Neftçi”nin rəhbərliyini biabır elədi: “Bilirəm hardan “vuruldum””
Bizi izləyin

İdman

Neftçi”nin rəhbərliyini biabır elədi: “Bilirəm hardan “vuruldum””

Neftçi”nin rəhbərliyini biabır elədi: “Bilirəm hardan “vuruldum””

Ceyhun Əzizlini futbolda olan, futbola yaxın, bu sahəylə maraqlanan hər kəs tanıyır. Onun öz imkanlarıyla futbolun təbliğatı üçün nələr elədiyini yaxın ətrafı gözəl bilir.

"UltraNeftçi" ilə 3 ildən çox gündəmdə olan Əzizlinin birdən-birə "Neftçi" ilə problemlərinin qabarması aydındı, ancaq nədən, niyə, hardan ortaya çıxması, böyüməsinə, təəssüf ki, tam aydınlıq gəlmədi. Səbəbləri özündən soruşaq: "2004-cü ildən "UltrAslan"la "Qarabağ"a, "Neftçi"yə, "MKT-Araz"a, "Karvan"a, ümumiyyətlə, idmanın növündən asılı olmayaraq, öz imkanımla, bütün klublarımıza hər yöndə dəstək olmuşam. Onların rəhbərliklərindən hər biri məni gözəl tanıyır ki, buna görə heç birindən pul istəməmişəm, özüm eləmişəm.

Mənim "Neftçi"dən maliyyələşdiyimi iddia edənlər də oldu, halbuki, təqdimatı yanlış elədilər. Bəli, mənim rəhbərlik elədiyim fanklub "Neftçi"dən, digərləri kimi, texniki problemlərə görə maddi əməkdaşlıq edib.

Ancaq klubda da bilirlər ki, qalan bütün xərcləri öz cibimdən xərcləmişəm. Yəni mən futboldan maddi xeyir güdməmişəm. Ancaq bu məsələni birdən-birə şişirtdilər və mən az da olsa, bilirəm hardan "vuruldum".

Rəhbərlik elədiyim fanklub ilin ən yaxşısı seçildi. Mənə mükafatı şəxsən Rövnəq Abdullayev təqdim elədi. Məhz ondan sonra özümə qarşı qısqanclıq hiss elədim və hətta təzyiqlər başladı. Mən hiss elədim ki, "Neftçi" rəhbərliyində bu uğuru qazanmağımız kimlərəsə sərf eləmədi. Heç bu uğuru klubun saytında da vermədilər. Niyə?

Mən də belə şeylərdən təsirlənən adamam. Həmişə onlara bunu deyirdim. Necə olur, Ceyhun Əzizli, vaxt var idi, klubun bazasına girəndə, ən əziz adam idi, sonra nədənsə, hətta məni heç bazaya buraxmaq istəmirdilər. Ancaq yenə bazaya girib, sözümü deyirdim.

Məndən tələb eləyirdilər ki, bəyanatla çıxış elə, "İdman Azərbaycan" ifşa elə. Mətbuatda dostların var, de ki, kanal niyə "Neftçi"nin oyunun yaymaq üçün pul istəyir? Deyirdilər, Ruslan Abışovun "Xəzər Lənkəran"a keçməyinə görə onu biabır eləyin. Belə tələblər qoyurdular qabağıma. Mən bunlarla razılaşa bilməzdim.

Problemlər böyüdü. İcarəyə götürdüyümüz ofisin kirayəsini ödəyə bilmədik. Vəziyyətim çətinləşdi. Hansı ki, o ofis bir qərargah kimi idi, çox sayda üzvlərimiz var idi, hamısına üzvlük vəsiqəsi verilməsi, səfərlərin təşkili və başqa çoxlu tədbirləri burada toplaşaraq edirdik. Hətta mən bugünə kimi üzvlərimiz üçün sifariş etdiyimiz 300 forma və o qədər şarfın pulunu tam ödəyə bilməmişəm.

Ofisdə hətta "Neftçi"yə gələn xarici, digər nüfuzlu qonaqlar da göndərilirdi, zəng edirdilər ki, qəbul edin. Biz onlara "Neftçi"ni təbliğ edirdik. Ancaq birdən-birə hər şey əksinə oldu. Belə olacağını da bilirdim. Çünki bu rəhbərliyin istədiyini eləmirdim, demirdim. Öz mövqem var idi. Hər şey çıxdı əlimdən. Ofisin icarə haqqını ödəmək üçün məcbur qalıb, bütün avadanlıqları satdım, borca düşdüm.

Həmin vaxt qohumlarımın köməyi ilə Qazaxıstana getdim. Orda iki ay fəhlə işlədim. Ancaq iki körpə uşağım Bakıda, mən orda - alınmırdı, çox çətin idi. Allah düşmənimi də balasından ayırmasın. O iki aylıq həsrət ömürboyu yadımdan çıxmaz.

Bakıya qayıtmağa məcbur oldum. Dörd ay tikintidə fəhlə işlədim. Fəxr eləyirəm ki, mövqeyimi satmadım. Xeyli çətin günlər yaşadım, şəkər xəstəliyi tapdım." Ceyhun Əzizlinin futbola necə yaxın olduğunu danışdıqlarından da görürsüz. Bu sahədən uzaq düşməyi uzun çəkmədi. Yenidən, aut.az saytı ilə geri dönüb:

“Axı futbola - öz sahəmə geri qayıtdım. Futbolda başqa iş tapa bilmədim, fikirləşdim ki, haqq-ədalətin gizlədildiyi bir vaxtda, hamının sözünü deyə biləcəyi bir tribuna açım. Mən jurnalist deyiləm və ola da bilmərəm. Mən bu saytın rəhbəriyəm və vicdanıma and olsun ki, burda heç bir haqsız yazı olmayacaq. Çünki özüm haqsızlıqla çox qarşılaşmışam. Bu saytda istənilən şəxsin haqlı mövqeyi işqılandırılacaq. (Futbolpress.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm