O qədər arzusu olur ki, insanın ovcuna sığmır. Mənim ovcumda bərk-bərk saxladığım arzu var. Hələ ki, sürüşməyə qoymuram. Allah hamını arzusuna çatdırsın, içində də məni.

- Dünyanın qaysağı qopsa, ordan nə tökülər?

- Əla sualdı! Gəl, o qaysağı qoparmayaq, yaralarımızı təzələməyək. Zatən, dünya yaralı dünyadı. Gedən yaralayıb, gələn yaralayır.

- Dünyanı koordinat oxunda təsvir etsək, hansı nöqtələri birləşdirərdiz?

- Mən nə İskəndərəm, nə Dara, nə osmanlı sultanları, nə Adolf Hitlər, nə Putin. Dünyanın nöqtələrini birləşdirmək niyyətim də yoxdu. Mənim üçün bir dünya var. Bu dünya özü böyük nöqtədi. Bu nöqtədə hamıya yer var.

- Gündüz Abbaszadə müsahibəyə nöqtəni necə qoyardı?

- Nöqtəni Tanrı qoyacaq. Biz kimik ki?

- Müsahibə üçün təşəkkürlər.

- Sizə də səbrinizə görə təşəkkür edirəm.

“Komanda” qəzeti

Xəbər lenti

DAHA ÇOX XƏBƏR