ÇL, 1/8 final: Diqqətlər London və Neapola
Bizi izləyin

İdman

ÇL, 1/8 final: Diqqətlər London və Neapola

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start veriləcək.

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start veriləcək.

Publika.az xəbər verir ki, ilk oyun günündə diqqətlər London və Neapola, martın 8-də isə Barselona və Dortmunda yönələcək.

“Arsenal”ın qonağı olacaq “Bavariya” ilk matçda 5:1 hesablı qələbə qazanaraq, növbəti mərhələnin qapısını aralayıb. Arsen Vengerin komandası vəziyyəti öz xeyrinə dəyişmək üçün 4 cavabsız qol vurmalıdı. “Topçular”ın bu çətin missiyanın öhdəsindən gələcəyi inandırıcı görünmür. Çünki “Bavariya” hazırda əla formadadı. Bundesliqada ilk pillədə qərarlaşan Münhen təmsilçisi son 3 oyunda qapısından top buraxmadan böyük hesablı qələbələr qazanıb.

Belə ki, Karlo Ançelottinin komandası “Hamburq” (8:0) və “Şalke”nin (3:0) ardınca ötən həftə səfərdə “Köln”ə asanlıqla qalib gəlib (3:0). “Arsenal” isə şənbə günü Premyer Liqada ciddi sınaqdan üzüağ çıxa bilməyib. “Liverpul”la qarşılaşan londonlular meydanı məğlub tərk ediblər – 1:3.

Günün digər matçı da böyük maraq kəsb edir. “Napoli” Madriddə keçirilən ilk qarşılaşmada hesabı açan tərəf olsa da, “Real” sonradan 3 qol vuraraq, sərfəli nəticə əldə etmişdi. Neapolda keçiriləcək və türkiyəli FİFA referisi Cüneyt Çakırın idarə edəcəyi cavab matçında ev sahiblərini 2 cavabsız qol qane edəcək. “Napoli” ötən həftəsonu ağır oyun keçirərək, çox güc sərf edib. Belə ki, neapollular səfərdə “Roma” üzərində vacib qələbə (2:1) qazanaraq, “canavarlar”la aradakı xal fərqini 2-yə endiriblər. Bu qalibiyyət “Real”la oyunöncəsi “Napoli”də ruh yüksəkliyi yarada bilər. Amma Madrid klubu da nəyin bahasına olursa-olsun, növbəti mərhələyə adlamaq niyyətindədi. Baş məşqçi Zinəddin Zidan “Eybar”la çempionat matçında əsas heyətin bir neçə üzvünü qoruyaraq, onları “Napoli” ilə qarşılaşmaya saxlayıb. Üstəlik, Kriştianu Ronaldo zədəsini tam sağaldıb və İtaliyada komandasına kömək edə biləcək.

UEFA Çempionlar Liqası. 1/8 final, cavab oyunları

7 mart

23:45. “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)

Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)

İlk oyun - 1:5

23:45. “Napoli” (İtaliya) – “Real” (Madrid, İspaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

İlk oyun - 1:3

Oxumağa davam et
Reklam
Reklam

Gündəm