• USD 1,7001 0,00% EUR 2,0032 -0,42%
    • GBP 2,2846 +0,01% RUB 0,0289 -0,35%

Bakı trekinin son görüntüləri: Qran-priyə qalan sayılı günlər – FOTOREPORTAJ

  • İdman
  • 24 May 2016 19:34
  • 653 Baxış
Bakı trekinin son görüntüləri: Qran-priyə qalan sayılı günlər – FOTOREPORTAJ

Azərbaycanın ev sahibliyi edəcəyi Formula 1 Avropa Qrand Prisinə cəmi 26 gün vaxt qalıb.

Bakıda ilk dəfə keçiriləcək yarışlar üçün son hazırlıq işləri görülür. Artıq Formula 1 maşınlarının keçəcəyi küçələrdə təhlükəsizlik baryerləri, müxtəlif stendlər, o cümlədən yarış avtomobilinin maketləri quraşdırılıb.

Dünyada ikinci olan Bakı treki

Formula 1 üç gün -17-18-19 iyun tarixlərində keçiriləcək. Uzunluğu 6 km-dən bir qədər artıq olan Bakı Şəhər Halqası trekin uzunluğuna görə dünyada ikincidir. Start meydançası, əsas tribuna və pit-stop nöqtəsi Bakının Azadlıq meydanı olacaq. Həmçinin burada Formula 1 Paddok Klubu, komandaların boksları və pit-leyn qurulacaq. Yarışlar Neftçilər prospekti, Hökumət evi və Qız qalası kimi şəhərimizin əsas mərkəzi hissələrindən keçəcək.

500 milyonun gözü paytaxtda olacaq

Unikal xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası elə təşkil olunub ki, yarış zamanı Formula 1 avtomobilləri YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil olan İçəri Şəhər tarixi-memarlıq qoruğunu, şəhərin müasir göydələnlərini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən Bakının ecazkar simasını görəcəklər. Ümumilikdə 30 minə yaxın tamaşaçı eyni anda yarışı tribunalardan canlı izləyə biləcək. Məşhur yarış 190 ölkədə 500 milyondan artıq azarkeş tərəfindən izlənəcək.

Layihənin müəllifi bütün müasir Formula 1 treklərinin memarı olan Herman Tilkedir. Bakı Şəhər Halqasında aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşması nəzərdə tutulur.

Azərbaycanda Formula 1 yarışları 5 il məcburi keçirilməlidir

Qeyd edək ki, Formula 1 Avropa Qrand Prisi ilə bağlı imzalanan müqavilə 10 illikdir. Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keçirilməsin, onda biz cərimə ödəməliyik.

Onun sözlərinə görə, 10 illik müqavilənin növbəti 5 ilində isə Azərbaycan öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilər: “Ancaq ilk 5 ildə keçirilməlidir”.

Azad Rəhimov 12 milyon dollarlıq xərcləri açıqlayacaq

Yarışın büdcəsinə gəlincə, büdcə 12 milyon dollardır. Azad Rəhimov deyib ki, bu yarışın büdcəsi hər il ödənən haqq və təşkilatı xərclərdən ibarətdir: “Bunun da açıqlaması olacaq. Heç nə gizli qalmayacaq”.

Tras iyunun 16-sı istismara veriləcək

Bakı Şəhər Halqasının tikinti üzrə meneceri Tomas Buçer deyib ki, şəhər sakinlərinə problem yaratmasın deyə treklər yarış ərəfəsində quraşdırılacaq: “Tras iyunun 16-sı səhər saatlarında istismara veriləcək. Hələlik beton bloklar sona qədər qoyulmayıb. Əhalini daha çox narahat etmək istəmirik. Bakı trası ilə bağlı isə 3 variant hazırlandı və sonda hazırkı trasın hazırlanmasına qərar verildi. Əsas meyar Bakının gözəl, görkəmli yerlərinin nümayiş etdirilməsi və trasın mürəkkəb olması idi”.

Tarixi küçələrə heç bir halda ziyan vurulmayacaq

Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib ki, pit binasının, komandaların qarajlarının, Paddok Klubun, yarışa nəzarət mərkəzinin qurulması işləri artıq həyata keçirilir. Onun fikrincə, Formula 1 həftəsonu sadəcə yarış deyil: “Şəhərimizin qonaqlarını bütün zövqlərə cavab verəcək möhtəşəm mədəni proqram və müxtəlif əyləncəli tədbirlər gözləyir”.

Qənbər daşlı küçələrə ilkin asfalt qatı döşənməklə trekin asfaltlanmasına gəlincə, Nigar Arpadarai qeyd edib ki, şəhərin tarixinə və mədəni irsinə yüksək əhəmiyyət verilir: “Hamını əmin etmək istərdik ki, Formula 1 yarışı tarixi küçələrə heç bir halda ziyan vurmayacaq”.

Formula 1 ərəfəsində hansı yollar bağlı olacaq?

Bakı Şəhər Halqasının keçdiyi küçələrdə və trekin əhatə etdiyi ərazilərdə nəqliyyatın hərəkəti dayandırılacaq. Tamaşaçılar üçün obyektlərin ətrafında təhlükəsiz hərəkət edə biləcəkləri bir sahə yaratmaq, yarış obyektinin ətrafında yaşayan sakinləri qorumaq, bu ərazidə fəaliyyətin və Bakıdakı yollarda hərəkətin davam etməsini təmin etmək məqsədilə Nəqliyyatın İdarə Olunması Planı hazırlanıb. Plana əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-ü gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət iyunun 21-i səhər saat 06:00-da aradan qaldırılacaq. Formula 1 Şəhərciyinin olduğu Dənizkənarı Park ərazisi iyunun 15-i gecə saat 01:00-dan etibarən bağlı olacaq. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-i günorta saat 12:00-da aradan qaldırılacaq.

Dənizkənarı Parka kimlər daxil ola biləcək?

Yarışa bileti olan azarkeşlər Dənizkənarı Park ərazisinə iyunun 16-ı günorta saat 12:00-dan etibarən daxil ola biləcəklər. Bu ərazilərdə yaşayan sakinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara həmin zonalara müvafiq rəqəmlərlə ifadə olunan və yaşayış yerinə giriş icazəsini göstərən nişanlar əlaqədar qurumlar tərəfindən mayın 30-dan başlayaraq iyunun 13-dək təqdim olunacaq. Verilən nişanlar götürülərək avtomobillərin ön şüşələrinə yapışdırılmalıdır. Nişan sahibləri ancaq nişanın aid olduğu zonaya daxil ola biləcəklər. Şəhər sakinləri yarış ərəfəsində trek ətrafında maneəsiz şəkildə hərəkət edə biləcəklər.

66 yaşlı Formula 1-in tarixinə nəzər

Formula 1-in tarixinə gəlincə, bu məşhur yarış 1950-ci ildən etibarən hər il keçirilir. İlk yarış 1950-ci il mayın 13-də İngiltərənin Silverstoun trasında keçirilib və tarixin ilk qələbəsini italyan pilot Nino Farina qazanıb. O, həmçinin Formula 1 üzrə ilk dünya çempionudur. Növbəti illərdə yarışlara “böyük ustad” ləqəbli Xuan Manuel Fanxio dominantlıq edib. 1960 – 1969-cu illər ərzində Formula1-də bir çox şey dəyişilib. Sürücülər arasında titul uğrunda mübarizədən başqa, Mühəndislər Kuboku da getdikcə ön plana çıxıb. Çempionata inqilabçı Kolin Çəpmənin gəlişi isə bütün konsepsiyanı dəyişib: maşınlarda motorlar sürücüdən arxaya keçirilib və antiqanadlar peyda olub. 2010 –cu ildən bugünədək isə son onillik iki komandanın dominantlığı ilə keçib. Əvvəlcə Adrian Nyui yeni komandası Red Bulla ardıcıl dörd titul qazandırıb, hər dəfə də Sebastian Vettel çempionatda birinci olub. Çempionatın turbo motorlara keçməsindən sonra isə Mercedes AMG komandası və Luis Hamilton sevinən tərəf olublar. Ona görə də qarşıdakı mövsümü azarkeşlər maraqla gözləyirlər.

- See more at: http://teleqraf.com/news/98447#sthash.v6gNwyha.dpuf

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>