Qızının ölümünə dözə bilmədi, özünü qatarın altına atdı - FOTO - VİDEO
Bizi izləyin

İdman

Qızının ölümünə dözə bilmədi, özünü qatarın altına atdı - FOTO - VİDEO

Qızının ölümünə dözə bilmədi, özünü qatarın altına atdı - FOTO - VİDEO

Robert Enke almaniyalı qapıçıdır. Peşəkar karyerasına “Karl Tseys Yena” klubunda başlayıb.

O, daha sonra “Borussiya”, “Benfika”, “Barselona”, “Fənərbaxça”, “Tenerife”, “Hannover 96” kimi klublarda forma geyinib.

Publika.Az “II taym” layihəsi çərçivəsində bu dəfə Robert Enke haqqında məlumat verəcək.

İdmançı ailəsində yetişən ulduz

24 avqust 1977-ci ildə Almaniyanın Yena şəhərində dünyaya gəlib. Ailəsi idmana maraqlı olub. Robertin atası psixoloq olsa da, atlet kimi ad qazanmışdı. Anası isə həndbolçu idi. Uşaqlıq illərində musiqini sevməsinə rəğmən, mütəmadi stadiona baş çəkərdi. Sonra isə valideynləri onu idman gimnaziyasına yolladılar. Lakin o futbolu seçdi. Enke həmişə stadionlarda görünürdü. Futbol onun həyatının bir parçası olmuşdu.

Enkenin idmançı karyerası

Robert Enke futbola 11 yaşında “Yena Farm” klubunda başlayıb. 18 yaşında olarkən isə “Karl Tseys Yena”ya keçib. Burada bir il çıxış etdikdən sonra 1996-cı ildə “Borussiya” ilə müqavilə bağlayıb. Əvvəlcə o, yeniyetmələrdən ibarət komandanın formasını geyinib. Enke tezliklə Bundesliqada çıxış etmək şansı da qazanıb.

1999-cu ildə Portuqaliyanın “Benfika” klubundan sərfəli təklif alan qapıçının legioner karyerası başlayıb. O, 3 ilədək “Sportinq”in şərəfini qoruyub, 77 oyunda çıxış edib. 2002-ci ildə Enke “Barselona”ya keçsə də, uğursuzluğa düçar olub. Frank Raykaard 2003-cü ildə “Barselona”ya baş məşqçi təyin olunduqdan sonra o, Türkiyənin “Fənərbaxça” komandasına icarəyə verilib. Lakin alman qapıçı burada cəmi 1 oyunda forma geyə bilib.

2003-cü ilin 31 iyulunda “Fənərbaxça” ilə müqavilə bağlayan Enke avqustun 10-da komandasının “İstanbulspor”a qarşı keçirdiyi mövsümün ilk matçında kobud səhvlər üzündən 3 qol buraxıb. Bundan sonra o, azarkeşlərin sərt təpkiləri ilə üzləşib. Tənqidlərə dözə bilməyən qolkiperin müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub. Enkenin “Fənərbaxça” karyerası cəmi 13 gün çəkib. Daha sonra Enke İspaniyanın “Tenerife” klubuna icarəyə verilib. Burada da o, cəmi 9 oyuna çıxıb.

Beləliklə, qapıçı üzləşdiyi uğursuzluqlardan çıxış yolunu vətəninə qayıtmaqda görüb. Enke 2004-cü ildə “Hannover 96” ilə müqavilə bağlayıb. Sonuncu oyunu 2:2 hesabı ilə başa çatan “Hamburqla” qarşılaşmaya təsadüf edib. “Hannover 96” klubu 2009-cu ildə intihar edən qapıçının geyindiyi 1 nömrəli formanı əbədiləşdirib. Bundan sonra Hannover təmsilçisinin heyətində heç kim həmin nömrəni daşımayacaq.

Qolkiperin bədbəxt həyatı

Robert Enke Tereza ilə evlənir. "Hannover" onun həyata bağlanmasında ən əhəmiyyətli faktor olacaqdı. Bu vaxt həyat yoldaşı Tereza hamilə idi və 24 avqust 2004-cu il də qızı Lara dünyaya gəlir. Bununla da Enkenin həyatında gözəl bir yenilik olmuşdu. Enke həyatının ən ağır günlərini 2006-cı ildə yaşayıb. Çünki həkimin verdiyi xəbər karyerasındakı uğursuzluqlarından sonra yeni-yeni özünə gələn Enkenin həyatını alt-üst etdi. Qızının ürək çatışmazlığı var idi. Bir tərəfdən Almaniyada əhəmiyyətli bir qapıçı olmaq, digər tərəfdən qızının sağalması üçün mübarizə aparırdı. 2 yaşlı körpə burnuna taxılmış xortum vasitəsi ilə nəfəs alırdı. Almaniyalı qapıçı qızını bəzi oyunlarda stadiona gətirirdi. Lara anası ilə atasının matçını izləyirdi. Balaca qıza stadionda diqqət və maraq çox idi.

Enke əlindən gələn qədər çalışırdı ki, qızı yaşasın. Sonuncu dəfə ata - qız birlikdə 2006-cı il martın 18 –də stadiona gediblər.

Qızı dünyasını dəyişir

Amma Laranın ürəyi ard-arda gerçəkləşən əməliyyatlara dözə bilmir. 2006-cı il sentyabrın 17-də səhər saat 5 radələrində Enkenin qızı artıq nəfəs almırdı. Bununla da onun dünyası alt-üst olmuşdu. Lakin dəfn mərasimindən bir – iki gün sonra məşqləri davam etdirən komanda yoldaşlarının yanına gedib, onlara qoşulmaq istədiyini bildirir. Məşqçi və digər futbolçular buna əvvəlcə razı olmur. Enkenin psixoloji vəziyyətini düşünərək bir az dincəlməsini deyirlər. Lakin o qərarında qəti olur. Məşqlərə qatılır.

“Futbol onun dərmanı idi”

Robertin həyat yoldaşı Tereza sonralar mətbuata müsahibə verərkən demişdi: “Futbol onun dərmanı idi”. Qızının ölümündən sonra özünü toplamağa çalışan alman qapıçı bir neçə matça çıxdı, qızı üçün oynadığını bildirdi. Bu matçlarda uğurlu performans göstərdi.

Heyvan haqlarının qorunması üçün çalışırdı

Özünü heyvan haqlarının qorunmasına həsr etmişdi. Evində səkkiz it və bir at saxlayırdı. Bundan əlavə heyvanların qorunması ilə məşğul olan bəzi dərnəklərə də üzv olmuşdu. Qızının yoxluğuna öyrəşməyə çalışırdı. “Yeni övladınız olsun” tövsiyələrinə Enke də, həyat yoldaşı da heç vaxt razı olmurdu. Çünki yeni doğulacaq övladlarının da qızları kimi öləcəyindən qorxurdular. Enke ailəsi yenidən həyata bağlanmışdı. 2009-cu ilin may ayında o, həyat yoldaşı Tereza ilə birlikdə Leila adlı 2 aylıq qız uşağını övladlığa götürür.

Ölümə aparan yol

Son dövrlər Enkenin işləri heç də yaxşı getmirdi. Yenidən yığmaya çağırılsa da, Hannoverdə keçirilən Almaniya - Azərbaycan matçından bir neçə gün öncə baş məşqçi Yoahim Lövə müraciət edərək, heyətdən çıxarılmasını istəmişdi. O, buna səbəb kimi xəstələndiyini göstərmişdi. Lakin Robert xəstəliyinin nədən ibarət olduğunu açıqlamamışdı. O, səhər saatlarında "Hannover 96"nın düşərgəsinə yollanıb. Bu zaman klubun qapıçılarla işləyən məşqçisi Yorq Siverslə görüşərək, səhhətinin yenidən pisləşdiyini bildirir. Günortadan sonra isə klubun bazasını icazəsiz tərk edərək, məşqə qatılmır. Bu zaman klub rəhbərliyi telefon vasitəsi ilə onu tapmağa çalışsa da, bütün cəhdlər nəticəsiz qalır. Həyat yoldaşı Tereza isə ərinin yoxa çıxmasından xəbər tutan kimi polisə məlumat verir. Lakin artıq gec olur. Saat təxminən 18.20 radələrində evinin yaxınlığından keçən dəmir yolu xəttinə yaxınlaşan Enke maşından düşüb və piyada dəmir yoluna doğru irəliləyib. Az sonra isə o artıq Bremendən Hannoverə gedən və saatda 160 km sürətlə irəliləyən qatarın altında qalaraq ölmüşdü. Olay 2009-cu ilin noyabrın 10-da baş verir. Hadisədən bir neçə dəqiqə sonra olay yerinə gələn polis, təcili yardım maşınları isə çox gecikmişdi.

Son məktub

Robert intihar edəcəyi ilə bağlı qərarı əvvəlcədən veribmiş. Onun əvvəlcədən yazıb qoyduğu məktub bunu deməyə əsas verirdi. Əməliyyatçılar məktubun haradan tapıldığı və orada yazılanlar barədə mətbuata heç bir məlumat vermirdi. İddialara görə, qolkiper yazdığı məktubda intiharın müəmmalı səbəbləri barədə məlumat verib. Xəbəri mötəbər mənbələrə istinadən "Associated Press" agentliyi yayıb.

Günahkar “Fənərbaxça”...

Lakin çox sonralar Enkenin psixoloqu Dr. Valentin Markser onun son məktubunu mətbuata açıqlayır: "Məni sevənləri xəyal qırıqlığına uğratdığım üçün üzr istəyərəm. Ancaq intihar planını həyata keçirmək lazımlı idi..." Həyat yoldaşı Teresa və psixoloqu Markser qolkiperin ölümündə “Fənərbaxça”nı günahlandırır:

“Psixoloji durumu yaxşılaşmağa doğru gedirdi. Lakin “Fənərbaxça” dönəmi ona pis təsir etdi”- deyə psixoloqu bildirmişdi.

Almaniya şokda

Enkenin qəfil intiharı dünyanın hər yerində, o cümlədən vətəni Almaniyada da böyük üzüntüyə səbəb oldu. Hadisə baş verən andan insanlar küçələrə çıxaraq onun xatirəsini yad edir, hadisə yerinə, eyni zamanda "Hannover-96" klubunun ofisinin qarşısına toplaşan minlərlə futbol azarkeşi şamlar yandırır və gül dəstələri qoyurlar. Almaniya mətbuatı isə Enkenin intihar səbəblərini tapmaq üçün çalışırdı. Məsələn, "Hamburger Morgenpost" qəzetinin əməkdaşlarının fikrincə, Robertin intiharına qızının üç il əvvəlki ölümü səbəb olub. Belə ki, 32 yaşlı qolkiper qızının itkisini indiyə qədər qəbul edə bilməyib və intihar anında özündə olmayıb. "Neue Osnabrücker" qəzeti də intiharı 2 yaşlı qızın ölümü ilə əlaqələndirir. Qəzet eyni zamanda Enkenin karyerasındakı eniş və bu səbəbdən üzərində hiss etdiyi təzyiq nəticəsində depresiyaya düşə biləcəyini də istisna etmir. Bəzi mənbələrin yazdığına görə isə Robert Enke övladlığa götürdüyü qızının da öləcəyi qorxusu ilə yaşayırmış. Bunun üçün o intihar etmək qərarına gəlib. Vida mərasimi “Hannover96”-nın ev oyunlarını keçirdiyi “AWD Arena”da təşkil olunub. Mərasimə Almaniya Futbol Federasiyasının prezidenti Teo Jvanziger və Almaniya yığmasının bütün üzvləri, həmçinin baş məşqçi Yoahim Löv qatılıb. Onun vida mərasiminə 40 mindən çox insan gəlibmiş. Vida mərasimində çıxış edən klub prezidenti Enkenin 1 nömrəli formasını heç kimin geyinməyəcəyini bildirir. O, qızının yanında dəfn olunub. Almaniya Futbol Federasiyası, Bundesliqa və “Hannover 96” klubu Robert Enkenin adını əbədiləşdirmək qərarına gəlib. 2009-cu ilin dekabr ayında qolkiperin adını daşıyan fond yaradılıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm