Narazılığınız yoxdur ki?
Bizi izləyin

İdman

Narazılığınız yoxdur ki?

Narazılığınız yoxdur ki?

Dünya çempionatında qrup mərhələsinin ilk turu yekunlaşdı.

Narazılığınız yoxdur ki? Niyə də olmalıdı? Braziliya stadionlarında sizi qane etməyən nə var? Bol qollu qarşılaşmalar, yüksək sürət, driblinq, texnika, rekordlar və fantastik azarkeşlər.

Gözlənilənlər özünü doğrultdu. Braziliyada komandalar azarkeşlərin istədiklərini veririlər. Amma gözlənilməzliklər də yox deyil. İlk turun oyunlarından sonra komandaların gücü haqda müəyyən mülahizələr yürütmək olar.

Daha bu hesabla yox da...

Sözsüz ki, hər kəsi heyrətləndirən amil son dünya çempionu İspaniyanın ilk turda darmadağın olması idi. Hollandiya sıradan komanda deyil, “narıncılar” hər bir komandanı məğlub etmək iqtidarındadı, o cümlədən İspaniyanı da. Ancaq daha bu hesabla yox da.

İspaniya 4 il əvvəlki komanda deyil, bu, şəksizdi. Komanda qocalıb, əvvəlki təravətini, dinamikliyini və çevikliyini itirib.

Ancaq ilk turdakı məğlubiyyətə görə, İspaniyanı indidən dəfn etməyin də əleyhinəyik. Böyük təcrübə işə yaramalıdı sonrakı turlarda.

“Alman maşını” qüsursuz işləyir

Elə Portuqaliyanın da Almaniya qarşısında darmadağın olması müzakirəyə səbəbə oldu. Bu qarşılaşma göstərdi ki, Portuqaliya kollektiv yox, bir futbolçudan asılı olan komandadı. Ronaldo zərərsizləşdirilincə, Portuqaliya kökdən düşür. “Alman maşını”nda isə bütün mexanizmələr qüsursuz işləyir. Almaniya futbolunun bu nəsli böyük turniri qazanmağa iddialıdı. Portuqaliya ilə qarşılaşmada sərgilənən oyun bu komandanı mundialın əsas favoritinə çevirdi.

Hamı öyrənib, bizdən başqa

Meydan sahibi Braziliyanın oyununda çatşımazlıqlar yetərincədi. Düzdü, “sambaçılar” texnika və yüksək sürət hesabına bu çatışmazlıqları sığortalamağa çalışırlar. Ancaq təkcə Neymardan asılı vəziyyətə salınan Braziliyanın daha hazırlıqlı komandalarla görüşdə işinin asan olmayacağı dəqiqdi.

Sözsüz ki, qrup mərhələsinin ilk turunun əsas sensasiyasını Kosta-Rika yaratdı. Bunu uruqvaylı futbolçuların arxayınçılığı, rəqibə saymazyana münasibəti kimi qələmə verməyin də əleyhinəyik. Kosta-Rika göstərdi ki, artıq planetin istənilən ölkəsində futbol oynamağı bacarırlar. Bu yerdə yəqin ki, “Azərbaycanda nə vaxt bacaracaqlar” sualını verməli olacaqsız. Cavabını bilmədiyimiz sualı cavabsız saxlasaq yaxşıdı.

Hakimlər korlamasa...

Hələ ki, hər şey azarkeşləri qane edən məcrada davam edir. Ancaq bu çempionata kölgə salsa yenə də hakimlər salcaq. Hakim səhvləri ilk turun oyunlarında qaçılmaz oldu. Xüsusən də Xorvatiya ilə qarşılaşmada yapon hakimin meydan sahiblərinin lehinə verdiyi penalti əlavə söz-söhbətə rəvac yaratdı. Belə görünür ki, korrupsiyaya bulaşmış FİFA hansısa komandalara “stavka” etməkdə maraqlıdı.

Yeni texnologiyanın uğuru

FİFA Braziliyada yeni texnologiyanı da sınayır. Artıq bu texnologiyanın tətbiqini uğurlu saymaq olar. Fransa-Honduras qarşılaşmasında məhz yeni texnologiyanın tətbiqi köməyə çatdı. Fransanın vurduğu qolla bağlı yaranan ani çaşqınlıq və şübhə yeni texnologiyanın vasitəsilə aradan qalxdı.

Maraqlı...

1-ci turun 16 qarşılaşmasında qapılara 49 qol vurulub. 6 penalti təyin edilib və hamısı dəqiqliklə yerinə yetirilib. Mundialın ilk sarı vərəqəsi Neymara, ilk qırmızı vərəqəsi isə uruqvaylı Maksi Pereyraya göstərildi. Mundilaın ilk het-triki isə Almaniya millisinin hücumçusu Müllerdən gəldi. İlk avtoqol isə braziliyalı Marselonun adına yazıldı.

Qana-ABŞ oyununda Klint Dempsi 29-cu saniyədə fərqlənməklə mundiallar tarixinin 5-ci ən tez qolunu vurdu.

Natiq Muxtarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm